Azərbaycan Dağlıq Qarabağa dünya təcrübəsində mövcud ən yüksək muxtariyyətin verilməsinə hazırdır

ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti fevralın 20-də Vyanada İtaliyanın bu qurum yanındakı deputat nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə İtaliya nümayəndə heyətinin rəhbəri Rikardo Miqliori bildirmişdir ki, İtaliya ATƏT-in Minsk qrupunun üzvüdür və bu səbəbdən də nümayəndə heyəti sessiya çərçivəsində münaqişənin hər iki tərəfin nümayəndələri ilə ayrı-ayrılıqda görüşərək, Dağlıq Qarabağ probleminin nizamlanması barədə fikirlərini bölüşmək istəyir.

Azərbaycanın İtaliyadakı səfiri Emil Kərimovla görüşünə toxunan R.Miqlioriyə görə, hər iki tərəfin parlamentarları ilə görüşün məqsədi münaqişənin dinc yolla həllinə parlament diplomatiyası səviyyəsində töhfə vermək niyyətidir. Ona görə də münaqişənin həll olunması istiqamətində Azərbaycan tərəfinin mövqeyini öyrənmək İtaliya nümayəndə heyəti üçün maraqlıdır.
Münaqişənin hazırkı vəziyyətinə münasibət bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova demişdir ki, Azərbaycan Helsinki Yekun Aktının prinsip və müddəalarının əldə rəhbər tutulmasını vacib hesab edir. Eyni zamanda, Azərbaycan tərəfi münaqişənin həlli məsələsində dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipini əsas şərt kimi qəbul edir. Milli azlıqların öz müqəddəratını təyinetmə prinsipi yalnız onların yaşadığı dövlətin ərazi bötüvlüyü çərçivəsində reallaşmalıdır. Sözsüz ki, erməni tərəfi hazırkı “status-kvo”nu saxlamaq üçün danışıqları uzatmağa çalışır.

Ermənistan tərəfi çalışır ki, ilk növbədə Dağlıq Qarabağın statusu müəyyən edilsin, sonra başqa məsələlər müzakirəyə çıxarılsın. Azərbaycan tərəfinin mövqeyi isə belədir ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin və ATƏT-in müvafiq sənədlərinin prinsipləri əldə rəhbər tutularaq, əvvəlcə işğal edilmiş ərazilər boşaldılmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına geri dönməli və onların təhlükəsizliyinə zəmanət verildikdən sonra status məsələsinin müzakirəsi mümkündür. Dağlıq Qarabağın öz yurdundan qaçqın düşmüş Azərbaycan icması torpaqlarına geri qayıtmayınca, statusdan danışmaq olmaz. Azərbaycan ATƏT-in Minsk qrupunun vasitəçiliyini vacib sayır, lakin onun fəaliyyətinin səmərəliliyinin artırılmasının tərəfdarıdır.

B.Muradova daha sonra bildirmişdir ki, Azərbaycan BMT-yə üzv qəbul edilərkən Dağlıq Qarabağ ölkənin ayrılmaz tərkib hissəsi kimi tanınmışdır. Azərbaycan öz ərazisini heç kimə güzəştə getməyəcəkdir və Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirmişdir ki, Azərbaycan tərəfi Dağlıq Qarabağa dünya təcrübəsində mövcud ən yüksək muxtariyyətin verilməsinə hazırdır.
İtaliyalı deputatların suallarına cavab olaraq, münaqişə zamanı Azərbaycanın verdiyi qurbanlar, ölkədəki qaçqın və məcburi köçkünlər barədə statistik məlumatlar diqqətə çatdırılmışdır. Münaqişə barədə daha aydın təsəvvür yaranması üçün qeyd edilmişdir ki, ötən həftələrdə Qəzzə bölgəsində gedən döyüşlərdə 20 gün ərzində təxminən 1.200 insan həlak olmuşdusa, Azərbaycanın Xocalı şəhərində Ermənistan hərbi qüvvələri tərəfindən bir gecədə 612 nəfər mülki insan qətlə yetirilmişdir. İtalyanlar kimi qaynar xarakterə malik azərbaycanlılar xalqımıza qarşı törədilmiş bütün bu faciələr və haqsızlıqlardan sonra erməni tərəfi ilə sülh danışıqları aparır və bu, bizim tərəfimizdən edilən ən böyük güzəştdir.

Qeyd edilmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin kökündə dayanan əsas məqsəd milli azlıqların öz müqəddəratını təyinetmə hüququ deyil, Azərbaycan torpaqlarının qəsb edilməsi və hələ də işğal altında saxlanılmasıdır.

İtaliya nümayəndə heyətinin rəhbəri belə bir təklif irəli sürmüşdür ki, ATƏT-in Minsk qrupunun üzvü qismində Romada Azərbaycan və Ermənistan səfirləri ilə görüşündə hər iki ölkənin bu qurum yanında parlament nümayəndə heyətinin rəhbərləri də çıxış etsinlər.

B.Muradova bildirmişdir ki, Azərbaycan tərəfi sülhün bərqərar olmasına yardım edəcək bütün səyləri dəstəkləyir və bu təkliflə bağlı imkanlar nəzərdən keçirilə bilər.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO