Azərbaycan artıq kosmik ölkə olaraq bir sıra beynəlxalq məsələlərdə söz sahibi olacaq

Azərbaycan artıq kosmik ölkə olaraq bir sıra beynəlxalq məsələlərdə söz sahibi olacaq. Bu barədə Trend-ə millət vəkili Azay Quliyev Azərbaycanın peykinin orbitə buraxılmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, şübhəsiz, bu peykin Azərbaycanın beynəlxalq nüfuzuna böyük təsiri olacaq, Azərbaycanın əldə etdiyi bu uğurlarla bu və ya digər formada digər ölkələr də razılaşmalı olacaq.
“Öz peykinə sahib olmaq heç də hər bir dövlətə, hər bir millətə müyəssər olmur. Lakin Azərbaycan belə bir tarixi nailiyyətə imza atdı və bu, Azərbaycanın müstəqilliyinin bir daha təsdiqlənməsidir”, – Quliyev deyib.
O vurğulayıb ki, bu, Azərbaycanın nə qədər qüdrətli, nə qədər inkişaf etmiş və nə qədər 21-ci əsrin sivilizasiyasına uyğun inkişaf kursu götürmüş bir dövlət olduğunun konkret nümunəsidir.
“Azərbaycan bu peykdən ən müxtəlif məqsədlər üçün istifadə edəcək. Bu peyk, ilk növbədə, Azərbaycanı peyk sahibi olan ölkələr sırasına çıxaracaq, yəni beynəlxalq aləmdə nüfuzunu artıracaq. Təsadüfi deyil ki, MDB məkanında Azərbaycan artıq 3-cü ölkədir ki, öz peykinə sahib olur. Bölgədə isə Azərbaycan yeganə ölkədir ki, belə bir uğurlu layihəyə imza atmağı bacardı”, – Quliyev deyib.
Digər tərəfdən, Quliyev hesab edir ki, bu peyk Azərbaycana böyük iqtisadi gəlirlər gətirəcək.
“Bu peyk Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafında müstəsna rol oynayacaq. Azərbaycanın bütovlükdə internetə, informasiyaya çıxışına və bir çox İKT məhsullarının daha tez əldə olunmasına şərait yaradacaq. Şübhə etmirəm ki, Azərbaycan bu sahədə uğurlarını davam etdirəcək”, – millət vəkili deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO