“Azad, Şəffaf, Ədalətli Seçkilər” QHT Koalisiyası monitorinqin nəticələrini açıqlayıb

“Azad, Şəffaf, Ədalətli Seçkilər” QHT Koalisiyası 2008-ci il prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası zamanı aparılan monitorinqin nəticələrini açıqlayıb. Bu barədə seçki2008.info saytına Koalisiyanın mətbuat xidmətindən məlumat verilib. Sentyabrın 7-dən 24-dək aparılan monitorinqin nəticələrinə görə, seçki ilə bağlı mətbuatda dərc olunan materialların azlığı diqqəti cəlb edib. Bu isə prezidentliyə namizədlərin çap mediasına maraqlarının az olması ilə əlaqələndirilib. 6 gündəlik qəzetdə aparılan monitorinqə görə, qeyd olunan müddət ərzində ümumilikdə 141 material dərc edilib. Monitorinq zamanı məlum olub ki, rusdilli qəzetlər daha çox analitik materiallara, Azərbaycan dilli qəzetlər isə əhəmiyyət dərəcəsindən asılı olmayaraq informasiya yaymağa üstünlük verir. Mətbuatda dərc edilən seçki ilə bağlı yazıların 74-ü birbaşa namizədlərin özü ilə bağlı olub. İlham Əliyev haqda 29, İqbal Ağazadə haqda 18, Qüdrət Həsənquliyev haqda 12, Qulamhüseyn Əlibəyli haqda 7, Hafiz Hacıyev haqda 5, Fazil Qəzənfəroğlu haqda 2, Fuad Əliyev haqda 1 yazı dərc edilib. Yazıların bir hissəsi namizədlərin lehinə, digər hissəsi isə əleyhinə olub. Koalisiyanın hesabatında təbliğat-təşviqat kampaniyasının bir hissəsinin geridə qalmasına baxmayaraq, hələ də namizədlərin geniş təbliğatı və platformasına rast gəlinmədiyin bildirilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO