Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək

Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin və digər komitələrin birgə iclasında müzakirəyə çıxarılan yeni “Elm haqqında” qanun layihəsində əksini tapıb.

Bundan əvvəl Milli Məclisin Elm və təhsil komitəsinin üzvi Musa Qasımlı Trend-ə bildirib ki, yeni hazırlanan “Elm haqqında” qanun layihəsində elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun təmin edilməsini dövlət öz üzərinə götürür. Möhlət hüququnun verilməsində məqsəd təhsilin fasiləsizliyini təmin etməkdir.

M.Qasımlı deyib ki, möhlət hüququnun olması hərbi xidmətdən azad edilmək anlamına gəlmir. Möhlət hüququ bitdikdən sonra həmin şəxslər Vətən qarşısında öz borclarını verməlidirlər: “Əgər tələbə magistraturada oxuyursa, ona təhsil aldığı iki il üçün möhlət hüququ verilir. Magistraturanı bitirən kimi, o, həqiqi hərbi xidmətə çağırılır”.

Qeyd edək ki, magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi bir neçə dəfə Milli Məclisdə qaldırılsa da, bu məsələ qanunvericiliyə daxil edilməmışdı.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO