Avropa Parlamentinin komitə sədri Heydər Əliyev Mərkəzində olub

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Elmar Brok mayın 24-də Heydər Əliyev Mərkəzində olub.

Mərkəzdən cümə günü Trend-ə verilən məlumata görə, qonağa Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri, eləcə də Mərkəzin dünya memarlıq inciləri sırasında olan binası barədə məlumat verilib.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasəti və irsinin öyrənilməsi, təbliği istiqamətində fəaliyyət göstərdiyini bildirib. Mərkəzin, həmçinin Azərbaycanın tarixi, mədəniyyətinin dünyada tanıdılması baxımından layihələr həyata keçirdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Heydər Əliyev Mərkəzi artıq beynəlxalq konfranslar və araşdırma mərkəzi kimi tanınır. Mərkəz ötən müddət ərzində bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib.

Elmar Brok, həmçinin Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olub. Bildirilib ki, Heydər Əliyev irsinin tədqiqi baxımından Muzey zəngin məlumat bazası rolunu oynayır. Muzeydə Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən video və foto materiallar təqdim edilir.

Elmar Broka ümummilli lider Heydər Əliyevin Azərbaycanın və regionun inkişafı baxımından həyata keçirdiyi layihələr barədə məlumat verilib. Bu sırada Muzeydə təqdim olunan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin interaktiv xəritəsi qonaqda maraq doğurub. Xəritədə Bakı-Tbilisi-Ceyhan layihəsi və onun əhəmiyyəti, boru kəmərinin keçdiyi ərazilər barədə geniş məlumat verilir.

Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Elmar Brok Heydər Əliyev Mərkəzi tərəfindən həyata keçirilən layihələrdən məmnun qaldığını bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO