ATƏT, AŞ PA və Avropa Parlamentinin seçkilərlə bağlı ilkin rəyi

ATƏT, AŞ PA və Avropa Parlamentinin seçkilərlə bağlı ilkin rəyi
APA-nın xəbərinə görə, rəydə göstərilib ki, seçkilər ATƏT və Avropa Şurasının öhdəlik və standartlarına, eləcə də Azərbaycan milli qanunvericiliyinə uyğun demokratik seçkilər kimi qiymətləndirilir.
Rəydə yazılana görə, bu ilkin qiymətləndirmə bəyanatı seçki prosesinin sona çatmasına qədər olan bəyanatdır: “Seçkilərlə bağlı yekun qiymətləndirmə seçki günündən sonrakı mümkün şikayət və ərizələrin nəzərdən keçirilməsi və nəticələrin elan olunması da daxil olmaqla seçki prosesinin qalan mərhələlərindən də asılı olacaq. ATƏT və ADTİHB təkmilləşmə ilə əlaqədar məsləhətlər də daxil olmaqla geniş yekun hesabatını seçki prosesinin sona çatmasından təxminən iki ay sonra açıqlayacaq. AŞ PA nümayəndə heyəti isə öz hesabatını növbəti plenar sessiyasında təqdim edəcək”.
Rəyin tam mətnində qeyd olunub ki, seçkilərdə ATƏT və Avropa Şurası öhdəliklərinə, tələblərinə və digər beynəlxalq standartlara cavab verib və bu istiqamətdə nəzərəçarpacaq irəliləyişdir. Amma bu heç də bütün tələblərə cavab vermək demək deyil: “ Seçkilər sakit ab-havada keçib. Lakin media vasitəsi ilə güclü rəqabət və qızğın siyasi müzakirələrin çatışmazlığı baxımından heç də bütün demokratik seçki prinsiplərini özündə əks etdirmir. Təəssüflər olsun ki, bir sıra müxalifət partiyaları bərabər imkanlar yaradılmamasını əsas gətirərək, seçkiləri boykot edib.
MSK seçkiləri yüksək səviyyədə təşkil edib. Media və müşahidəçilər üçün açıq iclaslar keçirib, öz qərarlarını internet səhifəsində yerləşdirib, seçki maarifləndirilməsi işi aparıb.
Hakimiyyət orqanları bütün namizədlər üçün daha bərabər şəraitlərin yaradılması məqsədi ilə müəyyən səylər göstəriblər. Hazırkı prezident digər namizədlərə daha çox imkanlar vermək arzusunu bildirərək, şəxsən kampaniyasını aparmamaq qərarına gəlib.
Digər namizədlər isə kiçik ictimai dəstəyə nail ola bilib. Onların əsas hissəsi seçicilərə alternativ fikirləri effektiv şəkildə təqdim edə biləcək və milli səviyyədə kampaniya aparmaq imkanında olan strukturlara malik deyillər.
Ümumilikdə isə seçki kampaniyasına məhdud ictimai maraq olub.
Namizədlərə böyük maneələr olmadan öz mesajlarını çatdırmaq imkanı verilsə də, bəzi rayonlarda YAP-dan başqa digərləri pərakəndə seçki kampaniyası aparıb və ya ümumiyyətlə aparmayıb.
Bəzi telekanallarda seçki kampaniyası yalnız xəbər proqramları ilə məhdudlaşdırılıb.
Seçki günü ümumiyyətlə sakit və dinc keçib. Müşahidəçilərin verdikləri hesabatlarda seçicilərin böyük sayla seçkilərə gəlməsi qeyd olunub.
Səfər edilmiş seçki məntəqələrinin 88 faizində açılış prosedurları müsbət qiymətləndirilib. Lakin çatışmazlıqlar, o cümlədən seçki qutularında möhürlərin seriya nömrəsinin göstərilməməsi tez-tez qeydə alınıb.
Beynəlxalq missiyanın müşahidəçilərinin səfər etdikləri seçki məntəqələrinin 94 faizində səsvermə prosesi yaxşı və ya çox yaxşı kimi qiymətləndirilib. Prosesin yaxşı və etibarlı olduğu bildirilib.
Müşahidə missiyası qeyd edib ki, Seçki Məcəlləsinin edilmiş son düzəlişlərdə əvvəlki tövsiyələr xüsusən də seçici barmağının mürəkkəbə batırılması, seçici siyahısının şəffaf olması və seçki prosesinə müdaxilələrin qadağan olunması qismən nəzərə alınıb. Namizədlərə pulsuz efir imkanı yaradılıb, lakin hazırkı prezidentin debatlarda iştirak etməməsi onun effektivliyini azaldıb.
Prezident seçkidən öncə öz portretlərinin və lövhədəki şəkillərinin çıxarılması barədə göstəriş verib, bütün namizədlər üçün bərabər şərait yaradılmasının zəruriliyini bildirib.
Seçki kampaniyası zorakılıq olmayan mühitdə aparılıb. Hakimiyyət orqanları seçkinin idarə edilməsi işinə müdaxilə etməyiblər.
Seçici siyahıları qanunun tələb etdiyi müddətdə ictimaiyyətə təqdim olunub. Bu siyahılarda ciddi problemlər və təhriflər müşahidə olunmayıb. Prosesin şəffaflığı çoxlu sayda bitərəf və beynəlxalq müşahidəçilərin akkreditasiyası ilə gücləndirilib.
Müşahidə missiyası bəzi çatışmazlıqları da qeyd edib. Bu sırada seçki komissiyalarının tərkibi, Seçki Məcəlləsində namizədlərin qeydə alınması, medianın prosesi işıqlandırması, şikayətlər və apelyasiya prosedurları ilə bağlı həll edilməmiş məsələlər olduğu qeyd edilib.
Həmçinin Bakı meriyasının seçkilərdə iştirak etməyən müxalifət partiyalarına şəhərin mərkəzində mitinq keçirmək icazəsi verməməsi, hərbçilər arasında səsvermənin təşkilinin seçki orqanlarının tam nəzarəti altında olmaması, şikayətlərin az olmasına baxmayaraq, MSK-nın bütün şikayətlər üzrə qanunla nəzərdə tutulan vaxt çərçivəsində qərarlar çıxara bilməməsi qeyd olunub.
Seçki məntəqələrinin açılması, mürəkkəbə batırılma, məxfiliyin pozulması prosesində müəyyən çatışmazlıqlar olduğu da qeyd edilib.
Beynəlxalq missiya daha sonra seçki ilə bağlı əvvəlki hesabatlarını qeyd edib və seçkiləri müşahidə məqsədi ilə olan dəvət görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
Beynəlxalq Seçki Müşahidə Missiyasında təmsil olunan institutlar Azərbaycan Respublikası hökumətinə əməkdaşlıqlarına və demokratik seçkilərin keçirilməsinə dəstəklərini davam etdirməyə hazır olduqları üçün minnətdarlığını bildirir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO