“AR-nın ərazi vahidlərinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında AR Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 853-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 148 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəçəkmə Komitəsi 15 gün müddətində “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın 8.8-ci bəndində nəzərdə tutulmuş sənədlərin nümunəvi formasını təsdiq etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2010-cu il
¹ 218

Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 10 fevral tarixli 218 nömrəli
Fərmanı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası [2]

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 853-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 148 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması qaydasını müəyyən edir.
1.2. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, «Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında», «Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında», «Geodeziya və kartoqrafiya haqqında» Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə»nin, bu Qaydanın və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (bundan sonra – DTXK) tərəfindən hazırlanır.

2. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələri

2.1. Ərazi vahidlərinin, nzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələri «Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında» Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə»də və qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda hazırlanır və ərazidə yerləşən yaşayış məntəqələri, onların adı, poçt şöbəsi, dəmir yolu və şose yolları, çaylar, magistral su kanalları və ya kollektorları, magistral neft və qaz kəmərləri, dəmir yol stansiyaları, dövlət mülkiyyətində olan torpaqlar və sərhədinin qonşuluqlarını müəyyənləşdirən döngə nöqtələri göstərilməklə (inzibati ərazi dairəsinə daxil olan şəhər, qəsəbə və kəndlərin sərhədləri ayrı-ayrılıqda müəyyənləşdirilir), onların ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə qədər olduqda – 1:5000, 4 kv.km-dən 25 kv.km-ə qədər olduqda – 1:10000, 25 kv.km-dən 100 kv.km-ə qədər olduqda – 1:25000, 100 kv.km-dən artıq olduqda – 1:50000 miqyasda tərtib edilir.
2.2. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələri hazırlanarkən aşağıdakılara istinad edilir:
2.2.1. Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə dəyişikliklər edilməsi barədə qanunvericilik aktları;
2.2.2. «Azərbaycan SSR rayonlarının dürüstləşdirilmiş sərhədlərinin qrafik təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1960-cı il 24 mart tarixli 13 nömrəli Fərmanı ilə təsdiq edilmiş növbətçi xəritə;
2.2.3. Ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmiş ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin həmin reyestrdə saxlanılan xəritələri;
2.2.4. müvafiq ərazi vahidi, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin topoqrafik, torpaq kadastrı, yerquruluşu, meşə quruluşu (ortofotoplan, bələdiyyələrin hüdudlarına dair xəritələr, torpaq islahatına dair kompleks yerquruluşu layihələri (sxemləri) və s.) plan və xəritələri;
2.2.5. Dövlət torpaq kadastrının məlumatları;
2.2.6. qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər.

3. Ərazi vahidləri, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması mərhələləri

3.1. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması aşağıdakı mərhələlər üzrə aparılır:
3.1.1. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi;
3.1.2. xəritələrin və digər sənədlərin hazırlanması, razılaşdırılması və təsdiq edilməsi;
3.1.3. sərhədinin qonşuluqlarını müəyyənləşdirən bütün döngə nöqtələri (sərhəd xətti boyunca əsas istinad döngə nöqtələri və onlar arasında müəyyənləşdirilmiş digər nöqtələr) arasındakı məsafələri və onların koordinatlarını əks etdirən yerquruluşu sənədlər qovluğunun (bundan sonra – yerquruluşu sənədlər qovluğu) hazırlanması;
3.1.4. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin torpaq sahələri kimi Dövlət torpaq kadastrının aparılması.

4. Çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi

4.1. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması ilə bağlı müəyyən edilmiş qaydada müraciət daxil olduğu gündən 3 (üç) gün müddətində DTXK-si tərəfindən onların sərhədlərinin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi məqsədi ilə ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin yerində müəyyən edilməsi və razılaşdırılması işlərinin başlanma vaxtı barədə həmin ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin yerləşdiyi rayon və ya şəhər icra hakimiyyəti orqanına bildiriş göndərilir. Bildiriş işlərə başlamazdan azı 5 (beş) gün əvvəl göndərilir.
4.2. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi DTXK-nın ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin yerləşdiyi rayon, şəhər şöbəsi nümayəndəsinin, xəritəsi hazırlanmalı inzibati ərazi dairəsi (şəhər, qəsəbə, kənd ərazi vahidinə münasibətdə – onun daxil olduğu inzibati ərazi dairəsi) və ya sahə inzibati ərazi dairəsi üzrə, eləcə də onun həmsərhəd olduğu digər inzibati ərazi dairəsi və (və ya) sahə inzibati ərazi dairəsi üzrə müvafiq rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsinin iştirakı ilə DTXK-nın müvafiq struktur bölməsinin mütəxəssisi tərəfindən həyata keçirilir. Ərazi vahidi, inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi digər inzibati ərazi vahidi (rayon, şəhər) ilə həmsərhəd olduqda, həmsərhəd hissəyə aid koordinatların müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi, həmçinin DTXK-nın həmsərhəd rayon, şəhər şöbəsi nümayəndəsinin, habelə həmsərhəd inzibati ərazi dairəsi və ya sahə inzibati ərazi dairəsi üzrə müvafiq rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsinin iştirakı ilə, rayon, şəhər və şəhər rayonu inzibati ərazi vahidinin xəritəsi hazırlandığı hallarda isə həmçinin həmsərhəd rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçılarının təyin etdikləri şəxslərin iştirakı ilə həyata keçirilir.[3]
4.3. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işləri yerinə yetirilərkən bu Qaydanın 4.2.-ci bəndində göstərilən şəxslərin iştirakı ilə sərhədin dövlət geodeziya-istinad məntəqələrindən və (və ya) dayaq mərz nişanlarından istifadə etməklə, 1-ci döngə nöqtəsindən başlayaraq, xüsusi avadanlıq (geodeziya-ölçmə alətləri) vasitəsilə düzxətli sərhəd boyunca hər biri digərindən 500 metrdən çox olmamaqla döngə nöqtələri, onların koordinatları və arasındakı məsafələr müəyyən edilir.
4.4. Ərazi vahidləri, inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri arasındakı həmsərhəd hissələr üzrə müəyyən edilmiş döngə nöqtələrinin koordinatları və onların arasındakı məsafələr mövcud dövlət torpaq kadastrı sənədlərindəki məlumatlarla dəqiqləşdirildikdən sonra ərazi vahidi, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin sərhədinin qonşuluqlarını müəyyənləşdirən döngə nöqtələrini, onların koordinatlarını və arasındakı məsafələri əks etdirən sərhədlərin döngə nöqtələrinin yerləşmə sxemi (abris), habelə sərhəd təsviri protokolu tərtib edilir. Həmin sənədlər bu Qaydanın 4.2-ci bəndində göstərilən şəxslər tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
4.5. Ərazi vahidləri, inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri arasındakı qonşuluq üzrə sərhəd xətti mühəndis qurğularından və təbii sərhədlərdən (dəmiryol, şose və digər yollar, kanallar, kollektorlar, çaylar, meşə zolaqları və s.) ibarət olduqda və ya həmin elementlər sərhəd xəttini kəsdikdə, onların adları ərazi vahidinin sərhədlərinin döngə nöqtələrinin yerləşmə sxemində (abrisdə) və sərhəd təsviri protokolunda göstərilir.
4.6. Ərazi vahidləri, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələri sərhədlərinin əsas istinad döngə nöqtələrinə qoyulmuş (basdırılmış) mərz nişanlarının koordinatlarının müəyyən edilməsində olan dəqiqlik qonşu torpaq istifadəçilərinin ərazilərinin sərhədinin xarakterik nöqtələrinin koordinatlarının müəyyən edilməsi üçün zəruri olan dəqiqliyi təmin etməlidir.
4.7. Sərhədlərinin koordinatlarının müəyyən edilməsi və çöl tədqiqat işləri başa çatdırılmış ərazi vahidlərinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin sərhədlərinin əsas istinad döngə nöqtələrində mərz nişanları qoyulur (basdırılır) və bu barədə bu Qaydanın 4.2-ci bəndində göstərilən şəxslər tərəfindən imzalanan akt tərtib edilir. Mərz nişanları mühafizə üçün müvafiq inzibati ərazi dairəsi üzrə rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsinə (nümayəndələrinə) təhvil verilir. [4]
4.8. Ərazisi xüsusi təyinatla istifadə olunan (dövlət sərhəd zolağı, hərbi poliqonlar, hərbi hissələr, hərbi aerodromlar, elektrik stansiyaları və s.) ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədinin xarakterik döngə nöqtələrində daimi mərz nişanları qoyulmur (basdırılmır). Bu halda həmin mərz nişanlarının əvəzinə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tanıdıcı (məlumatlandırıcı) və ya digər xəbərdaredici nişanlar qoyulur.
4.9. Ərazi vahidlərinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi zamanı sərhədlərdə aşkar olunmuş uyğunsuzluqlar (sərhədlərin müəyyən edilməsi üçün bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan sənədlərdəki sərhədlərlə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar) bu Qaydanın 4.2-ci bəndində göstərilən şəxslər tərəfindən imzalanan aktla rəsmiləşdirilir və ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin xəritəsinin hazırlanması ilə bağlı işlər sərhədlərin digər hissəsində davam etdirilir. Aktın surəti sərhədində uyğunsuzluqlar aşkar edilmiş ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin yerləşdiyi rayon və şəhər icra hakimiyyəti orqanına (orqanlarına) təqdim edilir.
4.10. Bu Qaydanın 4.9-cu bəndində nəzərdə tutulmuş uyğunsuzluqlarla bağlı mübahisələr Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü və 104-cü maddələrinə uyğun olaraq həll edilir.

5. Xəritələrin və digər sənədlərin hazırlanması, razılaşdırılması və təsdiq edilməsi

5.1. Sərhədlərinin koordinatlarının müəyyən edilmiş, çöl tədqiqat və mərzçəkmə işləri başa çatdırılmış ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin ərazidə yerləşən yaşayış məntəqələri (şəhər, qəsəbə, kənd) və onların adı, poçt şöbəsi, dəmir yolu və şose yolları, çaylar, magistral su kanalları və ya kollektorları, magistral neft, qaz və su kəmərləri, dəmir yol stansiyaları, dövlət mülkiyyətində olan torpaqların və onların sərhədinin qonşuluqlarını müəyyənləşdirən döngə nöqtələrini (inzibati ərazi dairəsinə daxil olan şəhər, qəsəbə və kəndlərin sərhədləri ayrı-ayrılıqda müəyyən edilir) əks etdirən, onların ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə qədər olduqda – 1:5000 miqyasda, 4 kv.km-dən 25 kv.km-ə qədər olduqda – 1:10000 miqyasda, 25 kv.km-dən 100 kv.km-ə qədər olduqda – 1:25000 miqyasda, 100 kv.km-dən artıq olduqda isə – 1:50000 miqyasda xəritəsi tərtib edilir.
5.2. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritəsində bu Qaydanın 6.1-ci bəndində göstərilənlərlə yanaşı aşağıdakılar öz əksini tapmalıdır:
5.2.1. ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin, onun daxil olduğu rayon, şəhər, şəhər rayonunun adı;
5.2.2. Azərbaycan Respublikasının dövlət sərhədinin ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin sərhədini təşkil etdiyi hissəsi;
5.2.3. inzibati ərazi vahidinin (rayon, şəhər, şəhər rayonu) sərhədinin ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin sərhədini təşkil etdiyi hissəsi;
5.2.4. inzibati ərazi dairəsinə daxil olan ərazi vahidləri (şəhər, qəsəbə, kənd) və onların sərhədləri;
5.2.5. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin ayrıca hissələri və onların sərhədləri;
5.2.6. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhəddaxili ümumi sahəsi (kv.km-lə, ayrıca hissələr daxil olmaqla);
5.2.7. dövlət mülkiyyətində olan torpaqların ümumi sahəsi (kv.km-lə);
5.2.8. inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinin (şəhər, qəsəbə, kənd) ayrı-ayrılıqda sahələri (kv.km-lə);
5.2.9. qonşuluqları bildirən hərfi işarələr;
5.2.10. sərhədlərin döngə nöqtələri və onların nömrələri;
5.2.11. qonşu torpaq istifadəçiləri;
5.2.12. şərti işarələr;
5.2.13. xəritənin tərtib olunma tarixi.
5.3. Elektron daşıyıcıda tərtib edilmiş xəritədə bu Qaydanın 5.1-ci və 5.2-ci bəndlərində göstərilənlərlə yanaşı aşağıdakılar öz əksini tapmalıdır:
5.3.1. bütün döngə nöqtələrinin siyahısı, onların koordinatları və onlar arasındakı məsafələr;
5.3.2. koordinat toru (1 km-lik);
5.3.3. koordinatların görünüşü;
5.3.4. koordinat sistemi: WGS84;
5.3.5. xəritə proyeksiyası: UTM.
5.4. Ərazi vahidləri, inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri arasındakı qonşuluq üzrə sərhəd xətti mühəndis qurğularından və təbii sərhədlərdən (dəmir yol, şose və digər yollar, kanallar, kollektorlar, çaylar, meşə zolaqları və s.) ibarət olduqda, eləcə də həmin elementlər sərhəd xəttini kəsdikdə, onların adları tərtib olunmuş xəritədə göstərilir.
5.5. Ərazi vahidinin qeydə alınması (yaradılması), onların sərhədlərində dəyişikliklər edilməsi təklifi ilə bağlı hazırlanmış xəritədə qeydə alınma (yaradılma) və dəyişikliklər nəticəsində müəyyən ediləcək sərhədlər ayrıca göstərilir.
5.6. Ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin kağız üzərində tərtib edilmiş xəritəsi onun yerləşdiyi müvafiq rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin başçısı, DTXK-nın rayon (şəhər) şöbəsinin nümayəndəsi, inzibati ərazi dairəsi (şəhər, qəsəbə, kənd ərazi vahidinə münasibətdə – onun daxil olduğu inzibati ərazi dairəsi üzrə), eləcə də onun həmsərhəd olduğu digər inzibati ərazi dairəsi üzrə müvafiq rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndələri ilə, habelə ərazi vahidi, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin həmsərhəd olduğu digər inzibati ərazi vahidi – rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin başçısı, DTXK-nın rayon (şəhər) şöbəsinin nümayəndəsi ilə razılaşdırılır, onlar tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
5.7. Bu Qaydaya uyğun olaraq hazırlanmış ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritəsi DTXK-nın sədri tərəfindən imzalanır və DTXK-nın möhürü ilə təsdiq edilir.

6. Yerquruluşu sənədlər qovluğunun hazırlanması

6.1. Bu Qaydaya uyğun olaraq hazırlanmış ərazi vahidlərinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin xəritəsinə onların qonşuluqlarını müəyyənləşdirən bütün döngə nöqtələri (sərhəd xətti boyunca əsas istinad döngə nöqtələri və onlar arasında müəyyənləşdirilmiş digər nöqtələr) arasındakı məsafələri və onların koordinatlarını əks etdirən yerquruluşu sənədlər qovluğu əlavə edilir.
6.2. Yerquruluşu sənədlər qovluğu ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinə aid olaraq 3 (üç) nüsxədə hazırlanır və aşağıdakı sənədlər daxil edilir:
6.2.1. qovluqda olan sənədlərin siyahısı;
6.2.2. dövlət geodeziya-istinad məntəqələrinin və dayaq mərz nişanlarının adları və koordinatları;
6.2.3. bu Qaydanın 4.4-cü bəndində nəzərdə tutulan ərazi vahidinin sərhədlərinin döngə nöqtələrinin yerləşmə sxemi (abris), sərhəd təsviri protokolu;
6.2.4. bu Qaydanın 4.7-ci bəndində nəzərdə tutulan mərz nişanlarının qoyulması (basdırılması) barədə akt;
6.2.5. bu Qaydanın 4.9-cu bəndində nəzərdə tutulan uyğunsuzluq aktları.

7. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin torpaq sahəsi kimi dövlət torpaq kadastrının aparılması

7.1. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin torpaq sahəsi kimi Dövlət torpaq kadastrı DTXK tərəfindən aparılır.
7.2. Ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmiş ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrində onların ərazisi (o cümlədən sərhədləri, döngə nöqtələri və onların koordinatları) barədə məlumatlar Dövlət torpaq kadastrının aparılması üçün əsas götürülür.

8. Yekun müddəalar

8.1. Qeydə alınması (yaradılması) və müvafiq dəyişikliklər edilməsi təklif olunan ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələri (hər biri 2 (iki) nüsxədə olmaqla) müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanına təqdim edilir.
8.2. Rayon və şəhər icra hakimiyyəti orqanları mövcud ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilməsi və onlara şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Milli Məclisi Aparatının müvafiq struktur bölməsinin bu barədə məktubu daxil olduğu vaxtdan 60 gün ərzində DTXK tərəfindən təsdiq edilmiş ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin elektron daşıyıcıda (disk, disket və s.) və kağız üzərində (iki nüsxədə) xəritəsini (xəritənin əlavəsi olan yerquruluşu sənədlər qovluğu ilə birlikdə) Azərbaycan Respublikası Milli Məclisi Aparatının müvafiq struktur bölməsinə təqdim edir.
8.3. Rayon və şəhər icra hakimiyyəti qeydə alınmış ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilməsi və Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin 6.4-cü, 6.5-ci, 6.6-cı, 6.7-ci, 6.8-ci, 6.9-cu və 6.10-cu maddələrinə uyğun olaraq, Dövlət reyestrində onlara dair müvafiq qeydlərin aparılması və şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Milli Məclisi Aparatının müvafiq struktur bölməsinin bu barədə məktubu daxil olduğu vaxtdan 30 gün ərzində DTXK tərəfindən təsdiq edilmiş ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin elektron daşıyıcıda (disk, disket və s.) və kağız üzərində (iki nüsxədə) xəritəsini (xəritənin əlavəsi olan yerquruluşu sənədlər qovluğu ilə birlikdə) Azərbaycan Respublikası Milli Məclisinə təqdim edir. [5]
8.4. Ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmiş ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərində dəyişikliklər edilməsi təklifi ilə bağlı onların xəritələri hazırlandıqda, bu Qaydanın 4.1-4.9-cu bəndlərində nəzərdə tutulmuş çöl tədqiqat və mərzçəkmə işləri ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin sərhədlərinin yalnız dəyişikliklər edilməsi təklif edilən hissəsində aparılır.
8.5. Qanunvericiliyə uyğun olaraq qeydə alınması (yaradılması), sərhədlərinin müəyyən edilməsi və ya dəyişdirilməsi, statusunun müəyyən edilməsi və dəyişdirilməsi təklif olunan, habelə Ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi və ya Dövlət reyestrində onlara dair müvafiq qeydlərin aparılması üçün hazırlanması tələb olunan ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritəsi 4 (dörd) nüsxədə tərtib edilir.
8.6. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin bir nüsxəsi (xəritəyə əlavə edilmiş yerquruluşu sənədlər qovluğu ilə birlikdə) xidməti istifadə üçün DTXK-nın Dövlət torpaq kadastrı fonduna, digər bir nüsxəsi (xəritəyə əlavə edilmiş yerquruluşu sənədlər qovluğu ilə birlikdə) isə saxlanmaq üçün DTXK-nın müvafiq struktur bölməsinin arxivinə verilir.
8.7. Ərazi vahidləri, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritəsinin bu Qaydaya uyğun olaraq hazırlanması ilə bağlı işlərin yerinə yetirilməsi üçün müəyyən edilmiş qaydada xərclər smetası tərtib edilir.
8.8. Bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş bildirişin, 4.4-cü bəndində nəzərdə tutulmuş sərhədlərin döngə nöqtələrinin yerləşmə sxemi (abris) və sərhəd təsviri protokolunun, 4.7-ci bəndində nəzərdə tutulmuş ərazi vahidlərinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin sərhədlərinin əsas istinad döngə nöqtələrində mərz nişanları qoyulması (basdırılması) barədə aktın, 4.9-cu bəndində nəzərdə tutulmuş uyğunsuzluqlar barədə aktın nümunəvi forması DTXK tərəfindən təsdiq edilir.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

6 fevral 2013-cü il tarixli 824 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 07 fevral 2013-cü il, ¹ 28, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, ¹ 31)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 6 fevral 2013-cü il tarixli 824 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 07 fevral 2013-cü il, ¹ 28, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, ¹ 31) ilə Fərmanın adında, 1-ci və 2-ci hissələrində “ərazi vahidlərinin və inzibati ərazi dairələrinin” sözləri “ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin” sözləri ilə əvəz edilmişdir.

[2] 6 fevral 2013-cü il tarixli 824 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 07 fevral 2013-cü il, ¹ 28, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, ¹ 31) ilə “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın adında və mətnində (4.2-ci və 8.3-cü bəndlər istisna olmaqla) ismin müvafiq hallarında “ərazi vahidi və inzibati ərazi dairəsi” sözləri “ərazi vahidi, inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi” sözləri ilə, “ərazi vahidləri və inzibati ərazi dairələri” sözləri “ərazi vahidləri, inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri” sözləri ilə əvəz edilmişdir.

[3] 6 fevral 2013-cü il tarixli 824 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 07 fevral 2013-cü il, ¹ 28, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, ¹ 31) ilə “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın 4.2-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:
4.2. Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi DTXK-nın müvafiq struktur bölməsinin mütəxəssisi tərəfindən DTXK-nın ərazi vahidinin və inzibati ərazi dairəsinin yerləşdiyi rayon, şəhər şöbəsinin nümayəndəsinin, xəritəsi hazırlanmalı inzibati ərazi dairəsi (şəhər, qəsəbə, kənd ərazi vahidinə münasibətdə – onun daxil olduğu inzibati ərazi dairəsi) üzrə, eləcə də onun həmsərhəd olduğu digər inzibati ərazi dairəsi üzrə müvafiq rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyətinin başçısının nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Ərazi vahidi və inzibati ərazi dairəsi digər inzibati ərazi vahidi (rayon, şəhər) ilə həmsərhəd olduqda, həmsərhəd hissəyə aid koordinatların müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi, həmçinin DTXK-nın həmsərhəd rayon, şəhər şöbəsinin nümayəndəsinin, habelə həmsərhəd inzibati ərazi dairəsi üzrə müvafiq rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsinin iştirakı ilə, rayon, şəhər və şəhər rayonu inzibati ərazi vahidinin xəritəsinin hazırlandığı hallarda isə həmçinin həmsərhəd rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçılarının təyin etdikləri şəxslərin iştirakı ilə həyata keçirilir.

[4] 6 fevral 2013-cü il tarixli 824 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 07 fevral 2013-cü il, ¹ 28, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, ¹ 31) ilə “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın 4.7-ci və 8.8-ci bəndlərdə “ərazi vahidləri və” sözləri “ərazi vahidlərinin, inzibati ərazi dairəsinin və sahə” sözləri ilə, 6.1-ci bənddə “ərazi vahidlərinin və” sözləri “ərazi vahidlərinin, inzibati ərazi dairəsinin və sahə” sözləri ilə əvəz edilmişdir.

[5] 6 fevral 2013-cü il tarixli 824 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 07 fevral 2013-cü il, ¹ 28, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, ¹ 31) ilə “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın 8.3-cü bənddə “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin” sözləri “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin” sözləri ilə, “bəndlərinə” sözü “maddələrinə” sözü ilə, “ərazi vahidlərinin və inzibati ərazi dairələrinin” sözləri “ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin” sözləri ilə və “ərazi vahidinin və inzibati ərazi dairəsinin” sözləri “ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin” sözləri ilə əvəz edilmişdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO