AŞPA AZƏRBAYCANA 10 NƏFƏRLİK MÜŞAHİDƏÇİ QRUPU GÖNDƏRƏCƏK

Yanvarın 30-da Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başa çatdıqdan sonra qurumun büro iclası keçirilmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirmişdir ki, büroda qış sessiyasına yekun vurulmuş, müzakirə olunan məsələlərə münasibət bildirilmişdir. Büro üzvləri martın 18-də Azərbaycanda keçiriləcək referenduma Avropa Şurasının (AŞ) deputatlarından ibarət müşahidəçilərin göndərilməsi ətrafında fikir mübadiləsi aparmışlar. Qeyd olunmuşdur ki, martın 18-dək AŞ-da hər hansı bir yığıncaq keçirilmədiyindən qurumun Azərbaycana geniş tərkibdə müşahidəçi göndərməsi qeyri-mümkündür və digər tərəfdən buna o qədər də ehtiyac olmadığı bəyan edilmişdir. Ona görə də AŞPA-nın tanınmış və təcrübəli deputatlardan ibrət 10 nəfərlik müşahidəçi qrupunun göndərilməsi qərara alınmışdır. AŞPA-nın Monitorinq Komitəsi isə Konstitusiyaya təklif olunmuş dəyişikliklərlə bağlı məsələləri Venesiya Komissiyasına göndərəcəkdir. Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi Venesiya Komissiyasının təkliflərinə həmişə hörmətlə yanaşmışdır. Biz sadəcə olaraq, bu komissiya ilə məsləhətləşməliyik. Bununla yanaşı, bildirmək istəyirəm ki, referendum Azərbaycan xalqına müraciət olunmuş məsələdir və məhz xalq martın 18-də bu məsələyə münasibət və mövqeyini bildirəcəkdir.
Nümayəndə heyətinin başçısı əlavə etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin fəaliyyətinin bərpa edilməsi AŞPA rəhbərliyinin diqqət mərkəzində olsa da, büroda bü məsələ müzakirə edilməmişdir. (AzərTAc)

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO