İşğaldan azad edilən ərazilərdə hələ də insan həyatı üçün hər an təhlükəli sayılan sahələr var.
Trend EL TV-yə istinadən xəbər verir ki, ərazilərimizin partlamamış hərbi sursatlardan təmizlənməsi işi davam etdirilir. ANAMA-nın rəhbərliyi altında fəaliyyət göstərən “DAYAQ” Qeyri- hökumət Humanitar Yardım Təşkilatının əməkdaşları daha bir neçə hərbi sursat aşkarlayıb.
Partlayıcılar Agdam rayonunun Ergi düzündəki “Pişikli dərə” adlanan ərazisində aparılan təmizləmə işləri zamanı tapılıb. Xatırladaq ki,Qarabağ savaşı zamanı Ergi düzü ağır zirehli texnikanın hərəkəti üçün əlverişli olduğundan, bu ərazidə əsasən tank əleyhinə minalar basdırılıb.
Ərazidə aparılan axtarışlar zamanı 3 ədəd tank əleyhinə mina, 1 ədəd top mərmisi, 1 ədəd ZPO mərmisi, 1 ədəd tank mərmisinin alışdırıcısı və bir ədəd RPQ mərmisi aşkarlanıb.
ANAMA-nın əməkdaşı Xaliq Zülfüqarovun sözlərinə görə,tapılan sursatlar xüsusi partlayış poliqununda partlatma yolu ilə məhv edilib.
Xatırladaq ki, indiyə kimi Ağdam rayonu ərazisində 9 milyon kvadrat metr ərazi təmizlənib. Təmizlənən ərazilərdən 118 tank əleyhinə mina, 1 ədəd piyada əleyhinə mina, 221 ədəd isə partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.