ABŞ Konqresinin Nümayəndələr Palatasının Texas ştatından olan üzvü konqresmen Henri Kuellar Azərbaycanla bağlı bəyanatla çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Konqresmen bu yaxınlarda Azərbaycana səfər etdiyini qeyd etmiş və çox təhlükəli bölgədə yerləşən Azərbaycanın ABŞ-ın dostu olduğunu vurğulamışdır.
Konqresmen Kuellar Azərbaycanın zəngin dövlətçilik ənənələrinə malik olduğunu, müxtəlif dinlərə və etnik qruplara cəmiyyətdə hörmətlə yanaşıldığını, qadınlara seçki hüququnun bir sıra ölkələrdən daha tez verildiyini və hal-hazırda qadınların cəmiyyətdə fəal mövqe tutduğunu bildirmişdir. O, Azərbaycanın digər inkişaf etməkdə olan dövlətlər üçün model təşkil etdiyini bəyan etmişdir.
Konqresmen təmsil etdiyi Texas ştatı kimi Azərbaycanın zəngin neft ölkəsi olduğunu bildirmiş və Qərbi Xəzər dənizinin nefti ilə təmin etdiyini, Türkiyə, İsrail və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyini xüsusi qeyd etmişdir. O, Azərbaycanın neftdən gəlirlərindən istifadə edərək, ciddi infrastruktur layihələrini həyata keçirdiyini və gəncləri təhsil almaq üçün xarici universitetlərə göndərməsini təqdir etmişdir.
Konqresmen H. Kuellar bəyanatında öz həmkarlarını Azərbaycan və onun iqtisadiyyatı barədə öyrənməyə çağırmışdır.