18 mart referendum günüdür

Xalq 7 ildən sonra yenidən ölkənin ana qanunundakı əlavə və dəyişikliyə öz münasibətini bildirəcək

Konstitusiyanın 29 maddəsinə ediləcək əlavə və dəyişikliklər sesvermə bülletenində bu cür qruplaşdırılıb: Birinci qrup – Azərbaycanın Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəliklərdən irəli gələn dəyişikliklər. İkinci qrup – Azərbaycan Respublikasının insan hüquqları və əsas azadlıqların müdafiəsi haqda Avropa Konvensiyasına qoşulmasından irəli gələn dəyişikliklər. Üçüncü qrup – referendumun keçirilməsinin təkmilləşdirilməsindən irəli gələn dəyişikliklər. Dördüncü qrupa isə Milli Məclisə seçkilərlə bağlı dəyişikliklərdir. Beşinci qrup – prezident seçkiləri ilə bağlı dəyişikliklər adlanır ki, buraya dövlət başçısının səlahiyyətlərinin verilməsi və başqa məsələlər aiddir. Altıncı qrupda dövlət hakimiyyət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsindən, yeddinci qrupda isə məhkəmə islahatlarından irəli gələn dəyişikliklər öz əksini tapıb. Nəhayət, sonuncu qrup digər dəyişikliklər adlanır.

Referendumun əleyhinə təşviqat aparan qruplar hesab edir ki, maddələrin çoxluğu vətəndaşların nəyə və niyə səsvermə maraqlarını azaldır. Ümumxalq elə ümümxalq səsverməsində ümumiləşdirilmiş səsini verib geri dönəcək. Və onların dəyişikliklə maraqlanmağa həvəsi qalmayacaq. Ümumiyyətlə müxalifəti təmsil edən təşviqat qrupları bu referendumun keçirilməsini aktual saymır.

“Qarabağ və Respublika uğrunda hərəkat” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Arif Hacılı hesab edir ki, seçki komissiyaları hakimiyyətin nəzarəti altındadır və bu seçki komissiyaları seçkilərin nəticəsini seçicilərin iradəsinə uyğun olaraq əks etdirməyəcək. Arif Hacılı: “Ona görə də biz bu seçki kampaniyasını boykot etmək qərarına gəldik. Ümumiyyətlə indiki dövrdə referendum mövzusu aktual deyil.

Çünki ppezident seçkisi yeni keçirilib. Müzakirəyə çıxarılan məsələlər aktual deyil. Eyni zamanda seçicilərin böyük bir hissəsi bu referenduma maraq göstərmir.

Hesab edirik ki, referendumda iştirak edənlərin sayı 25 faizdən çox olmayacaq”.
Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüskar olan “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Əli Əhmədov isə əksini düşünür.

Hakim partiyanın icra katibi referendumun nə zaman və hansı şəraitdə keçirilməsi ilə bağlı qanuvericilikdə hansısa normanın müəyyənləşmədiyini əsas gətirərək söz-söhbətə son qoymağa çalışır və təklif olunan maddələrin bir çoxunun texniki xarakter daşıdığını deyir: “Azərbaycan konstitusiyasının məzmununda hər hansı bir dəyişiklik referendum vasitəsi ilə həyata keçirilə bilrər. Zaman-zaman konstitusiyaya bu və ya digər texniki dəyişikliklərin edilməsinə dair zərurət yaranacaq. Hər dəfə bunu etmək üçün referendum keçirilməsi çətin olur və ona görə də referendum keçirilməsi ilə əlaqədər zəruri məsələlər ortaya çıxdıqca əlavə edilir və bu da bir az çox olur. Digər bir tərəfdən də bu, bir az çox olsa da biz təşviqat kampaniyasında bütün maddələr üzrə Azərbaycan vətəndaşlarına öz fikirlərimizi çatdırmışıq”.
Referendumla bağlı mübahisə yaradan məsələlərdən biri də məhz 101 -ci maddəyə edilən əlavə və dəyişikliklərdir ki, burda prezidentin səlahiyyət müddəti ilə bağlı məsələ əksini tapır. Müxalifəti təmsil edən təşviqat qrupu bu dəyişikliyi demokratik prinsiplərə zidd sayır. Əks tərəf isə əksinə, hesab edir ki, xalq özü seçim edir. Və xalqın seçimi elə demokratik prinsiplərin özüdür.

“Qarabağ və Respublika uğrunda hərəkat” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Arif Hacılı: “Referendum vasitəsi ilə Milli Bankın adının dəyişdirilib Mərkəzi Bank qoyulması hansı aktuallıq kəsb edir? Prezident seçkisi oktyabr ayında keçirilib. Növbəti prezident seçkisi 2013-cü ildə keçiriləcək. 101-ci maddə ona görə çıxır ki, elə bu referendum 101-ci maddəyə görə keçirilir. Maddələr elə bu 101-ci maddəni kölgəyə qoymaq üçün irəli sürülür. Hesab edirəm ki, prezidentin 2 dəfədən artıq seçilməsinə qadağa qoyulması özü demokratik müddəadır. Demokratik ölkələrdə qəbul olunmuş müddəadır. Maddənin dəişidirilməsi beynəlxaq imicə ziyan vuracaq”.

“Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Əli Əhmədov isə hesab edir ki, heç bir yerdə bu müddəanın və bu təklifin əleyhinə çıxa bilməzlər. “Çünki xalq seçir. Xalq istəyir ki, bu insana 3 dəfə etimad göstərsin, sən xalqın iradəsinə qarşı çıxa bilərsən? Əgər prezident mənə rəhbərlik edirsə, mən kimə istəyirəm, ona səs vermək imkanına malik olmalıyam. Əgər xalq 2 dəfə seçilən adamı 3-cü dəfə seçirsə, deməli o, etimadı doğruldub. Dünya praktikasında qəbul olunmuş norma bundan ibarədir ki, referendum ölkənin daxili işidir. Buna xarici ölkələr qarışa bilməzlər”.

Bu gün təşviqatın son günüdür. Təşviqat qrupları onlara ayrılan vaxtdan və şəraitdən razı qaldımı? Bu məsələdə də fikirlər haçalanır. Məsələn, müxalifəti əks etirən tərəf deyir ki, onlar ümumiyyətlə təşviqatla bağlı tərəflərə ayrılan bölgünü ədalətli hesab etmir, əks tərəf isə elə əksini söyləyir.
“Davamlı inkişaf naminə” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Vüsalə Hüseynova deyir ki, təmsil etdiyi təşviqat qrupu Azərbaycanın bütün regionlarında, hətta kiçik kəndlərində belə gənclərlə görüş keçirib. “İstənilən təşviqat qrupunun bölgələrdə keçirilən görüşlərinə çox gözəl, bərabər şəkildə şərait yaradılmışdı. Bizim üçün heç bir problem yoxdur”.

Referendumu 132 beynəlxalq təşkilat, 2149 yerli təşkilat müşahidə edəcək. Hər halda onların gəldiyi nəticələr də xalqın bu prosesə necə münasibət göstərdiyi ilə bağlı fikir formalaşdırmağa əsas verəcək. Hər-halda bütün mülahizələrin, müzakirələrin sonu var. Martın 18-də hamının gözünü dikdiyi şəffaf qutulardan çıxan bülletenlər də son olacaq. Həm də sonun başlanğıcı. Çünki bundan sonra da şəffaf qutulardan hansı dərəcədə şəffaf bülletenlərin çıxmasının səsi çıxacaq. Əsas isə ümumi xalqın səsidir./ANS TV/

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO