Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının İqtisadiyyat və texnologiyalar komitəsinin üzvü Martin Lindner Azərbaycan Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ilə görüşüb. Milli Məclisdən APA-ya verilən məlumata görə, M. Lindner Almaniyanın Avropa Birliyindəki mövqeyi, Cənubi Qafqaz regionunda yürüdülən siyasətin aktual məsələlərinə dair Bundestaqda gedən müzakirələr barədə danışıb. O bildirib ki, Almaniya büdcəsinin 55 faizi sosial yönümlüdür: “Lakin elmi tədqiqatların aparılması, innovasiya texnologiyalarının inkişafı üçün də büdcə vəsaitinin artırılmasına ehtiyac var”.
Z. Səmədzadə qonağa Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolu, qazanılmış nailiyyətlər barədə məlumat verib, bu günlərdə Bakıda başa çatmış Dünya İqtisadi Forumundan ətraflı söhbət açıb.