Zakir Həsənov ABŞ konqresmenlərini regiondakı hərbi-siyasi vəziyyətdən agah edib

Aprelin 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Ed Roysun rəhbərlik etdiyi konqresmenlərdən ibarət nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə müdafiə naziri Azərbaycan-ABŞ hərbi əlaqələrinin müxtəlif proqramlar çərçivəsində uğurla davam etdiyini, terrorizmə qarşı mübarizə və NATO-nun Əfqanıstanda həyata keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üzrə əməliyyatlarına Azərbaycan Respublikası Sülhməramlı qüvvələrinin verdiyi töhfəni xüsusi vurğulayıb.

Z.Həsənov qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib.

Görüşdən məmnun qalan konqresmenlər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və Əfqanıstanla bağlı uğurlu əməkdaşlığı yüksək qiymətləndiriblər.

Sonda qarşılıqlı maraq doğuran regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə ABŞ-nın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar da iştirak edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO