YARAT “Contemporary Istanbul ” beynəlxalq incəsənət sərgisində iştirak edib

YARAT qeyri-kommersiya təşkilatı “Contemporary Istanbul” (“Müasir İstanbul”) beynəlxalq incəsənət sərgisində iştirak edib.

YARAT-ın təqdimatında Orxan Hüseynovun 2007-ci ildə çəkdiyi videofilm nümayiş etdirilib. KİV-lərə məxsus münaqişə təsvirlərini hədəfə alan bu film “30 fevral müharibəsi” adlanır.

1978-ci il təvəllüdlü O.Hüseynovun videofilminin təqdimatı sərginin qeyri-kommersiya qurumları seksiyasının tərkib hissəsidir. Həmin seksiyada iştirak etmək üçün bu il on üç incəsənət təşkilatı dəvət olunub.

“30 fevral müharibəsi”nə gəldikdə, O.Hüseynov bu filmində heç vaxt baş verməmiş, uydurma bir müharibənin “sənədli” kadrlarını yaratmağa müvəffəq olub. Sənətkar Bakının tutqun səmalı sənaye guşələrinin görüntülərinə vahiməli atışma səslərini əlavə etməklə canlı şahidlərin və cəbhə müxbirlərinin videoreportaj üslubunu məharətlə yamsılaya bilib. Videomontaj prosesi əsnasında yürüdülə bilən yalanları tədqiq edən bu film yayımlanan kino və video materialların mütləq həqiqət olduğunu sual altına qoyur. Filmin adı da təqvimlərdə olmayan bir tarixə istinad etməklə ona işarə verir ki, bu videonun inandırıcı kadrlarında təsbit olunmuş “hadisə” əslində sənətkarın təxəyyülündən başqa bir şey deyil.

Azərbaycan sənətkarlarının son illərdə tanınıb ad qazanmış yeni nəslindən olan O.Hüseynov Bakıda yaşayıb yaradır. O, 2011-ci ildə YARAT-ın təsis olunduğu vaxtdan başlayaraq, bu qurumun müxtəlif layihələrində əməkdaşlıq edib, o cümlədən 2013-cü il Venesiya Bienallesinin “Love Me, Love Me Not” (“Sevir – Sevmir”) layihəsində iştirak edib. 2014-cü ildə O.Hüseynovun sənət əsərləri “Slavs and Tatars” (“Slavyanlar və Tatarlar”) təşkilatı tərəfindən Art-Dubay sərgisinin “Marker” seksiyasına (qeyri-kommersiya təşkilatları üçün) seçildi, eləcə də Vyana İncəsənət Yarmarkasının “Fokus” sərgisində (qeyri-kommersiya təşkilatları üçün) nümayiş olundu.

YARAT təşkilatı ikinci bir layihəsini də “Contemporary Istanbul” sərgisinə özünün kommersiya-əsaslı YAY qalereyası adından təqdim edib. (YARAT tərəfindən 2012-ci ildə təsis edilmiş bu qalereyanın fəaliyyəti Azərbaycanın və xarici ölkələrin rəssamları ilə ilk tanışlıq layihələrinə yönəlib. İstənilən sənət əsərinin satışından burada əldə edilən qazanc müəlliflə YARAT arasında bölüşdürülür). YAY qalereyasının stendində Sənan Ələsgərovun yaratdığı silsilə fotolar və Çingiz Babayevin yaratdığı heykəltəraşlıq əsərləri sərgilənib.

YARAT Müasir İncəsənət Təşkilatı haqqında

YARAT Azərbaycanın paytaxtı Bakıda yerləşən qeyri-kommersiya təşkilatıdır, Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilib. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərir, ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təmsil və təbliğ olunması ilə məşğuldur.

YARAT təşkilatı yarandığı tarixdən bu günədək 80-dən artıq layihə həyata keçirib. YARAT-ın Bakıda apardığı işlərin qısa təsviri belədir: müxtəlif dinləyici qruplar üçün ardıcıl şəkildə çeşidli tədris-təlim proqramları keçirilib, kino festivalları təşkil olunub, xalq sənəti festivalları iki dəfə düzənlənib, şəhərin ayrı-ayrı yerlərində sərgilər qurulub, rəssamlara sifarişlər verilib, Azərbaycanın və qonşu ölkələrin muzey təsisatları ilə əməkdaşlığı möhkəmləndirib. 2012-ci ildə YARAT tərəfindən kommersiya-əsaslı YAY qalereyası təsis edilib. Hər bir əsərin satışından burada əldə edilən qazanc müəlliflə YARAT arasında bölüşdürülür. YARAT-ın 2014-cü ildə istifadəyə verilmiş yeni binasında rəssam emalatxanaları, eləcə də “yaratmağa gəlmiş rəssam” proqramlarının qonaq-sakinləri üçün mənzillər və studiyalar yerləşir.

“Contemporary Istanbul” haqqında

“Contemporary Istanbul” möhtəşəm beynəlxalq incəsənət sərgisi olmaqla hər kəsin diqqətini bu ucu-bucağı görünməyən, bənzərsiz şəhərin sənət mənzərəsinə çəkir. 2014-cü ildə “Contemporary Istanbul” artıq 9-cu dəfə keçirildi. Bu ilin sərgi tədbirləri 13-16 noyabr tarixlərində İstanbul Konqres Mərkəzində (Istanbul Congress Centre – ICC) və İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında (Istanbul Convention and Exhibition Centre – ICEC) təşkil olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO