Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmon çərşənbə günü Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfıri Abbasəli Həsənovu qəbul edib.
Azərbaycanın Tacikistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüşün əvvəlində səfir Abbasəli Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Prezident Emomali Rəhmona yetirmiş, Tacikistan Prezidenti də öz növbəsində onun salamlarını Azərbaycanın Dovlət Başçısına çatdırmağı səfirdən xahiş etmişdir.
Görüş zamanı Tacikistanla Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq və onun perspektivləri müzakirə olunmuşdur. Qeyd olunmuşdur ki, çoxtərəfli əməkdaşlıq çərçivəsində, Bakı – Tbilisi – Qars dəmir yolu tikintisinin başa çatması nəzərə almaraq, Tacikistanın Əfqanıstan – Turkmənistan – BTQ dəmir yolu xətti ilə Avropaya çıxmaq üçün intensiv işlər aparılır.
Prezident Emomali Rəhmon səfirə bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün sahələrdə dinamik və surətli inkişafı bizi sevindirir.
Söhbət zamanı qardaş ölkələr arasında muxtəlif səviyyələrdə, eləcə də, ən yüksək siyasi səviyyədə imzalanmış çoxsaylı sənədlərin və sazişlərin əməli tətbiqi sahəsində işlərin gücləndirilməsi və sürətləndirməsi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, sözügedən sənədlərin effektiv və səmərəli həyata keçirilməsi iki dost və qardaş dövlətin münasibətlərini yeni səviyyəyə qaldıracaqdır.
Prezident Emomali Rəhmon Tacikistanda Ümumimilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı silsilə elmi-mədəni tədbirlərin keçirilməsini dəstəkləmişdir.
Görüş zamanı tərəflər üçün maraq doğuran digər aktual məsələlər də muzakirə olunmuş, fıkir mubadiləsi aparılmışdır.