Tacik rejissor Azərbaycan Dövlət Musiqili Teatrına Molla Nəsrəddini gətirəcək

Beynəlxalq teatr əlaqələrinin yaradılması və genişləndirilməsinə böyük əhəmiyyət verən, maraqlı səhnə əsərləri ilə həmişə tamaşaçıları sevindirən Azərbaycan Dövlət Musiqili Teatrı bu dəfə Molla Nəsrəddini səhnəyə gətirəcək. Bu barədə Trend-ə teatrdan bildirilib.

Bu münasibətlə teatra dəvət olunan Tacikistan Respublikasının xalq artisti, Qırğızıstan Respublikasının əməkdar incəsənət xadimi, rejissor Sultan Usmanov Musiqili Teatrın səhnəsində özbək dramaturqu İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” komediyasına quruluş verəcək.

Sulton Usmanov Moskvada, A.V.Lunaçarski adına Dövlət Teatr İnstitutunun musiqili teatr rejissoru fakültəsini bitirmişdir. 1998-2009-cu illərdə Düşənbədəki S.Aini adına Opera və Balet Teatrnda, V.Mayakovski adına Rus Dram Teatrında və Vahidov adına Gənclər Teatrında baş rejissor kimi fəaliyyət göstərmiş, 70-ə yaxın opera, musiqili tamaşa və dram əsərlərinə quruluş vermişdir. Son illərdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və İran kimi ölkələrin müxtəlif teatrlarında tamaşalar hazırlamışdır. O, Fransada keçirilən Avinyon, Moskvadakı A.P.Çexov adına Beynəlxalq Teatr Festivalı və İranda keçirilən 27-ci Fəcr kimi mötəbər teatr yarışmalarının iştirakçısı olmuş və yüksək mükafatlara layiq görülmüşdür. Onun tamaşaları təkcə Orta Asiya Respublikalarında deyil, həmçinin Moskva və Sankt-Peterburq teatrlarının səhnələrində də uğurla nümayiş etdirilir.

Hələ 60-cı illərdə Tacikfilimdə çəkilən “Xoca Nəsrəddinin 12-ci qəbri” filmində Azərbaycanın xalq artisti Bəşir Səfəroğlunun yaratdığı Xoca Nəsrəddin tamaşaçıların yaxşı yadındadır. Maraqlıdır ki, taciklərə Xoca Nəsrəddini sevdirən azərbaycanlıların çox sevdiyi teatra Molla Nəsrəddin obrazını bu dəfə tacik rejissoru gətirəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO