Azərbaycanın Avropa Şurası yanında Daimi nümayəndəliyi tərəfindən Fransanın Strasburq şəhərində XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Bu barədə Trend-ə bazar ertəsi Daimi nümayəndəlikdən məlumat verilib.
Anma mərasimində Avropa Şurası yanında və Strasburqda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının təmsilçiləri, Strasburq Universitetində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr, eləcə də Elzas regionunda yaşayan soydaşlarımız iştirak ediblər.
Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Emin Eyyubov ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım, insanlıq tarixinin ən dəhşətli cinayətlərindən biri olan Xocalı qətliamının əsl mahiyyəti barədə danışıb. Bu xüsusda, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətləri, o cümlədən Xocalı faciəsi barədə dünya və Avropa ictimaiyyətinə ətraflı və düzgün məlumat vermək sahəsində apardığı işləri diqqətə çatdıran səfir “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini xüsusi qeyd edib və soydaşlarımızı bu kampaniyada fəal iştiraka dəvət edib.
Səfir, habelə Xocalı soyqırımının bir çox dövlətlər tərəfindən tanındığını qeyd edib və bu istiqamətdə səylərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında demokratik, güclü və çiçəklənən Azərbaycanın Xocalı soyqırımı qurbanlarının, habelə vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhuna ən böyük abidə olduğunu qeyd edib.
Mərasimdə çıxış edən tələbələr və diaspor nümayəndələri Xocalı soyqırımı ilə bağlı təşkil edilən tədbirlərin təcavüzkar ermənilərin əsl simaları barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib, Xocalı faciəsinin dünya ölkələri tərəfindən soyqırımı kimi tanınması istiqamətində görülən işlərin vacibliyini qeyd ediblər.
Bundan əlavə, Xocalı faciəsinə dair həqiqətləri Fransa ictimaiyyətinə tanıtmaq məqsədilə fevarlın 21-də Daimi nümayəndəlik tərəfindən Fransanın Colisee.org internet jurnalında Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş böyük məqalə yerləşdirilib.
Mərasim boyu Xocalı soyqırımına dair fotostend və film nümayiş etdirilib.