Son 5 ildə xaricdə cəza çəkən 260 soydaşımız Azərbaycana gətirilib

Son 5 il ərzində Ədliyyə Nazirliyi tərəfindən 141 əcnəbi məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 260 soydaşımızın isə Azərbaycana gətirilməsinə nail olunub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə ki, nazirlik 30-dək ikitərəfli müqavilənin, o cümlədən cinayət və mülki hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi üzrə öhdəliklərin icrasını həyata keçirir, 26 ölkənin Ədliyyə nazirlikləri ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edir, 13 çoxtərəfli müqavilə üzrə isə mərkəzi və ya əlaqələndirici orqan qismində çıxış edir.
Bunun nəticəsində beynəlxalq hüquqi yardımla bağlı nazirliyə daxil olan sorğuların sayı dəfələrlə artaraq ötən ildə 13 mini ötüb.
Beynəlxalq hüquq əməkdaşlığı çərçivəsində məhkumların verilməsi sahəsində işin dairəsi də genişlənib. Belə ki, bir sıra dövlətlərlə, o cümlədən Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, İran və Litva ilə bu sahədə müqavilələr bağlanılıb, eləcə də Azərbaycan Avropa və MDB-nin müvafiq konvensiyalarının iştirakçısıdır. Həmin sənədlər əcnəbi məhkumların cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşın məxsus olduqları ölkələrə verilməsini təsbit etməklə onların hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu tədbirlər, ilk növbədə, məhkumların və onların ailə üzvlərinin mənafelərinin təmin olunmasına, vətəndaşlarımızın ailələrinə yaxın ərazidə cəza çəkmələrinə, yaxınları ilə görüşmək imkanlarının asanlaşdırmasına və sosial adaptasiyasına kömək etməklə həmin məhkumların islah olunaraq sonradan cəmiyyətə normal qovuşmasına xidmət edir.
Bundan əlavə, nazirliyin məsul şəxsləri tərəfindən xarici ölkələrə edilən səfərlər zamanı cəza çəkən Azərbaycan vətəndaşlarına baş çəkilərək onların saxlanma şəraiti və qayğıları ilə daim maraqlanılır, habelə bu sahədə ekspert məsləhətləşmələri aparılır. Təkcə son aylarda Rusiya, Gürcüstan, Türkiyə, İran və Çin tərəfi ilə Azərbaycan vətəndaşları olan məhkumların ölkəmizə verilməsi məsələsi, beynəlxalq öhdəliklərə riayət olunması, bu sahədə mövcud problemlər və onların aradan qaldırılması, çevikliyin təmin olunması üzrə danışıqlar keçirilib.
Həmçinin, Azərbaycan və İran arasında 1998-ci ildə bağlanmış müvafiq müqaviləyə əsasən, məhkumların mübadiləsi keçirilir və bu günlərdə İran vətəndaşı olan və müxtəlif cinayətlər törətmiş 33 məhkum qarşı tərəfə təhvil verilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO