Şahin Mustafayev: Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub

“Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı”. Bunu Trend-ə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

Heydər Əliyevin milli iqtisadiyyatımızın formalaşmasında xidmətlərinin misilsiz olduğunu deyən nazir deyib ki, qeyd edilən dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olundu.

Nazirin sözlərinə görə, hələ 1969-cu ildə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi: “Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev zəngin idarəçilik təcrübəsi sayəsində o dövrdə sovet Azərbaycanının tarixində böyük dönüş yaratdı. Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək tədbirlərin icrasına, iqtisadi və digər sahələrdə SSRİ rəhbərliyi səviyyəsində əlverişli qərarların qəbuluna nail olundu. Dahi siyasət korifeyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparıldı, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olundu, istehsalla bilavasitə bağlı olan elmi tədqiqat sahələrinin inkişafına diqqət artırıldı, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqeyə yiyələndi”.

Ş.Mustafayev qeyd edib ki, ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev sənayenin inkişafına böyük diqqət yetirdi. Bu dövrdə sənayenin inkişafına irihəcmli vəsaitlər yönəldildi, bir sıra iri sənaye müəssisələri yaradıldı, sənayenin strukturu təkmilləşdi.

Nazırın sözlərinə görə, ötən əsrin 60-cı illərində yanacaq-enerji kompleksi sənayedə əsas paya malik idi: “Heydər Əliyevin rəhbərliyi ilə görülmüş tədbirlər nəticəsində 1969-1982-ci illərdə Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artdı və bu artım qeyri-neft sahələrinin hesabına əldə edildi. Artıq 1980-ci illərin əvvəllərində sənayenin strukturunda neft-kimya, kimya, metallurgiya, maşınqayırma, cihazqayırma, elektronika, mebel istehsalı, yüngül və yeyinti sənaye sahələrinin payı 75%-ə yüksəldi, qeyri-neft sahələrinin sənayedə xüsusi çəkisi 85%-ə çatdı. 1980-ci illərin əvvəllərində keçmiş SSRİ-də məişət kondisionerlərinin 100%-i, dərinlik nasoslarının 100%-i, digər neft-mədən avadanlığının 70%-i, şərab məhsullarının 1/3 hissəsi, elektrik-qaynaq avadanlığının 10%-dən çoxu, soyuducuların 6%-i Azərbaycanda istehsal edilmişdi. Bu dövrdə Cənubi Qafqazın ən iri poladtökmə zavodu, Bakı məişət kondisionerləri, Gəncədə elektronika məhsulları istehsal edən “Billur”, Sumqayıt məişət kompressorları, inteqral mikrosxemlərin istehsalı üzrə ixtisaslaşan “Azon” zavodları, Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyi, Mingəçevirdə Cənubi Qafqazda ümumi gücünə görə ən böyük elektrik stansiyası olan Azərbaycan İES və Bakı Dərin Özüllər Zavodu fəaliyyətə başladı. Göründüyü kimi, əslində Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycanda yaranmış siyasi böhran, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş, ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Həmin dövrdə ÜDM-in, sənaye istehsalının, xarici ticarət dövriyyəsinin həcmi azalmış, inflyasiya idarəolunmaz səviyyəyə çatmışdı. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmış, əhalinin pul gəlirləri azalmışdı”.

Ş.Mustafayev bildirib ki, xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ulu öndər bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsasını qoydu: “Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş, həmçinin Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. “Əsrin müqaviləsi” ölkədə neft-qaz sənayesini inkişaf etdirməklə yanaşı, qeyri-neft sənayesinin inkişafına da təkan verdi. Bu il “Əsrin müqaviləsi”nin 20 ili tamam olsa da, onun siyasi və iqtisadi əhəmiyyəti uzun illər öz aktuallığını saxlayacaq”.

İqtisadiyyat və sənaye naziri deyib ki, ulu öndərin rəhbərliyi ilə sənaye sahəsində görülən məqsədyönlü tədbirlər nəticəsində 1997-ci ildən başlayaraq sənaye istehsalında artım qeydə alındı: “Bu dövrdə qiymətlərin liberallaşdırılması, sənaye müəssisələrinin özəlləşdirilməsi həyata keçirilmiş, bazar iqtisadiyyatı institutları yaradıldı. “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan, TRASECA kimi layihələrin əsası da məhz bu dövrdə qoyuldu. Heydər Əliyev strategiyasına uyğun olaraq, neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, torpaqların kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi və s. tədbirlər aqrar bölmənin inkişafına təkan verdi, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri aparıldı, yeni sahələr yarandı, məzmunca fərqli münasibətlər formalaşdı. Ulu öndərin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı kənd təsərrüfatını 1990-cı illərin əvvəllərindəki böhranlı vəziyyətdən xilas etdi və gələcək inkişafının əsasını qoydu”.

Onun sözlərinə görə, Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım (məsləhət, informasiya və s. xidmətlər) göstərən strukturlar formalaşdı: “Sahibkarların vergi yükünün azaldılması istiqamətində mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlandı. Ümummilli liderin ölkənin gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrdən biri də ölkə regionlarının tarazlı və davamlı inkişafının təmin edilməsi olub. Heydər Əliyev Azərbaycanın davamlı inkişafı baxımından regionların inkişafını və bölgələrdəki potensialdan səmərəli istifadəni vacib hesab edirdi. Bu baxımdan, 1995-2003-cü illəri regionların sürətli sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi kimi dəyərləndirmək yerinə düşərdi. Hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi Heydər Əliyev siyasətinin başlıca məqsədlərindən olub. Bu sahədə ulu öndərin rəhbərliyi ilə həyata keçirilmiş tədbirlər sayəsində artıq 1996-cı ildə sosial göstəricilərin dinamikasında müsbət meyillər özünü göstərməyə başlayıb”.

Ş.Mustafayev bildirib ki, müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş tədbirlər sayəsində 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi: “Ulu öndərin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasəti sayəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib. Hazırda Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji və infrastruktur layihələrinin əsas təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, beynəlxalq tədbirlər məkanıdır. Azərbaycanın xaricə investisiya yatıran ölkəyə çevrilməsi, kosmosa peyk çıxaran məhdud saylı dövlətlər sırasına daxil olması, əhalinin sosial rifahının yüksəlməsi də son 10 ilin mühüm nailiyyətləridir”.

O, qeyd edib ki, Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən böyük əzm və məharətlə davam etdirilməsi nəticəsində son 10 ildə ümumi daxili məhsul 3 dəfədən çox, dövlət büdcəsinin gəlirləri 16 dəfə, sənaye məhsulları istehsalı 2,7 dəfə, strateji valyuta ehtiyatları 31,3 dəfə, daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 14 dəfə, o cümlədən qeyri-neft sektoruna investisiyalar 15,2 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə, pensiyalar 7,2 dəfə artıb, 1 milyon 300 mindən çox yeni iş yeri açılıb, yoxsulluq səviyyəsi 5,3 faizə enib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO