Şahin Mustafayev: Azərbaycan investorların hüquqlarının tam müdafiəsini təmin edir

Azərbaycan biznesin idarə edilməsində hamıya bərabər imkanlar verərək əcnəbi və yerli investorların hüquq və maraqlarının tam müdafiəsini təmin edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “The Business Year” jurnalına müsahibəsində bildirib.

Ş.Mustafayev deyib ki, bu gün Azərbaycan bütün dünyada təkcə qonşu ölkələrin deyil, eləcə də bir sıra Avropa ölkələrinin biznesinə sərmayə yatıran ölkə kimi tanınır.

Nazirin qeyd etdiyi kimi, Azərbaycanın dinamik inkişafı sayəsində beynəlxalq təşkilatlar, çoxmillətli korporasiyalar və sərmayəçilər ölkəyə əhəmiyyətli maraq göstərirlər.

Onun sözlərinə görə, ölkənin cəlbediciliyinin əsas amillərindən biri əlbəttə ki, əlverişli biznes və investisiya mühitidir.

Ş.Mustafayev qeyd edib ki, ötən il Azərbaycan iqtisadiyyatına rekord həcmdə, yəni 28 milyard dollar həcmində investisiya qoyulub: “Bu gün ölkəyə qoyulan investisiyaların ümumi həcmi 172 milyard dollar təşkil edir və bu həcmin təxminən yarısı birbaşa xarici investisiyaların payına düşür”.

Nazir, həmçinin ölkə iqtisadiyyatının bütün sektorlarında dinamik inkişafın olduğunu vurğulayıb: “2013-cü ildə ÜDM-də 5,8 faizlik artım iqtisadiyyatın qeyri-neft sektorunda artım hesabına əldə olunub. Son 10 ildə ölkənin qeyri-neft sektoru 2,6 dəfə, qeyri-neft sənayesi 1,9 dəfə, qeyri-neft sektoruna investisiyalar isə 15,2 dəfə artıb”.

Onun sözlərinə görə, son on il ərzində Azərbaycanın ÜDM-i 3,2 dəfə, dövlət büdcəsinin gəlirləri 16 dəfə, sənaye istehsalı 2,7 dəfə, əsas kapitala investisiyalar isə 4,7 dəfə artıb: “Göstərilən dövr ərzində orta illik artım 12,9 faiz təşkil edib ki, bu da dünyada ən yaxşı göstəricilərdən biridir”.

İqtisadiyyat və sənayə naziri bildirib ki, son onillikdə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Göstərilən dövrdə ölkədə 1,2 milyondan artıq iş yeri açılıb, işsizliyin səviyyəsi 5, yoxsulluğun səviyyəsi isə 5,3 faizədək azalıb.

Ş.Mustafayevin qeyd etdiyi kimi, xarici ticarət dövriyyəsi 6,6 dəfə, o cümlədən, ixrac 9,3 dəfə, idxal isə 4,1 dəfə artıb. Qeyri-neft sektorunda məhsul ixracı 4,7 dəfə çoxalıb: “Hazırda Azərbaycan təxminən 150 ölkə ilə ticarət əməliyyatları aparır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO