Riçard Morninqstar: ABŞ Əfqanıstanın müharibədən sonrakı inkişafı üzrə Azərbaycanın üzərinə götürdüyü öhdəliyi yüksək qiymətləndirir

Birləşmiş Ştatlar Əfqanıstanın müharibədən sonrakı inkişafı üzrə öhdəliyi xüsusilə yüksək qiymətləndirir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.

Səfir deyib: “Biz hər bir addımı və Azərbaycanın Əfqanıstan məsələsində göstərdiyi hər cür yardımı yüksək qiymətləndiririk. Mən belə köməyə misal olaraq bu ölkədə xidmət edən azərbaycanlı hərbçiləri göstərə bilərəm. Eyni zamanda, Azərbaycanın ərzaq və digər yüklərin nəqli baxımından oynadığı böyük tranzit rolu qeyd etmək istəyirəm”.

Morninqstar Bakıda keçirilən I Beynəlxalq Xəzər Enerji Forumu ərəfəsində bildirib: “Hesab edirəm ki, beynəlxalq əməkdaşlıq Əfqanıstandan qoşunların çıxarılmasından sonra da davam edəcək”.

Qeyd edək ki, hazırda Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində həyata keçirilən əməliyyatlarda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərlik hərbi kontingenti iştirak edir. Bu barədə öncə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı hərbi kontingenti hazırda orada xidmətini davam etdirir və şəxsi heyətin tərkibi 6 aylıq rotasiya planına uyğun olaraq qruplarla dəyişdirilir.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin 22 nəfərlik sülhməramlı tağımı 20 noyabr 2002-ci il tarixdən Əfqanıstanda İSAF tərkibində fəaliyyət göstərməyə başlayıb. Daha sonra, 2008-ci il yanvarın 15-də onları sayı artırılaraq bölük səviyyəsinə çatdırılıb. 2009-cu il oktyabrın 2-də isə Milli Məclis sülhməramlı kontingentimizin 2 dəfə artırılması barədə qərar qəbul edib və onların sayı 90 nəfərə çatdırılıb. 2010-cu il oktyabrın 5-də isə NATO-nun Əfqanıstanda keçirdiyi İSAF üzrə əməliyyatlarında ölkəmizin Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə ora əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit göndərilib.

Əlavə edək ki, sülhməramlılarımız Əfqanıstandakı fəaliyyətini 2009-cu il fevralın 19-dan etibarən Türkiyə taboru tərkibində davam etdirir. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO