İsgəndəriyyə Kitabxanası, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Foundation for Peace, End Human Trafficking, Diasporla İş üzrə Dövlət Komitəsi və dünyanın bir sıra nüfuzlu qurumlarının dəstəyi ilə Qlobal Liderlər Alyansının təsis olunması qərara alınıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, alyansın əsas məqsədi qloballaşan dünyada nüfuzlu alimlər, sabiq ölkə və hökumət başçılarından ibarət Ali Qrupun sivilizasiyalararası siyasi, mədəni, dini anlaşmanın yaradılmasında aktiv iştirakıdır.
Ali Qrupa Latviyanın sabiq Prezidenti Vaira Vike-Freiberga, Finlandiyanın sabiq Prezidenti Tarja Halonen, YUNESKO-nun sabiq Direktoru Federiko Mayor Zaragoza, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, BMT Baş katibinin müşaviti Nafis Sadik və Əlahəzrət Kraliça Nur daxildir.
Alyansın ilk toplantısı mayın 7-8-də Bakı şəhərində keçiriləcək. Mərkəz rolunda isə Vaşınqton, Genevrə, İsgəndəriyyə və Bakı şəhərləri olacaq