Prezident İlham Əliyev: Heç kim imtiyazlı ola bilməz, heç kim toxunulmaz deyil

Prezident İlham Əliyev: Heç kim imtiyazlı ola bilməz, heç kim toxunulmaz deyil“Dünyada böhran yaşanan dövrdə bir çox ölkələrdə ictimai işlərə daha çox üstünlük verilir. Bizdə böhran yoxdur. Hazırda iqtisadiyyat sürətlə inkişaf edir. İnkişafımız dayanıqlı olacaq”.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib: “Ancaq mən istəyirəm ki, Azərbaycanda, ümumiyyətlə, işsiz adam olmasın. Hər kəs iş tapa bilmir. Ona görə verdiyim tövsiyələr və tapşırıqlar mütləq icra edilməlidir. Bu il müvəqqəti ictimai işlərə biz daha çox insanları cəlb etməliyik. Onlara maaş veriləcək. Onlar da xalq, dövlət üçün çalışsınlar. İstehlak qiymətlərinə nəzarət daim olmalıdır. Süni bahalaşmaya qarşı mübarizə aparılır və aparılacaq, cəza tədbirləri görülür”.

İlham Əliyev bildirib ki, korrrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə öz bəhrəsini verir: “Korrupsiya böyük bəladır, bütün ölkələr, o cümlədən də Azərbaycan üçün. Biz həm cəza tədbirlərini tətbiq edirik, həm də inzibati addımlar atılır, institusional tədbirlər görülür. Korrupsiya, rüşvətxorluq üçün meydan daralır, yeni ictimai xidmətlər yaradılır. “ASAN xidmət” artıq iki il ərzində 7 milyon insana xidmət göstərib. Bu 7 milyon insan iki il ərzində “ASAN xidmət”də korrupsiya görməyib. Ancaq əvvəlki dövrdə hansı qapıya gedilibsə, qanuni arayışa, qanuni icazəyə və s. görə onlardan nə isə tələb olunub. Ona görə də institusional tədbirlər ən səmərəlidir. Bununla bərabər, korrupsiyaya qarşı cəza tədbirləri də tətbiq ediləcək və edilir. Burada heç kim imtiyazlı ola bilməz, heç kim toxunulmaz deyil. Son hadisələr Azərbaycanda bunu bir daha göstərdi”.

Prezident əlavə edib ki, əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borcunu yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaq və cəzalandırılır: “Xalq da, ictimaiyyət də bunu görür. Hamı da bilsin. Azərbaycanda bir nəfər də olsa, toxunulmaz adam yoxdur. Hamı qanun qarşısında bərabərdir. Mən artıq qeyd elədim ki, yerli icra orqanları bu il daha çox iş yerlərinin yaradılması və investisiyaların cəlb edilməsi ilə məşğul olmalıdırlar. Müntəzəm olaraq, Prezidentə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə əldə edilmiş nailiyyətlə bağlı məlumat verməlidirlər. Dövlət məmurları xalqla bir yerdə olmalıdırlar. Mən həmişə demişəm – hər bir dövlət məmuru, o cümlədən də Prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib. Biz də bu etimadı, inamı hər gün doğrultmalıyıq”.

İlham Əliyev vurğulayıb ki, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalıdırlar: “Xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq etməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu var, insanlara xidmət etmək, onların problemlərini həll etmək, onlara qayğı göstərmək, məmurlar insanları incitməməlidirlər. Əksinə, insanlara qayğı, diqqət göstərə bilməlidirlər və onlara kömək etməlidirlər. Mən bir də demək istəyirəm, bütün bu faktorlar onların fəaliyyətinə verilən qiymətdə əsas rol oynayacaq.

Burada bəzi çıxışlarda səsləndi – indi Azərbaycanda yerli istehsal nə qədər inkişaf edir, o cümlədən mebel istehsalı? Ancaq bizim dövlət idarələrində yerli mebeldən istifadə edirlərmi? Yox. Hər bir kiçik məmur istəyir ki, onun kabinetində xarici mebel olsun. Nə üçün? Bu nə ədabazlıqdır? Bizdə gözəl mebel istehsal olunur. Təkcə “Embawood” şirkəti deyil. Bəlkə də onlarla, yüzlərlə mebel şirkətimiz var. Mebel istehsal edirlər, amma di gəl, bizim yüksək vəzifəli, kiçik vəzifəli dövlət məmurlarımız onu bəyənmirlər. Özü də onun keyfiyyəti heç bir başqa mebeldən fərqlənmir. Amma bu, Azərbaycan mebelidir, bunu özümə rəva bilmirəm, gərək İtaliya, Rumıniya mebeli olsun? Bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır. Bütün təftiş edən orqanlar, Hesablama Palatası, Maliyyə Nazirliyi və digər orqanlar buna nəzarət etməlidirlər. Təkcə mebeldən söhbət getmir. Digər mal, materiallar alınanda da nədənsə bizdə xarici mallara üstünlük verilir. Mənə bu yaxınlarda hökumətin müşavirəsində ayaqqabı gətirib göstərdilər ki, baxın, Azərbaycanda nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bizim bəzi hərbi qurumlar bəyənmir, əsgərlər üçün xaricdən ayaqqabı alır. Nə üçün? Ona görə də bu sahə çox ciddi nəzarət altında olmalıdır”.

Dövlət başçısı bildirib ki, beləliklə, biz israfçılığa yol verməyəcəyik, xərclər azalacaq, valyuta xaricə getməyəcək, yerli istehsal güclənəcək: “Ona görə də mənim göstərişim hamıya aiddir. Bundan sonra belə də olmalıdır. İndi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avadanlıq alsın, özü də dövlət hesabına. Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları avtomobilləri oradan alsınlar. Yaxşı da maşınlardır, xarici maşınlardan o qədər də fərqlənmir. Çox gözəl, daha çox alsınlar. Yəni, bax, hökumət bu sahəyə çox ciddi diqqət verməlidir. Harada ki, pozuntular varsa, dərhal mənə məlumat verilməlidir və ölçülər götürüləcək. Və sahibkarlar ölkə iqtisadiyyatına daha çox vəsait qoysunlar. Mən bilirəm, indi Azərbaycan sahibkarları xaricə də investisiya qoyurlar. Mən özüm də həmişə bunun tərəfdarı olmuşam, istərdim, bizim firmalar dünya bazarına çıxsınlar, onları tanısınlar. Hətta xarici səfərlərdə mən həmişə, indi söhbət düşmüşkən, Azərbaycan sahibkarlarını təbliğ edirəm. İstəyirəm, onlar xaricdə fəaliyyət göstərsinlər. Ancaq indiki şəraitdə sahibkarlar əsas vəsaiti Azərbaycana qoymalıdırlar”.

Prezident əlavə edib ki, sahibkarlar, əlbəttə, məsuliyyətli olmalıdırlar, vergiləri tam ödəməlidirlər: “Bunu etmək üçün vergi uçotu düzgün aparılmalıdır. Çünki bəzi hallarda sahibkarın yanına gəlib deyirlər ki, sən filan qədər verməlisən, sən dövlətə verməlisən. Bunu nəzərdə tuturam. Bəzi hallarda bu da sahibkarları narahat edir, çünki sahibkar əldə etdiyi gəlirə görə vergi verməlidir. Ona görə də burada uçot ən vacib məsələdir. Sahibkarlar şəffaf fəaliyyət göstərməlidirlər və kənd təsərrüfatı, emal sənayesi, sənaye materiallarının istehsalına vəsait qoymalıdırlar. Mən dəfələrlə demişəm, biz elə işləməliyik ki, sanki bizdə neft-qaz resursları yoxdur. Əslində, bu vəziyyət, neftin qiyməti elə vəziyyətə gətirib çıxarıb ki, elə bil doğrudan belədir. Sözün düzü, biz hesablayırdıq ki, postneft dövrü Azərbaycanda 30-cu, 40-cı illərdən sonra başlayacaq. Çünki bizim bütün proqnozlarımız onu göstərir ki, hələ onilliklər bundan sonra Azərbaycanda neftin hasilatı təxminən sabit qalacaq və 2-3 ildən sonra reallaşacaq Cənub Qaz Dəhlizinin faydası da, əlbəttə, müəyyən dərəcədə 40-cı ildən sonra neftin tənəzzülünün qarşısını alacaq. Çünki biz böyük qazla bazara çıxacağıq. Ancaq neftin qiyməti 4 dəfə aşağı düşdü və biz artıq bu gün postneft dövründə yaşayırıq. Biz qısa zaman çərçivəsində bu işləri görürük ki, insanlar bunu hiss etməsinlər. Ona görə, bundan sonra islahat, şəffaflıq, məsuliyyət, qeyri-neft sektorunun inkişafı, ixrac yönümlü məhsulların istehsalı, idxaldan asılılığın azaldılması – bütün bu faktorlar bizim dayanıqlı inkişafımızı təmin edəcək”.

İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan 2016-cı ildə, bundan sonrakı illərdə də uğurla inkişaf edəcək: “Biz müstəqillik yolu ilə gedirik, inkişaf yolu iə gedirik”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO