Prezident İlham Əliyev: Azərbaycan və Rusiya arasında ticari-iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur

“Sizi – V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarını ürəkdən salamlayıram. Ənənəvi olaraq təşkil edilən forumlar iki dost ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi yolunda təsirli vasitəyə çevrilib”. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qəbələdə öz işinə başlayan V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciətində deyib. Müraciəti Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.

Azərbaycan Prezidenti müraciətində bildirib ki, şübhəsiz ki, bugünkü tədbir də əldə edilmiş uğurların təhlili və aktual məsələlərin müzakirəsi, prioritet sahələrin və birgə fəaliyyətin yeni formalarının müəyyən edilməsi üçün faydalı olacaq: “Forumun Azərbaycan dövlətçiliyinin qədim tarixini özündə qoruyan Qəbələ şəhərində keçirilməsi əlamətdar hadisədir. Gözəl təbiəti, etnik və dini müxtəlifliyi ilə fərqlənən bu bölgə respublikamızın mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilib. Son illər Qəbələdə həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri burada yerli və beynəlxalq əhəmiyyətli nüfuzlu tədbirlərin təşkil edilməsinə imkan verir. Hesab edirəm ki, növbəti Azərbaycan-Rusiya Regionlararası Forumu da yüksək səviyyədə və işgüzar mühitdə keçəcək”.

Dövlət başçısı qeyd edib ki, hazırda Azərbaycan və Rusiya subyektləri arasında ticari-iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur: “Bizim ölkələrimizdə etibarlı tərəfdaşlıq münasibətlərinin bərqərar olması və əlverişli investisiya mühitinin mövcudluğu regionlararası iqtisadi əlaqələrə özəl biznesin daha aktiv cəlb edilməsi üçün lazımi şərait yaradır. İndiyədək energetika, kənd təsərrüfatı, bank işi, turizm və nəqliyyat sahələrində əldə edilmiş müsbət təcrübədən çıxış edərək biz yaxın gələcək üçün yeni məqsədləri müəyyən edə bilərik. Eləcə də əməkdaşlığımızın vacib komponentləri olan humanitar inkişaf və informasiya mübadiləsi sahələrinə diqqət artırılmalıdır. Bunun üçün layihələr və aydın perspektivli işlək mexanizmlər hazırlamaq lazımdır”.

Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, forum iştirakçıları təqdim edilmiş imkanları layiqincə qiymətləndirərək gündəlikdə duran bütün məsələlər üzrə konstruktiv müzakirələr keçirəcəklər, xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrinin gələcəkdə dərinləşməsinə istiqamətlənən qərarlar qəbul edəcəklər və Azərbaycan-Rusiya münasibətlərinin inkişafına əhəmiyyətli töhfə verəcəklər: “Forumun işinə uğurlar, sizin hər birinizə cansağlığı və yeni nailiyyətlər arzulayıram!”

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO