«Prezident Aparatındakı iş fəaliyyətimiz bitəndən sonra ürəyimiz istəyən tədbirə gedə bilərik»

Prezidentin icra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov: «Kiminsə cəfəng ideyasının qarşısını almaq üçün qanuni hüquqlarımızdan imtina etmək fikrində deyilik»

– Əli müəllim, prezident seçkiləri kampaniyasının təşviqat-təbliğat mərhələsində demokratiklik, şəffaflıq tam təmin olunurmu? Müxalifətdən prezidentliyə namizəd olan bəzi şəxslər bu mərhələnin gedişatı ilə bağlı artıq öz narazılıqlarını səsləndirirlər. Məsələn, onlar prezidentliyə namizədi olan hazırkı dövlət başçısının dövlət televiziyası ilə geniş təbliğat-təşviqat kampaniyasının aparıldığını, digər namizədlərə isə bu cür imkan yaradılmadığını iddia edirlər. Siz bu haqda nə deyərdiniz?

– Dövlət başçısının dövlət televiziyasındakı bütün görüntüləri onun prezident olaraq fəaliyyətini əks etdirən görüntülərdir. Bildiyiniz kimi, ölkə prezidenti Seçki Məcəlləsinin müddəalarına görə, prezidentliyə namizəd olduğu dövrdə prezidentlik fəaliyyətini dayandırmır, davam etdirir. Prezidentlik fəaliyyətini davam etdirdiyinə görə də onun bu və ya digər görüşləri, qəbulları, səfərləri, yerlərdə keçirdiyi tədbirlər əhalinin informasiya ehtiyacı, prezidentin fəaliyyətinə olan marağı nəzərə alınaraq, dövlət televiziyasında yayımlanır. Amma bu süjetlərdə, reportajlarda prezidentin təbliğatı ilə bağlı hansısa çağırışlar, seçicilərin kimə səs verməsi ilə bağlı dəvətlər və sair məqamlar qətiyyən öz əksini tapmır. Ona görə də dövlət televiziyasında prezidentin fəaliyyətinin əks olunması onun seçki kampaniyası kimi təsvir və bu cür tövsif oluna bilməz.

– Bəzi prezidentliyə namizədlər tərəfindən belə fikirlər də səslənməkdədir ki, yaxşı olardı dövlət başçısı, ən azı, bu mərhələdə öz səlahiyyətlərini bir prezidentliyə namizəd olaraq donduraydı və yaxud dondursun. Hətta bu yöndə Gürcüstan prezidenti Mixail Saakaşvilinin məlum addımı nümunə gətirilir…

– Prezidentliyə namizəd olan şəxslər, millət vəkilləri bunu çox gözəl bilməlidirlər ki, “yaxşı olardı” başqa məsələ, qanun başqa məsələdir. Azərbaycan Respublikasının Seçki Məcəlləsində və bu yöndə digər qanunvericilik aktlarının heç birində göstərilməyib ki, prezident seçkiləri dövründə ölkə prezidenti fəaliyyətini dayandırmalıdır. Deməli, ölkə başçısının fəaliyyəti qanunla dayandırılmırsa və yaxud da məhdudlaşdırılmırsa, seçki müddətində o prezident kimi öz fəaliyyətini davam etdirirsə, bu, məhz belə də olmalıdır. Ona görə də bu gün qanunlar belə tələb edir və prosedura belə reallaşır.

– Dövlət qulluqçularının, xüsusilə icraedici orqanlarda çalışan yüksək çinli məmurların, Prezident Aparatı rəsmilərinin kütləvi aksiyalarda iştirakı məsələsi ətrafında da qalmaqal yaşanmaqdadır. Məsələn, sentyabrın 17-də hakim partiyanın keçirdiyi mitinqdə Prezident Aparatı rəsmilərinin iştirakı ilə bağlı bəzi prezidentliyə namizədlər tərəfindən Mərkəzi Seçki Komissiyasına, onun nəzdindəki Mətbuat Qrupuna şikayətlər daxil olub. Sizcə, bu yöndə, iddia edildiyi kimi, hər hansı bir qanun pozuntusu varmı?

– Biz işdən sonra – Prezident Aparatındakı iş fəaliyyətimiz bitəndən sonra ürəyimiz hansı tədbiri istəyirsə, ora gedə bilərik. Başqa məsələ ki, biz gedib o tədbirdə hansı fəaliyyətlə məşğul oluruq. Passiv şəkildə istənilən prezidentliyə namizədin mitinqində, görüşündə, toplantısında iştirak edə bilərik və onun platformasını, onun tərəfdarlarının, vəkillərinin çıxışlarını dinləyib, bununla bağlı mövqeyimizi müəyyənləşdirə bilərik. Ona görə də bunu prezidentliyə namizəd İlham Əliyevin təbliğat kampaniyasında iştirak kimi qətiyyən dəyərləndirmək olmaz və bu cür də dəyərləndirmək düzgün deyil. Biz, sadəcə, həmin tədbirdə passiv şəkildə çıxışlara qulaq asmışıq və mitinqin gedişatına təsir edən heç bir fəaliyyətlə məşğul olmamışıq. Orada nə çıxış etmişik, nə çağırış etmişik, nə də hansısa bir aktiv fəaliyyət ortaya qoymuşuq.

– Ümumiyyətlə, bu məsələ birinci dəfə deyil ki, gündəmə gəlir. Bundan öncəki seçkilər zamanı da yüksək rütbəli dövlət qulluqçularının, məmurların, Prezident Aparatı rəsmilərinin əsasən hakimiyyətin namizədinin aksiyalarında yaxından iştirakı məsələsi dəfələrlə dartışılıb. Ona görə belə söz-söhbətlərə, ittihamlara birdəfəlik son qoymaq üçün gələcəkdə müvafiq qanunvericiliyə və yaxud hansısa bir təlimata dəyişikliklər edilə bilərmi?

– Kiminsə cəfəng ideyasının qarşısını almaq üçün biz qanuni haqlarımızdan, hüquqlarımızdan imtina etmək fikrində deyilik və bizim məmurların da bu sahə ilə bağlı qanuni fəaliyyətini məhdudlaşdırmaq fikrimiz yoxdur. Təkrar edirəm, hər bir insanın iqtidarda və yaxud müxalifətdə olmasından asılı olmayaraq, şəxsi həyatı, onun ideyası, düşüncələri, işdən sonra öz vaxtını harada, necə keçirməsi onun şəxsi məsələsidir və heç kim də bunu məhdudlaşdıra bilməz. Ona görə kimsə bu barədə nəsə deyəcəksə, nəsə söyləyəcəksə deyə, bizim insanların, məmurların hüquqlarını pozmaq fikrimiz yoxdur. Məmurlar iş saatı başa çatandan sonra istənilən yerdə qanuna zidd olmayan istənilən fəaliyyətlə məşğul ola bilərlər, bu, onların şəxsi işidir.

– Əli müəllim, bir daha təbliğat-təşviqat mərhələsinin gedişatına qayıtmaq istərdik. Bu mərhələni – arxada qalan təxminən bu 20 günlük müddəti bütövlükdə necə qiymətləndirirsiniz?

– Biz bu mərhələni çox yaxşı və çox müsbət qiymətləndiririk. Məncə, prezidentliyə namizədlər də bununla razıdır. Onların, demək olar ki, hamısının çıxışları televiziyada, radioda, mətbuat səhifələrində gedir, yerlərdə görüşləri keçirilir. Bu görüşlərdə heç kim onlara heç bir maneçilik törətmir, əhali də kifayət qədər bu görüşlərə, tədbirlərə normal şəkildə gəlir, izləyir, kimə səs verəcəyini müəyyənləşdirir və sair. Demək istəyirəm ki, seçki kampaniyasının aparılması üçün lazım olan bütün şərait yaradılıb və bu yöndəki prosedurlar da normal şəkildə həyata keçirilir.

– Seçkiləri boykot edən və Müxalifətin Əməkdaşlıq Mərkəzində birləşən partiyalar şəhərin mərkəzi yerlərindən birində onlara mitinq keçirilməsi və həmin qüvvələrin öz mövqelərini cəmiyyətə çatdırması üçün İctimai televiziyada efir vaxtının ayrılması ilə bağlı aidiyyəti orqanlara müvafiq müraciətlər ünvanlayıblar. Lakin onların bu müraciətləri müvafiq orqanlar tərəfindən müsbət cavablandırılmayıb. Bu baxımdan bilmək istərdik ki, gələcəkdə həmin qüvvələrin müraciətləri nəzərə alına bilərmi?

– Mən hesab edirəm ki, bu insanların, bu qüvvələrin müraciətləri, hansısa tədbir keçirmək istəkləri bu gün ciddi ictimai yük daşımadığına görə buna heç reaksiya verməyinə də dəyməz.

– Necə hesab edirsiniz, boykotçuların seçkilərlə bağlı mövqeyi, qərarları gələcəkdə prezident seçkilərinin yekunlarının beynəlxalq və yerli səviyyədə dəyərləndirilməsinə, qiymətləndirilməsinə hansısa bir təsiri ola bilərmi?

– Bunlar heç bir təsir göstərə bilməz. Əslində, bu insanlar, bu qüvvələr özləri-özlərini boykot ediblər, bunlar heç bir seçkini boykot etmək gücündə, iqtidarında olan qüvvələr deyillər. Bu baxımdan, həmin qüvvələrin özləri, qərarları ciddi ictimai yük daşımadığına, ciddi ictimai əhəmiyyət kəsb etmədiyinə görə ona münasibət bildirməyi də artıq hesab edirəm.

– Əli müəllim, seçki komissiyalarının formalaşdırılması məsələsinə də münasibətinizi bilmək istərdik. Bu məsələ elə parlamentin payız sessiyasının ilk iclasında da gündəmə gətirildi. Konkret olaraq, prezidentliyə namizədlər Fazil Qəzənfəroğlu və Qüdrət Həsənquliyev seçki komissiyalarının təşkili məsələsinə öz iradlarını bildirərək qeyd etdilər ki, bu məsələ birdəfəlik öz həllini tapmalıdır. Məsələn, onlar Müsavat Partiyası üçün Mərkəzi Seçki Komissiyasında (MSK) və digər seçki komissiyalarında nəzərdə tutulmuş yerlərin indiyədək boş qalmasını analoqu olmayan bir hal kimi dəyərləndirdilər. Belə olan təqdirdə, yaxın gələcəkdə və yaxud da seçki gününə qədər bu məsələnin həlli, çözümü mümkündürmü?

– Bəli, mümkündür. Mən düşünürəm ki, bu haqda parlamentdə hansısa bir fikir səslənibsə, deməli, bu məsələ elə parlamentdə də çözüləcək. Şəxsən mən də belə hesab edirəm ki, həmin şəxslərin çıxışları, iradları ədalətlidir.

– Necə düşünürsünüz, ümumiyyətlə, yaxın gələcəkdə seçki komissiyalarının bütövlükdə siyasi qüvvələrin təsir dairəsindən çıxarılması, onların peşəkar məmurlardan, bitərəf şəxslərdən, hüquqşünaslardan, qeyri-hökumət təşkilatları təmsilçilərindən formalaşdırılması variantı qəbul edilə, reallaşdırıla bilərmi?

– Hesab edirəm ki, bu məsələdə ən doğru yol elə budur. Bu baxımdan düşünürəm ki, gec-tez Azərbaycan da dünyanın sivil ölkələrində olduğu kimi, bu yolu seçməlidir və seçki komissiyalarının siyasətsizləşdirilməsinin, seçki komissiyalarının tam müstəqilləşməsinin reallaşdırılması istiqamətində müvafiq addımlar atılacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO