Son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 11 dəfədən çox artmışdır. Ölkəmizdə müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilmişdir. Təkcə 2012-ci ildə 38 tibb müəssisəsi fəaliyyətə başlamışdır. Xüsusilə əlamətdardır ki, onların böyük bir qisminin açılışında dövlət rəhbəri şəxsən iştirak etmiş və öz xeyir-duasını vermişdir. Bu sahədə işlər bu il də davam etdirilir. Hazırda 69 səhiyyə obyektində təmir-tikinti işləri aparılır. Onlardan 50-nin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səhiyyə naziri Oqtay Şirəliyev deyib.
“Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına indi Bakı Sağlamlıq Mərkəzində, Sumqayıt şəhər 1 nömrəli xəstəxanasında, Abşeron, Ağcabədi, Ağsu, Cəlilabad, Yevlax, Astara və Lənkəran mərkəzi rayon xəstəxanalarında tikinti və əsaslı təmir işləri aparılır. Bundan əlavə, elə bu günlərdə ana və uşaqların müalicəsi və reabilitasiyasını həyata keçirən Elmi-Tədqiqat Pediatriya, Mamalıq və Ginekologiya institutlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Bütün bunlar paytaxtda və bölgələrdə tibb xidmətinin səviyyəsini yüksəltmək üçün geniş imkanlar açır.
Səhiyyə sahəsində həyata keçirilən Dövlət proqramları da artıq öz bəhrəsini verir. Ana və uşaq sağlamlığı üzrə Proqramın icrası sahəsində ölkəmizdə uşaq və ana ölümü göstəriciləri son illərdə dinamik şəkildə ilbəil azalır. Ana ölümü əmsalı 34,2-dən 14,9-a enmiş, körpə ölümü göstəricisi 12,7-dən 10,8-ə azalmışdır. Bu nəticələr bizim üçün çox əhəmiyyətlidir. Çünki bu rəqəmlər həm səhiyyənin inkişafı göstəricisidir, eyni zamanda, hər bir ananın və hər bir körpənin həyatı əvəzolunmazıdır”, deyə nazir çıxışında deyib.
Şirəliyevin sözlərinə görə, ölkə səhiyyəsində strateji əhəmiyyət daşıyan sahələrdən biri də qan xidmətinin inkişafıdır. Azərbaycanda təhlükəsiz donor qanı ilə təminat məsələsi bu gün praktiki olaraq həll edilmişdir. Qan tədarükü 6,8 tondan hazırda 25,9 tonadək artmışdır.
“Bütün dünyada olduğu kimi, Azərbaycanda da şəkərli diabet xəstəliyi aktual problemdir. 180 min xəstənin dərmanlarla özünənəzarət vasitələri – qlükometr və test sistemləri ilə dövlət hesabına təmin edilməsi, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlərin, o cümlədən uşaqların reabilitasiyası üçün yaratdığı imkanların nəticəsi olaraq həmin xəstəlikdən ölüm göstəricisi üç dəfə azalmışdır. Onkoloji xəstələr də daim diqqət mərkəzində saxlanılır. Bu xəstəliklərdən əziyyət çəkən uşaqlara xidmətin yaxşılaşdırması məqsədilə ötən il Milli Onkologiya Mərkəzinin uşaq klinikası istifadəyə verilmişdir. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların da müalicəsi indi tam həcmdə dövlət hesabına təmin olunur. Xüsusilə əlamətdardır ki, ölkəmizdə yaradılmış 27 hemodializ mərkəzindən 20-si bölgələrdə fəaliyyət göstərir. Bu da xəstələri həftələrlə bir neçə dəfə Azərbaycanın müxtəlif yerlərindən Bakıya gəlmək məcburiyyətindən azad edibdir”, deyə İlham Əliyev bildirib.
Nazirin sözlərinə görə, ümumiyyətlə, səhiyyə sahəsində aparılan islahatlar, pullu tibbi xidmətin ləğvi, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəticəsində həm paytaxtda, həm də bölgələrdə dövlət tibb müəssisələrinə müraciətlərin sayı dəfələrlə çoxalmışdır. Səhiyyə ocaqlarında çalışan mütəxəssislərin səviyyəsinin artması da az əhəmiyyət daşımır.
“Ulu öndər Heydər Əliyev kadr potensialının gücləndirilməsinə daim xüsusi önəm verirdi. Onun qabaqcıl klinikalara göndərdiyi həkimlər Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında böyük rol oynamışlar. Ümummilli liderin yolunu bu sahədə də davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, səhiyyə mütəxəssisləri daim təkmilləşməli, dünyada səhiyyə sahəsində yaranan yeni texnologiyalar, diaqnostika və müalicə üsulları barədə biliklərini artırmalıdırlar. Bu məqsədlə yüzlərlə azərbaycanlı həkim həm xarici ölkələrin klinikalarında, həm də Azərbaycana dəvət olunmuş aparıcı mütəxəssislərin keçdiyi təlimlərdə öz biliklərini zənginləşdirirlər. Bundan əlavə, tibb işçilərinin sertifikatlaşdırılması, tibbi təhsildə rezidenturanın tətbiqi kimi tədbirlər də davam etdirilir. Kadr potensialının gücləndirilməsinə yönəldilmiş işlərin nəticəsi olaraq, bu gün dövlət klinikalarında əvvəllər ölkəmizdə müalicəsi mümkün olmayan bir çox ağır xəstəliklər müalicə edilir. Orqan transplantasiyası, kardiocərrahiyyə üzrə çox mürəkkəb əməliyyatlar yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Bu sahədə çox əhəmiyyətli addımlardan biri də bu ildən etibarən həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsidir. Elektron vasitələrdən istifadə olunmaqla keçirilən bu imtahan həm həkimlərin işə qəbulunda şəffaflığı təmin etməyə, həm də onların peşəkarlıq səviyyəsini obyektiv müəyyənləşdirməyə imkan verir.
Qeyd etmək lazımdır ki, informasiya-kommunikasiya texnologiyaları tək bu imtahanda deyil, səhiyyənin digər sahələrində də tətbiq olunur. Elektron səhiyyə sistemi çərçivəsində yoluxucu xəstəliklərin elektron müşahidə sistemi, dərman vasitələrinin dövriyyəsi, təcili tibbi yardım stansiyasının dispetçer xidməti, uşaqlar üçün “Elektron sağlamlıq kartı”, obliqat qruplar üçün “Elektron tibbi müayinə kartı” sistemləri tətbiq edilibdir. Elektron səhiyyə sistemi bütün ölkə üzrə əhalinin sağlamlığı ilə bağlı informasiyanı tez və effektiv təhlil etməyə imkan yaradır. Əhalinin sağlamlığının qorunması sahəsində xəstəliklərin profilaktikası da mühüm əhəmiyyət daşıyır. İndi Azərbaycanda inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, uşaqlar 10 xəstəliyə qarşı peyvənd alırlar. Həm vaksinasiya, həm də digər tədbirlər sayəsində ölkəmizdə epidemioloji stabilliyə nail olunubdur. Bir neçə ildir ki, poliomielit, difteriya, parotit, məxmərək kimi ağır xəstəliklər qeydə alınmır. Profilaktika ilə yanaşı, xəstəlikləri vaxtında aşkarlamaq da çox önəmlidir. Bununla əlaqədar ölkə başçısı xüsusilə qeyd etmişdir ki, hər bir vətəndaş öz sağlamlığının qayğısına qalaraq ildə heç olmasa, bir dəfə müayinədən keçməlidir. İndi bunun üçün hər bir şərait və imkan vardır.
Möhtərəm cənab Prezident, Sizin tövsiyənizi rəhbər tutaraq 2012-ci ilin dekabrında Səhiyyə Nazirliyi tərəfindən “Sağlamlıq ayı” keçirilmişdir. Bu tədbir çərçivəsində ölkənin bütün şəhər və rayonları üzrə bir ay ərzində üç milyona yaxın insan səhiyyə müəssisələrinə dəvət olunmuş və orada hərtərəfli tibbi müayinələrdən keçirilmişlər. Çox əlamətdardır ki, müayinə olunanların 15 faizində, – bu da 400 mindən artıq insan deməkdir, – müxtəlif xəstəliklər ilk dəfə aşkarlanmışdır. Həmin xəstələr müvafiq ambulator və stasionar müalicəyə cəlb olunmuşlar. Vətəndaşların sağlamlığının qorunmasında əhəmiyyətli rol oynayan bu tədbirin müsbət nəticələri, iqtisadi və sosial səmərəsi özünü hələ gələcəkdə göstərəcəkdir. Ümumiyyətlə, əhalinin səhhəti naminə bu gün görülən işlər gələcək nəsillərin sağlamlığına göstərilən qayğıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə siyasətini daim dəstəkləyən tibb işçiləri onu həyata keçirmək üçün bundan sonra da əzmlə çalışacaqlar”, deyə nazir bildirib.