Nizami Cəfərov: Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan mədəniyyətinin intibah dövrü başladı

Ulu öndər Heydər Əliyevin mədəniyyət quruculuğu siyasəti Azərbaycan mədəniyyətinin tarixində xüsusi bir dövrdür. Bu barədə Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

N.Cəfərovun sözlərinə görə, Azərbaycan tarixində çox nadir şəxsiyyətlər, dövlət xadimləri tapmaq mümkündür ki, onların fəaliyyətini Heydər Əliyevin mədəniyyətin inkişafı sahəsindəki fəaliyyəti ilə müqayisə etmək olsun: “11-12-ci əsrlərdə Azərbaycan mədəniyyətində böyük bir inkişaf baş verdi. Ö dövrün dövlət xadimləri mədəniyyətin inkişafına nə qədər böyük diqqət göstəriblərsə, Heydər Əliyevin də bu sahədəki fəaliyyətini elə həmin dövrlə və ya Səfəvilər dövründə Şah İsmayıl Xətainin gördüyü işlərlə müqayisə etmək olar. Yəni Heydər Əliyevin fəaliyyəti bu səviyyələrdə müqayisə edilə bilər”.

Komitə sədri qeyd edib ki, Heydər Əliyevin mədəniyyətin inkişafı sahəsində gördüyü işlər yalnız müstəqillik dövrü ilə bağlı deyil: “Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən Azərbaycan mədəniyyətinin intibah dövrü başlayıb və bunu da səciyyələndirən çoxlu sayda mədəniyyət hadisələri var. Azərbaycan ədəbiyyatına, Azərbaycan incəsənətinin müxtəlif sahələrinə, Azərbaycan dilinə çox böyük diqqət yetirilib, ciddi və davamlı təşkilatçılıq işləri görülüb. Burada bir sıra prinsipləri qeyd etmək olar. Amma bütün bunlar da Heydər Əliyevin fəaliyyətinin ümumi miqyasını əhatə etmir”.

N.Cəfərov vurğulayıb ki, hər şeydən əvvəl, Heydər Əliyevin formalaşdırdığı və müstəqillik dövründə də davam etdirilən mədəniyyət siyasətinin ən mühüm hissəsini indiyənə qədər xalqın yaratmış olduğu mədəniyyətə xüsusi qayğının göstərilməsi təşkil edir: “Yəni tarix boyu Azərbaycan xalqının yaratdığı mədəniyyətin qorunması, təbliğ olunması, klassiklərin xalqa tanıtdırılması istiqamətində müxtəlif tədbirlər və s. keçirilir. Bu çox vacibdir, çünki xalq bəzən yaratdığı mədəniyyəti unuda da bilir. Misal üçün, Dədə Qorqud eposunun yubileyinin keçirilməsini deyə bilərik. Əsrlər boyu bu nəhənglikdə əsər ya unudulub, ya da ortaya çıxandan sonra dövlət tərəfindən qadağan olunub. Amma Heydər Əliyev onu tam səviyyəsi və gücü ilə Azərbaycan xalqına qaytardı. Nizami, Füzuli, Vaqif kimi söz ustadlarının, eləcə də mədəniyyətimizin və incəsənətimizin ən müxrəlif sahələrinə aid abidələrin xalqa tanıtdırılması Heydər Əliyevin mədəniyyət siyasətinin əsasını təşkil edir”.

O, əlavə edib ki, ulu öndər Heydər Əliyevin mədəniyyət quruculuğu sahəsində gördüyü ikinci mühüm iş müasir dövrdə yaşayan mədəniyyət və incəsənt xadimlərinə xüsusi diqqət yetirilməsidir: “Çünki incəsənəti, mədəniyyəti, ədəbiyyatı böyük istedadlar yaradır və yaşadırlar. Heydər Əliyevin dövründə yaşayan bütün mədəniyyət xadimlərinə, istedadlara qayğı göstərilib, onlara mükafatlar verilib, yaradıcılıqlarının inkişafı üçün işlər görülüb, cəmiyyətdə nüfuzları yüksəldilib”.

N.Cəfərovun sözlərinə görə, üçüncü mühüm məsələ isə Azərbaycan mədəniyyətinin müasir şəraitdə həm inkişafı, həm dünyada tanıdılması, həm də dünya mədəniyyətinin Azərbaycanda tanıdılması idi: “Yəni bugünkü bazar münasibətləri şəraitində mədəniyyəti qorumağın prinsiplərinin hazırlanması da çox mühüm məsələdir. Çünki müasir dövr tamamilə fərqli iqtisadi münasibətlər sistemində özünün yeni prinsiplərini diqtə edir. Azərbaycan mədəniyyətinin buna uyğunlaşdırılması, müasir dünya ilə ayaqlaşa bilməsi üçün prinsiplərin işlənib həyata keçirilməsi də Heydər Əliyevin mədəniyyət quruculuğu siyasətinə məxsusdur”.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO