Qara dəniz-Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondun eksperti Valentina Albunun müəllifliyilə “Nine O’clock” qəzetinin 1-3 mart 2013-cü il tarixli nömrələrində Azərbaycanla bağlı məqalə dərc edilib.
Azərbaycanın Rumıniyadakı səfirliyindən Trend-ə verilmiş məlumatda deyilir ki, müəllif məqaləsində “Odlar yurdu” Azərbaycan haqda gördüklərini və kəşf etdiklərini paylaşıb.
Müəllif qeyd edib ki, Azərbaycanın siyasi xəritəsi Avropanın siyasi xəritəsi qədər maraqlıdır. Görüntü baxımdan qartal şəkli almış ölkənin ərazisinin Naxçıvan adlı bir hissəsi əsas ərazidən qopmuş vəziyyətdədir. Naxçıvan anklavı ilə Azərbaycanın əsas ərazisi arasında Ermənistan dövləti yerləşir. Maraqlıdır, Cənubi Qafqazdakı ölkələrin sərhədlərinin bu şəkildə çəkilməsi və müəyyənləşdirilməsi hansı zərurətdən irəli gəlib? Bir ölkə öz ərazisinin bir hissəsi ilə niyə sərhədlərini ayırmalıdır?
“Sonradan mənə məlum oldu ki, 1918-ci ildə o vaxta kimi heç bir dövlət quruluşuna malik olmamış ermənilər üçün Çar Rusiyasının dəstəyi və himayəsi ilə Naxçıvanı Azərbaycandan ayıran Ermənistan Respublikası yaradılmışdır. Bu uğurlu səyləri ilə Çar Rusiyası ermənilərin qəlbini fəth etmiş, Azərbaycanı isə əlacsız işğal faktoru ilə qarşı-qarşıya qoymuşdur. Təəssüf ki, yerlilərin dili ilə desəm “gəlmələr”in Azərbaycanla hesabları bununla kifayətlənməmiş, 1991-ci ildə elan olunmamış müharibə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ daxil olmaqla torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunmuş, 1 milyon qaçqın və məcburi köçkünlə ağır vəziyyətə düşmüşdür. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, Azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qərar və sənədlərinin tələblərinin hələ də yerinə yetirilməməsi Azərbaycanı ciddi narahat edir. Beynəlxalq ictimaiyyət, xüsusən Avropa Azərbaycanın üzləşdiyi ağır vəziyyətə laqeyd yanaşmamalıdır” – məqalədə bildirilib.
Valentina Albu məqaləsində sual edib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri uzunmüddətli sülhün açarı olan və dünyada hüquqi öhdəlik daşıyan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qətnamələrinin tələblərinin yerinə yetirilməsini görəsən niyə yubadır?
“Bu arada, həm də, ABŞ-ın sabiq prezidenti Corc Buşun bir vaxtlar İraqda kütləvi qırğın silahlarının olduğunu iddia edərək, sözügedən ölkəyə ABŞ tərəfindən müdaxilə üçün BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırmasını, təcili qətnamə qəbul etdirməsini, elə növbəti gün artan təhdidin qarşısının alınması üçün qətnamənin icrasını həyata keçirməsini xatırlamamaq mümkün deyil. İraqa beynəlxalq müdaxiləsinə əsas verən qətnamənin icrası yubanmadı. Həqiqətən, C.Buş ordusu İraq torpaqlarına doluşdu və Sezar kimi bura “gəldi və fəth etdi” amma nüvə silahının heç bir əlamətini “gör”mədi. Beynəlxalq hüquqa hörmətsizlik bu qədər adiləşibsə və ya başqa sözlə desək beynəlxalq hüquq bu gün açıq-aşkar böyük dövlətlərin cinayətlərini leqallaşdırmaq üçün mövcuddursa, bu tendensiya ümumiyyətlə dünyada partlamağa hazır bomba kimi digər münaqişələrin və təhdidlərin meydana çıxmasına səbəb ola bilər. Yəni bu zəncirvari reaksiya kimi sülh və təhlükəsizliyə növbəti hədələlərlə müşayiət oluna bilər. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqda əksini tapan prinsiplərlə həllinin uzadılması bir növ Azərbaycanı narahat etsə də, 20 ildir münaqişənin həllinə vasitəçilik edən Fransa, Rusiya və ABŞ kimi qlobal iştirakçıları da ciddi düşündürməlidir. Məsələdə Azərbaycan rəhbərliyinin tutduğu birmənalı mövqe də diqqətdən yayınmır. Azərbaycan regionda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Məgər buna ehtiyac varmı ki, həqiqətən?” – deyə müəllif əlavə edib.
Qara dəniz – Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondun eksperti, bununla yanaşı, Azərbaycanın neft ölkəsi olmasından, dünyanın enerji xəritəsində tutduğu mövqedən bəhs edib, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı əhəmiyyətli roldan yazıb.
Azərbaycanın milli-mənəvi və mədəni dəyərlərinə diqqət çəkən müəllif vurğulayıb ki, Azərbaycanın əsas xüsusiyyəti onun tolerantlıq, düşüncə, dialoq və dini əqidə nöqteyi-nəzərindən bir unikal ölkə olmağından ibarətdir.
Ölkəmizin sosial-iqtisadi inkişafına da toxunan müəllif yazıb ki, azərbaycanlıların timsalında mübarizliyi, mərhəməti, sayıqlığı kəşf edib.