Naxçıvan MR İran ilə iqtisadi sahədə əməkdaşlığı artırmaq niyyətindədir

“Ötən illər ərzində Azərbaycanın Naxçıvan Muxtar Respublikası və İran arasında əlaqələr yaxşı səviyyədə idi, lakin mövcud vəziyyət bizi qane etmir. İranla iqtisadi sahədə əməkdaşlığımızı artırmağa hazırıq”. Bu sözləri Naxçıvan MR-in iqtisadi inkişaf naziri Famil Seyidov bu gün İranda “Araz” azad iqtisadi və ticarət zonası təşkilatının direktoru Möhsün Xadim Ərəbbaği ilə görüşündə deyib.

Trend-in İranın IRNA agentliyinə istinadən məlumatına görə, F.Seyidov bildirib ki, Naxçıvan və İran arasındakı əlaqələr mövcud potensiallara uyğun deyil.

Onun sözlərinə görə, Naxçıvan MR və İran arasında ticarət əlaqələrində bəzi maneələr mövcuddur ki, bu maneələr də xüsusilə gömrük məsələləri ilə bağlıdır və bu maneələrin aradan qaldırılması zəruridir.

F.Seyidov Naxçıvan MR və İran arasında ticarət əlaqələrinin inkişafı üçün ciddi əməli işlərin görülməsinin zəruriliyindən danışıb və deyib ki, hazırda Naxçıvan MR-də 450 şirkət iqtisadi fəaliyyətlə məşğuldur.

“Araz” azad iqtisadi və ticarət zonası təşkilatının direktoru M.X.Ərəbbaği bildirib ki, ikitərəfli potensialdan müştərək sərmayələrin yatırılması üçün istifadə olunmalıdır.

O, azərbaycanlıların tarix boyu iqtisadi və ticarət işlərində öndə olduqlarını vurğulayıb və deyib ki, “Araz” azad iqtisadi və ticarət zonasında sərmayə yatırmaq üçün xüsusi güzəştlər tətbiq olunur və əlverişli şərait yaradılıb.

Direktor əlavə edib ki, Naxçıvan və İran arasında iqtisadi əlaqələrin inkişafı qarşısını alan problemlərdən biri iranlılar üçün Naxçıvana gediş-gəlişin viza ilə olmasıdır.

M.X.Ərəbbaği deyib ki, İran sənaye avadanlıqlarının istehsalı sahəsində çoxlu nailiyyətlər əldə edib: “Naxçıvanlı istehsalçılar və sərmayəçilər bizim bu potensialımızdan istifadə edə bilərlər”.

Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri F.Seyidovun başçılıq etdiyi nümayəndə heyəti bu gün İranın “Araz” azad iqtisadi və ticarət zonasında olub və oradakı şəraitlə yaxından tanış olublar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO