Müsavat başqanlığına keçmiş namizəddən İsa Qəmbərə bir sual, bir vəd

Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiyanın keçmiş başqanı İsa Qəmbərə bir sual ünvanlayıb.

S.Əlisoy Trend-ə bildirib ki, İ.Qəmbər suala vicdanla cavab verərsə, siyasi fəaliyyətinə son qoyacaq: “İsa bəy, Hacılıya Müsavat cameəsinin münasibətinin necəliyini çox gözəl bildiyiniz halda, nədən siyasi reytinqinizi zərbə altında qoyaraq, Arif Hacılını müdafiə etdiniz? Vicdanınıza və şərəfinizə and içərək desəniz ki, Hacılı seçkiləri halallıqla udub, cümlə Azərbaycan xalqının qarşısında şəxsinizdən üzr istəyərək, siyasətdən biryolluq çəkiləcəyimi bəyan edəcəyəm”.

S.Əlisoy həmçinin Müsavat Məclisinin və partiyanın Zəngilan rayon təşkilatının üzvü Rüfət Əliyevin də istefasına münasibət bildirib: “Bu istefa dalğası bütün rayon təşkilatlarını bürüyəcək. Bir müddət sonra Arif Hacılının ətrafında elə Hacılı xarakterli insanlardan başqa heç kim qalmayacaq. Bunlara da elə o lazımdır. Bunlara Hacılıya tebeçilik göstərən insanlardan ibarət kiçik Müsavat Partiyası lazımdır ki, istədikləri kimi idarə etsinlər”.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar.

Müsavat Partiyası Divanı isə bir müddət öncə S.Əlisoyu partiya sıralarından xaric edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO