Müsavat başqanlığına iddialı: Namizədliyimi kiminsə xeyrinə geri götürmək fikrində deyiləm

“Namizədliyimi kiminsə xeyrinə geri götürmək fikrində deyiləm. Avqustun 28-dən sonra yeni Müsavatın konturlarını çızacağıq”. Bunu Trend-ə açıqlamasında Müsavat Partiyası başqanının müşaviri, başqanlığa iddialı Səxavət Əlisoy deyib.

S.Əlisoyun sözlərinə görə, bu gün yalnız yenilənmiş Müsavata ehtiyac var: “Biz çox ciddi şəkildə işləməliyik. Keyfiyyətcə yeni bir tərkibdə Müsavat Partiyasının rəhbərliyi formalaşacaq, o rəhbərlik də oz siyasi xəttini, konturlarını ortaya qoyacaq. Hesab edirəm ki, gələcək fəaliyyət proqramını, strateji taktikaları formalaşdırarkən 90-cı illərdən qalmış metodlardan istifadədən imtina edilməlidir”.

Başqan müşaviri hesab edir ki, artıq siyasi vəziyyətə uyğun, adekvat siyasi mübarizə aparılmalıdır və bu daha çox intellektual müstəvidə getməlidir: “Mən daha çox buna üstünlük verirəm. Bütün dünyada hər hansı bir siyasi partiya təkbaşına ciddi uğur əldə edə bilməyib, uğur əldə etmək üçün mütləq koalisiyalara ehtiyac var. Bu gün Azərbaycan müxalifəti öz enerjisini daxili mübarizəyə sərf edib və hələ də bu oyun anlaşılmaz bir müstəvidə gedir. Nə vaxtsa bu oyun dayanacaq və ondan sonra koalisiya barəsində düşünəcəklər”.

S.Əlisoyun sözlərinə görə, ümumiyyətlə götürdükdə, Azərbaycana təkcə yenilənmiş Müsavata yox, yenilənmiş bir müxalifətə ehtiyac var: “Yəni real, obyektiv öz potensialını düzgün dəyərləndirən və partiya strategiyalarının cizgilərini düzgün cıza bilən yenilənmiş bir müxalifətə ehtiyac duyulur. Hesab edirəm ki, indi var gücü ilə qışqırmaq və yaxud da hansısa piketlər, aksiyalar keçirmək zamanı deyil, çox şüurlu şəkildə, masa arxasında problemlərin həllinə nail olmaq lazımdır”.

AXCP ilə Müsavat Partiyası arasında münasibətlərə toxunan S.Əlisoy qeyd edib ki, AXCP ilə Müsavat arasındakı davanın qarşısını almağın yeganə yolu AXCP ilə Müsavatın birləşməsidir: “Mən hər zaman birləşmənin tərəfdarı olmuşam, yenə də o fikirdə qalıram. Əminəm ki, bir gün Müsavat ilə AXCP birləşəcək. AXCP və Müsavatda birləşməni istəməyən qruplar bir şeyi nəzərə almalıdırlar ki, əgər sən qrup, tayfa davası edirsənsə, siyasi mübarizə aparmaq iqtidarında deyilsən”.

Qeyd edək ki, avqustun 27-də Müsavat başqanlığına namizədlərin təbliğat və təşviqat kompaniyasına start veriləcək. Partiya sentyabrın 27-də VIII qurultayını keçirmək niyyətindədir.

Xatırladaq ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da Müsavat başqanlığına iddialıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO