Mübariz Əhmədoğlu: Sarkisyan xristian faktorunu əsas götürərək Aİ rəhbərliyini Azərbaycana qarşı birgə mübarizə aparmağa vadar edibmiş

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının beş illik yubiley tədbirində (Praqa) çıxışı gözlənilməz deyil, məntiqi addımdır. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, bu, Azərbaycanın xarici siyasətində və dünya erməniliyinə qarşı mübarizədə yeni mərhələnin başlanğıcını qoydu. Effektinə və strateji perspektivinə görə bu çıxışın üç tərkib hissəsi var: “Birincisi, Ermənistan prezidenti Serj Sarkisyan gözlənilməz zərbədən saxta addıma əl atdı. Guya Aİ-nin Şərq Tərəfdaşlığı sammitinin ikinci iclası olub və həmin iclasda prezident S.Sarkisyan yenidən çıxış edib. S.Sarkisyanın belə saxtakarlığa getməsi onu küncə sıxılmasını göstərdi. Digər tərəfdən onun guya ikinci iclasdakı bəyanatı Ermənistan Aİ ilə əməkdaşlıqda təhtəlşüur məqsədini açıqladı: “Mənə indiyədək aydın deyil ki, Ermənistan və Azərbaycan hansı prinsipə görə ümumi tərəfdaşlıqda birləşdirilib. Ayrı imkanlar, ayrı yanaşmalar, ayrı istiqamətlər. Aİ-nin birləşdirici komponentinin işləməməsinin səbəbi də bundadır”. Aİ-nin Şərq Tərəfdaşlığı proqramında Azərbaycan altı dövlətdən yeganə müsəlman dövləti idi. S.Sarkisyan xristian faktorunu əlində əsas götürərək Aİ rəhbərliyini Azərbaycana qarşı birgə mübarizə aparmağa dəvət edib və bunun nəticəsi də görünürdü. Aİ Şərq Tərəfdaşlığı proqramının dörd ili ərzində Azərbaycanla formal, bəlkə də simvolik əməkdaşlıq edirdi. Assosiativ müqavilənin hazırlanmasını məqsədə uyğun hesab etmirdi. Səbəb kimi Azərbaycanın ÜTT üzvü olmamasını göstərirdi. Bu səbəb deyil, bəhanədir. Çünki ÜTT üzvü olmayan Azərbaycanla Aİ üzvləri neft-qaz əməkdaşlığı sahəsində yüz milyard dollarlıq investisiya müqavilələri imzalamışdı. İllik mal dövriyyəsi 6-7 milyard dollar hüdudlarında idi. İndi sübut olundu ki, Avropa komissiyası bu şərti Ermənistanın diktəsi ilə Azərbaycana qarşı irəli sürüb. Aİ-nin Dağlıq Qarabağ tənzimlənməsində ermənipərəstlikdən geri çəkilməməsi də Aİ ilə Ermənistanın Azərbaycana qarşı şərikli oyununun olduğunu sübut edir. Azərbaycan Prezidentinin apardığı siyasət Ermənistan prezidentini bu məsələləri açıb tökməyə vadar etdi. Aİ ilə Ermənistanın şərikli antiazərbaycan siyasətinin mahiyyətini başa düşən Azərbaycanın siyasi rəhbərliyi Vilnüs sammitinə altı ay qalmış inteqrasiya məsələləri üzrə Avropa komissarı, Şərq Tərəfdaşlığı proqramının əsas siması Ştefan Fülenin qısa müddət ərzində assosiativ müqaviləni hazırlamaq təklifini qəbul etmədi. Az keçmiş Azərbaycanın siyasi rəhbərliyi Aİ ilə əməkdaşlığa dair mövqeyini ortalığa qoydu: Əməkdaşlıq olacaqsa, bu hər hansı proqram çərçivəsində deyil, iki tərəfli olmalıdır. Diqqət çəkən məsələlərdən biri də budur ki, Ermənistanla Aİ təkcə Azərbaycana qarşı deyil, həm də RF-yə qarşı birgə fəaliyyət göstərirmişlər”.

M.Əhmədoğlu deyib ki, ikincisi, Azərbaycan Prezidentinin çıxışının məzmunu və məkanı İlham Əliyevin Avropa liderləri üzərində Azərbaycanın maraqları prizmasından psixoloji tarazlıq yaratmaq istiqamətində atdığı addımın göstəricisidir: “Bu vacib komponentdir. Məhz bu səbəbdən təmkinli düşünülmüş siyasi vərdişlərə malik İlham Əliyev “səsinin tonunu” qaldırdı. “Erməni soyqırımı” məsələsi Avropa dövlətlərinin inandığı mövzudur. Türkiyə 100 il ərzində ermənilərin Avropadakı təbliğatını dağıda bilməyib. Əsas səbəbi avropalıların erməni yalanlarına inanmaqda maraqlı olmasıdır. Lakin Türkiyədən fərqli olaraq Azərbaycan tərəfi ermənilərin mentalitetinə və təbliğat imkanlarına daha yaxşı bələddir. Ona görə müstəqillikdən sonra Azərbaycanın ermənilərə vurduğu zərbə Türkiyənin son yüz ildə vurduğu zərbədən daha kəsərli və effektli olub. Yaranmış vəziyyəti düzgün dəyərləndirən İ.Əliyev ermənilərlə bağlı fikirlərinin əsas hədəfi kimi Ermənistanı deyil, sammitdə iştirak edən Avropa dövlətlərinin liderlərini və oradakı siyasətçilərini seçdi. Ona görə də fikrini yalnız Türkiyəyə aid olan məsələ ilə deyil, Türkiyə və Azərbaycana birgə aid olan mövzu ilə başladı; Kəlbəcərin işğalı Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasının əsas səbəbidir. Az sonra sırf Türkiyənin mövqeyinə sahibləndi və təqdim etdi. Azərbaycan Prezidenti Avropa liderlərinə çox aydın, konkret məzmunlu mesajlar verdi. Bu mesajlar xahiş tonallığda deyildi. Bəlkə də tələb tonallığında idi”.

Politoloq qeyd edib ki, üçüncüsü isə, Türkiyə iri dövlət olsa da bir sıra geosiyasi problemlərin məngənəsindən çıxa bilmir. Xarici dövlətlərin antitürkiyə geosiyasəti Türkiyənin daxilindən qaynaqlanır. İndi Türkiyənin daxili vəziyyətinin ən gərgin dövrlərindən biridir: “Türkiyə prezident seçkisi qarşısındadır. İndiki prezident seçkisi epoxal əhəmiyyətli ola bilər. Belə dövrdə Azərbaycan Prezidenti İ.Əliyev Türkiyənin mövqeyini dəstəkləməklə türk xalqına böyük dəstək verdi və onlarda ümid yaratdı. Ehtimal ki, İ.Əliyevin bu çıxışından sonra özünü daha arxalı və daha ümidli hiss edəcək. Daxili problemləri həll etməklə daha aydın geosiyasi prioritetlər formalaşdıracaq. Türkiyə tarixində hətta etnik və dini baxımdan Türkiyəyə yaxın olan heç bir dövlətin başçısı Türkiyə xalqına və dövlətinə belə dəstək verməmişdi. Azərbaycan beynəlxalq aləmdə nəinki öz problemlərini həll edə, hətta Türkiyənin problemlərinin də altına çiynini verə bilər”.

M.Əhmədoğlu bildirib: “Azərbaycan Prezidentinin “erməni soyqırımı” mövzusunda bir qrup Avropa dövlətləri liderinin gözü qarşısında S.Sarkisyana cavab verməsi həm də region qonşularımıza mesajdır. Bu həmin qonşularımız qarşısında Azərbaycanın sanbalını, çəkisini artırdı. Ermənistan prezidenti S.Sərkisyanın Azərbaycan Prezidenti İlham Əliyevə “Türkiyəyə vəkillik etdi” iradı isə ilk növbədə onun özünə və dövlətinə zərərdir. Erməni xalqı Türkiyə xofu altındadır. Azərbaycanla Türkiyənin birliyini nümayiş etdirməklə S.Sarkisyan öz xalqı içində bu xofu daha da gücləndirdi və uzun müddətli etdi”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO