Mübariz Əhmədoğlu: Naxçıvanın eks-klav vəziyyətdən çıxması üçün Zəngəzurun Azərbaycana qaytarılması zəruridir

Rusiya Federasiyası Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsində praktiki mərhələni başlaya bilər. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Serqey Lavrovun Bakıda həmkarı Elmar Məmmədyarovla görüşü, mətbuat konfransında və Azərbaycan Prezidentinin qəbulunda olarkən səsləndirdiyi fikirlərin təhlilindən mühüm nəticələr çıxır: “Əvvəla, Rusiya Azərbaycanı və onun müstəqil siyasət aparmaq bacarığını qəbul edir və bunlara hörmət əlaməti olaraq, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və ya Gömrük İttifaqına dəvət etmir. Əlbəttə, Azərbaycanın bu qurumlara yaxınlaşması Rusiya üçün arzuolunandır. İkincisi, Lavrov Rusiya-Azərbaycan münasibətlərinin müsbət xarakterinin çoxəsrlik tarixini yada saldı və belə münasibətin gələcək nəsillərə ötürülməsini arzuladı. Bu kontekstdən Lavrovun iki ölkə prezidentləri arasında ötən ilin yayında Bakıdakı rəsmi görüşlə yanaşı, qeyri-formal danışıqları yada salması diqqəti çəkir”.

M.Əhmədoğlu qeyd edib ki, Vladimir Putin Bakıda olarkən Azərbaycan-Rusiya münasibətlərinin inkişafının yüksək səviyyəsində Azərbaycanın tarixi problemlərinin də həllinin mümkünlüyünü bildirmişdi. Azərbaycanın tarixi problemləri var, bu tarixi problemlərin həllinin ardıcıllığı Rusiya və Azərbaycandan müxtəlif görünə bilər. Lakin bizim üçün tarixdən qalma ən aktual problemlər Ermənistanla əlaqəlidir: “Azərbaycan Respublikasının coğrafi cəhətdən bütövləşməsi, Naxçıvanın eks-klav vəziyyətdən çıxması üçün Zəngəzurun Azərbaycana qaytarılması zəruridir. Azərbaycanın coğrafi tamlığı geosiyasi proseslərin ortalığa qoyduğu yeni təhlükələrin neytrallaşmasında Azərbaycanın resurslarını dəfələrlə gücləndirəcək. Naxçıvanın eks-klav vəziyyətdə qalması Azərbaycanı iri təhdidlər qarşısında aciz vəziyyətdə qoya bilər. Üçüncüsü, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ardıcıl sürətdə status-kvonun dəyişilməsini tələb edir. Bakıdakı açıqlamalarında bir az da irəli gedərək tənzimləmədə praktiki addımların başlanmasının zəruriliyini bildirdi. O, tənzimləmə addımlarının ardıcıllığına istinad etdi. Ermənilər blef tarixindən başqa bir şeyə malik deyillər. Real tarixləri qorxaqlıqdan ibarətdir”.

Onun fikrincə, Rusiya ermənilərə Dağlıq Qarabağın statusunun Dağlıq Qarabağın erməniləri və azərbaycanlıları tərəfindən müəyyən olunacağının təminatını verə bilər: “Dağlıq Qarabağın statusunun Dağlıq Qarabağın erməni və azərbaycanlılarının birlikdə iştirakı ilə həll edilməsi Yenilənmiş Madrid Prinsiplərinin tələbidir. 2009-2013-cü illərdə ATƏT-in Minsk qrupu həmsədr ölkə prezidentlərinin imzaladığı sənədlərdə statusun bu qaydada müəyyən olunması da öz əksini tapıb. Bu sənədlərdə ilkin addım kimi Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana qaytarılması nəzərdə tutulub. Statusun müəyyən olunması sonrakı addımdır. Ermənilər isə əvvəlcə statusun müəyyən olunması adı altında Dağlıq Qarabağ ermənilərinə müstəqilliyin verilməsini tələb edirlər, sonra isə ətraf rayonların Azərbaycana qaytarılmasını müzakirə edə biləcəklərini bildirirlər”.

Mərkəzin direktoru qeyd edib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması Dağlıq Qarabağ tənzimlənməsində praktiki addımların başlanmasını diktə edir: “Çünki Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı məkanında istehsal olunan məhsulların Ermənistan vasitəsi ilə Dağlıq Qarabağa daxil olmasına ermənilər ciddi cəhd edəcəklər. Dağlıq Qarabağda alternativsiz qaz mənbəyi Rusiya mənşəlidir. Rusiya, eləcə də Avrasiya İqtisadi Birliyi məkanının digər dövlətləri praktiki olaraq bu addımların qarşısını almalıdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində kifayət qədər iradəlidir. Dağlıq Qarabağ ermənilərinin hər hansı formada Avrasiya İqtisadi Birliyi məkanından bəhrələnməsinə dözməyəcək. Rusiya Cənubi Qafqazda siyasətini normallaşdırmaq üçün Dağlıq Qarabağ tənzimlənməsinə ciddi ehtiyac hiss edir”.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərinin indiki inkişafı çox məhsuldar və münbit zəmin yaradıb. Bu məhsuldar və münbit zəmində həm zərərli, həm də faydalı toxumlar qısa müddət ərzində yetişə bilər: “Ümid edirik ki, Rusiya Azərbaycanla münasibətlərin normallaşmasında çəkdiyi əziyyətləri, eləcə də Azərbaycanın bu istiqamətdə ardıcıl fəaliyyətini bircə Ermənistandan ötrü batırmayacaq. Ermənistan bu regionda sadəcə Rusiyanın yaratdığı sintetik qurumdur”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO