Mübariz Əhmədoğlu: “Ameria ” şirkətlər qrupunun sahibi Ruben Vardanyanın son aktivliyi də Ermənistanın Rusiyadan uzaqlaşmasına xidmət edir

“Rusiya hesabına milyarderə çevrilmiş erməni, “Troyka dialoq”, “Sberbank”, “Skolkovo” kompaniyalarının rəhbəri olmuş, “Ameria” holdinqinin sahibi Ruben Vardanyan Ermənistanda iqtisadi layihələr reallaşdırmağa başladı. O, həm də Qərbdəki tərəfdaşlarının vəsaitini investisiya formasında Ermənistana cəlb etmək barədə planlara malikdir”. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, R.Vardanyanın rəhbərlik və ya təsis etdiyi strukturları adlandırmasının təkamülü düşüncəsinin istiqamətinin əsas əlamətidir: “Ameria” istənilən adamda “Amerika” assosiasiyasını yaradır. Ermənilər belə söz oyununu özlərinin böyük ağıllarının məhsulu hesab edirlər. Ermənistanın nəqliyyat naziri Dubayda “Rasia” adlı şirkət təsis edib, İran-Ermənistan dəmiryolunun tikintisi üçün pul toplamaqla məşğuldur”.

Onun sözlərinə görə, R.Vardanyan Dağlıq Qarabağın ən iri investorlarından biridir: “Hal-hazırda Dağlıq Qarabağ ermənilərinin demək olar ki, hamısı “Ameriabank”ın yerli filialının girovluğundadır. R.Vardanyanın Dağlıq Qarabağdakı bütün fəaliyyəti Dağlıq Qarabağın teatral dekorasiyaya çevrilməsinə xidmət edir. Özünün qazancı barədə məlumatımız yoxdur. Amma bir şey məlumdur ki, R.Vardanyanın Dağlıq Qarabağdakı iqtisadi fəaliyyəti ermənilərin Rusiyaya yaxınlaşmasına şərait yaratmadı. Dilicanda ingilisdilli beynəlxalq məktəb tikən R.Vardanyan Ermənistanda rus dilinin inkişafına bir sent də ayırmayıb. İngilisdilli beynəlxalq məktəbin tikildiyi dövrdə Ermənistanda rus dilinə qarşı ən kəskin və ən təhqirli kampaniya aparılıb. Bəlkə də onun vəsaiti antirusiya kampaniyasının qızışmasına xidmət edib. Ermənilər Gömrük İttifaqı ilə danışıqların erməni dilində aparılmasında israr edirlər. Qazaxlar və belaruslar isə işçi dilin rus dili olmasına çoxdan razılıq veriblər”.

Politoloq hesab edir ki, “Ameria” şirkətlər qrupunun təsisçisi və rəhbəri R.Vardanyanın Dağlıq Qarabağa investisiya qoymasında əsas ruhlandırıcı amil onun ABŞ-dakı yəhudilərlə əlaqəsinin olmasıdır: “Məhz bu parametrə görə o ABŞ-ın Ermənistandakı layihələrinin irəliləməsində də aktiv iştirak edib. Məhz yəhudi parametrinə görə R.Vardanyan ABŞ-ın Ermənıstandakı səfirliyinin binasının sadəcə səfirlik binası deyil, hərbi baza olması prosesində də iştirak etdi”.

M.Əhmədoğlunun fikrincə, Ermənistanda iri iqtisadi layihələr reallaşdırmağa hazırlaşan R.Vardanyanın fəaliyyətində üç istiqamət aydın görünür: “Birincisi, Ermənistandakı mitinqlər Qərbi narahat edir. Bu mitinqlər Ermənistanı Rusiyaya yaxınlaşdıracaq. Serj Sarksiyanın ikibaşlı oyunlarına son qoyacaq. Ona görə R.Vardanyanı dövriyyəyə buraxdılar. R.Vardanyan Ermənistanın Rusiyaya tərəf deyil, Qərbə tərəf keçməsini təşkil edəcək. Ermənistanın indiki qeyri-müəyyən vəziyyətdə qalması da mümkündür. İkinci istiqamət Ermənistan iqtisadiyyatında struktur islahatlarının aparılmasıdır. Ermənistan iqtisadiyyatı Rusiyayönümlüdür. Rusiyanın payı təxminən 80 faizdir. Bu, Qərbi həmişə narahat edib, müxtəlif iqtisadi müdaxilələrlə Ermənistan iqtisadiyyatında Rusiyanın iştirak payını azaltmaq, Qərbin payını artırmaq istiqamətində müntəzəm cəhdlər ediblər. Ermənistan hökuməti də Qərbin planlarına uyğun olaraq mütəmadi Ermənistandakı iri Rusiya şirkətlərini sıxışdırıb. R.Vardanyan da Ermənistan iqtisadiyyatının indiki strukturundan narazıdır. Bütün dəyişmələrin Rusiyanın Ermənistandakı marağının ziyanına olacağı şəksizdir. R.Vardanyanın islahatlara banklardan başlaması da təsadüfi deyil. Ermənistan bankları Rusiya transfertlərini və digər iqtisadi amillərini Ermənistana daşıyan nasosdur. R.Vardanyan indi bu nasosu öz məqsədlərinə uyğun qurmaq istəyir. Üçüncü parametr R.Vardanyanın Azərbaycandan gələn mesajlara reaksiya verməsidir. R.Vardanyan kifayət qədər emosional maliyyəçidir. Bu prizmadan onun özünü qoruması çox çətin olacaq. Ermənistandakı iqtisadi aktivliyini Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması dövrdə başlaması da onun erməni bicliyinin nəticəsidir. Guya, əhali elə başa düşəcək ki, R.Vardanyanı Ermənistana iqtisadi yardım etmək üçün Kreml göndərib. Bununla da Dağlıq Qarabağda cəzasız qalmış fəaliyyətini Ermənistanda da davam etdirmək istəyir.

Ermənistanın indiki vəziyyəti yalnız Azərbaycanla əlaqələri diktə edir. Erməni xalqı üçün Azərbaycan xalqı ilə əlaqələr qura bilməsindən vacib heç nə yoxdur. Bunun yolu Azərbaycandan üzr istəməkdən keçir. Emosional R.Vardanyan Ermənistanın, erməni xalqının vəziyyətini daha da çətinləşdirir. Özünün kapitalını isə məhv olmuş hesab edə bilər”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO