Mübariz Əhmədoğlu: Ən azı 4 səbəbə görə millətlərin öz müqəddəratını təyinetmə prinsipi Dağlıq Qarabağ tənzimlənməsinə tətbiq edilə bilməz

Ən azı 4 səbəbə görə millətlərin öz müqəddəratını təyinetmə prinsipi Dağlıq Qarabağ tənzimlənməsinə tətbiq edilə bilməz. Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun fikrincə, birincisi “Dağlıq Qarabağ xalqı”, “Dağlıq Qarabağ erməniləri” etnosları, etnonimləri mövcud deyil: “Bu, o deməkdir ki, “Xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipi”nin Dağlıq Qarabağ tənzimlənməsində tətbiqinin subyekti yoxdur. “Dağlıq Qarabağ xalqı” ermənilərin uydurmasıdır. Guya Ermənistan erməniləri ilə Dağlıq Qarabağ ermənilərinin danışdığı dil fərqlidir. Tərkibində fars və türk mənşəli sözlər olan Dağlıq Qarabağ ermənilərinin dili ilə Ermənistan ermənilərinin danışdığı dil arasında fərq 15-20% hüdudlarındadır. Ermənistan erməniləri ilə diaspor ermənilərinin dilləri arasında fərq 80%-dir. Ermənistan erməniləri diaspor erməniləri ilə özlərini eyni millət hesab edirlər. Dilində 15% fərqin olduğu Dağlıq Qarabağ ermənilərini ayrıca etnos kimi təqdim etmək erməni məntiqinə uyğundur”.

M.Əhmədoğlu deyib ki, ikincisi Dağlıq Qarabağ erməniləri Ermənistana birləşmək istəyiblər, müstəqillik onlara yaddır: “Müstəqillik haqqındakı referendum Dağlıq Qarabağın müstəqil dövlət olması üçün deyil, Ermənistana birləşmək üçün aralıq mərhələdir. 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Soveti Ermənistan SSR-in tərkibinə birləşməklə bağlı qərar qəbul edib”.

M.Əhmədoğlu deyib ki, üçüncüsü, Dağlıq Qarabağ ermənilərinin 1991-ci ilin dekabrında azərbaycanlıların deportasiyasından sonra keçirdiyi referendum bir neçə səbəbə görə qeyri-legitimdir. Dördüncüsü isə, Ermənistan SSR Ali Sovetinin 1988-ci il 15 iyun tarixli qərarı ilə Dağlıq Qarabağın Ermənistanın tərkibinə birləşdirilməsinə icazə verilib. Həmin qərar bu günədək ləğv edilməyib: “Bütün bunlara görə vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş Helsinki Yekun Aktının üç prinsipinin (güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, ərazi bütövlüyü, xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetməsi) sırasından xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipi çıxarmalıdırlar”.

Onun sözlərinə görə, “Güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək” prinsipi ilə “ərazi bütövlüyü” prinsipi əsasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ehtimalı zərrə qədər azalmır: “Əvvəla, Ermənistanın destruktiv xarakterli imitasiya siyasəti üçün tənzimləmə prinsiplərinin sayının 2 və ya 3 olmasının qətiyyən fərqi yoxdur. İkincisi, Ermənistanın faydalı hesab etdiyi, dəstəklədiyi əsas prinsip güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək prinsipidir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə Ermənistanın səsləndirdiyi mövqeyinin kontent analizi bunu asanlıqla sübut edir.”Ermənistan yalnız dinc yolla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərəfdarıdır” mövqeyinin başqa izahı yoxdur. Amma tənzimləmə prinsiplərinin sayının üçdən ikiyə azalması vasitəçilərdə, müvafiq beynəlxalq strukturlarda faydalı aktivlik yaradacaq. Xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipi mətbuatda sadəlik xatirinə millətlərin öz müqəddəratını təyinetmə prinsipi adı ilə işlənir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO