Azərbaycanda məhkumların internet vasitəsilə görüntülü ünsiyyət qurması üçün qanunvericiliyə dəyişikliyin edilməsi təklif olunur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Trend-ə bildirib ki, məhkumların qohumları ilə internet vasitəsilə görüntülü ünsiyyət qurması məsələsi gələcəkdə mümkün ola bilər.
“Cəzaçəkmə müəssisələrində nəyə icazə verilib-verilmədiyinə dair qanunverciliklə müəyyən edilmiş konkret siyahı var. İnternetlə görüntülü ünsiyyət məsələsi isə həmin siyahıda yoxdur. Ona görə də bu məsələ yalnız müzakirələrdən və qanuna dəyişiklik edildikdən sonra mümkün ola bilər”, – millət vəkili bildirib.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimiayyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov Trend-ə bildirib ki, məhkumların öz yaxınları və qohumları ilə internet vasitəsilə görüntülü ünsiyyət quraraq əlaqə saxlaması qanunvericiliklə müəyyən olunan məsələ olduğundan bununla bağlı konkret olaraq Cəzaların İcrası Məcəlləsinə əlavə və ya dəyişiklik olunmalıdır.
Nazirliyin yüksək vəzifəli rəsmisi bunun yaxın gələcəkdə mümkün ola biləcəyini istisna etmir.
“Düşünürük ki, cəzaçəkmə müəssisələrində məhkumların internet vasitəsilə qohumları ilə görüntülü əlaqə saxlaması gələcəkdə mümkün ola bilər. Hazırda bununla bağlı beynəlxalq təcrübəni öyrənirik. Mən istisna etmirəm ki, bu nə vaxtsa mümkün olacaq”.
İdarə rəisinin sözlərinə görə, burada bəzi şeylər texniki məsələlərlə də bağlıdır.
“Bu il İKT ili elan olunub. Hazırda bu sahədə dövlət başçısının göstərişi ilə bir sıra tədbirlər də həyata keçirilir. Əlbəttə ki, İKT inkişaf etdikcə, həyatın bir çox sahələrinə, o cümlədən cəzaçəkmə müəssisələrinə də sirayət edəcək”, – Qurbanov qeyd edib.