Ələt-Astara magistralı yolunda dağılan körpünün ətrafında avtomobillərin hərəkəti üçün ikinci alternativ yolun salınmasına başlanılıb. Bu barədə Trend-ə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
O qeyd edib ki, həmin yolun da bu gün axşam və yaxud sabah istifadəyə verilməsi nəzərdə tutulur.
Mürsəliyevin sözlərinə görə, ikinci alternativ yol istifadəyə verildikdən sonra onların biri gediş, biri isə gəliş üçün istifadə olunacaq.
O qeyd edib ki, hazırda magistral yolda avtomobillər normal hərəkət edə bilir.
Mürsəliyev həmçinin qeyd edib ki, uçan körpünün söküntü işləri də davam edir və yaxın 15-20 gün ərzində körpü bərpa olunacaq.
Qeyd edək ki, martın 4-də gecə 02:00-03:00 radələrində ağırtonajlı avtomobillərin hərəkəti nəticəsində Ələt-Astara magistralı yolunun 141-ci kilometrliyində Mişarçay üzərindəki körpünün aşırım tirləri qırılıb. Hadisə baş verəndən sonra minik avtomobilləri üçün alternativ yol verilib.
Körpü 1964-cü ildə inşa edilib. Körpünün uzunluğu 47,9 metr, qabariti isə 9,3 metrdir.