Kürdəmirdə avtomobil yolunun tikintisində dövlətə ziyan vurulması ehtimalı var

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

Trend Palatanın saytına istinadən məlumat verir ki, iclasda dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Ağsu rayon İcra Hakimiyyətinə sosial infrastruktur layihələrinin maliyyələşdirilməsinə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından 2011-2013-cü illər və 2014-cü ilin birinci yarısı üzrə Kürdəmir rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi, dövlət büdcəsindən Bakı şəhər İcra Hakimiyyətinin Məktəbəqədər təhsil müəssisələri və Uşaq evləri İdarəsi üzrə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların, həmçinin dövlət büdcəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsi üzrə audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Kürdəmir rayonunda “Mollakənd-Axtarçı-Öyləqulu avtomobil yolunun tikintisi” obyekti üzrə yerinə yetirilməmiş işlər üzrə ödənişlərin edilməsi, görülən işlərin yararsızlığı və bu kimi digər maliyyə pozuntusu hallarına, nöqsan və çatışmazlıqlara yol verməklə dövlətə külli miqdarda ziyan vurulması ehtimalını nəzərə alaraq, nəzarət tədbiri üzrə yoxlama materiallarının “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin on ikinci abzasının və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun 103 nömrəli fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

Qeyd edilmiş nəzarət tədbirləri üzrə müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiyada, eyni zamanda, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan şəhər 6 nömrəli Mənzil İstismar İdarəsinə ayrılan vəsaitlərin, həmçinin digər mənbələrdən daxilolmaların proqnozlaşdırılması və istifadəsinə dair audit proqramı təsdiq edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO