İşçilərin əmək hüquqlarını özbaşınalıqdan necə qorumaq olar?


İşçilərin əmək hüquqlarını özbaşınalıqdan necə qorumaq olar?

Təəssüflər olsun ki, son dövlər işçilərin onlara tapşırılmış işin öhdəsindən gələ bilməməsi səbəbiylə işəgötürən tərəfindən işdən qovulması hallarına rast gəlinir. Trend-in məlumatına görə, işəgötürənin obyektivliyi gözləmədən qəbul etdiyi bu qərarlarla çoxlu sayda vətəndaş işsiz qalır, onların əmək hüquqları kobud şəkildə pozulur.
Əslində isə əmək qanunvericiliyi belə vəziyyətdə işçilərin attestasiyasının keçirilməsini nəzərdə tutur. Bakı Hüquq Mərkəzi (BHM) hüquq firmasının hüquq məsləhətçisi Fərhad Nəcəfov bildirib ki, işçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi Əmək Məcəlləsinə və “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydaları”na uyğun həyata keçirilir.
F.Nəcəfov bildirib ki, Əmək Məcəlləsində attestasiyanın işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi keçirildiyi nəzərdə tutulub.
Hüquq məsləhətçisininin sözlərinə görə, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər üç ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilərlər:
“Qanunvericilik bəzi kateqoriyadan olan işçilərin attestasiyadan keçirilməsinə qadağa qoyur. Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş, bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), yaşı 18-dən az olan, eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş, kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər attestasiyadan keçirilmir”.
F.Nəcəfov qeyd edib ki, qaydalara görə, müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilməli və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılmalıdır:
“İşəgötürənin əmri ilə attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən ibarət, azı 5 nəfər olmaqla Attestasiya Komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri Attestasiya Komissiyasının üzvü ola bilməz”.
Hüquq məsləhətçisinin sözlərinə görə, komissiyanın üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir:
“Komissiya işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı Attestasiya Komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədəmüvafiqliyi barədə işəgötürənə tövsiyə edə bilər”.
Hüquq məsləhətçisi qeyd edib ki, əmək müqaviləsi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə komissiya tərəfindən müvafiq qərar qəbul edildikdə həmin işçinin əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
Həmçinin işəgötürən Attestasiya Komissiyasının tövsiyəsini nəzərə alaraq, işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər: “Əmək qanunvericiliyi iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsini yolverilməz hesab edir. İşçilərin və iş yerlərinin Attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilərlər. Qanun bu qəbildən olan fərdi əmək mübahisələrinə yalnız məhkəmələrdə baxılmasını müəyyən edir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO