İraq – təhlükəyə addım-addım

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Bu gün Yaxın Şərqdə baş verən bir çox proseslərə diqqət yetirdikdə baş verənlərin, xüsusilə də terrorizmin bir-birinə düşmən olan,lakin toqquşan iqtisadi və siyasi maraqlarını gizlədərək ünsiyyət körpüsü qurmaq arzusunda olan dövlətlərin ən sevimli oyunu olduğunu görmək olar.

Məhz bu qəbildən olan İraqda baş verən son hadisələri, “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının ölkənin bir sıra yaşayış məntəqələrini ələ keçirməsini, İraq ordusunun terrorçular qarşısında aciz qalaraq şəhərləri müqavimət göstərmədən tərk etməsini, kürd muxtariyyətinin terrorla mübarizədə daha aktiv və əzmli olmasını yaxında baş verəcək ciddi dəyişikliklərin siqnalı kimi dəyərləndirmək olar.

Konkret olaraq “İraq və Şam İslam Dövləti” (İŞİD) terror şəbəkəsinə qarşı mübarizəyə gəlincə isə, bunun bir o qədər də asan olmadığı gün kimi aydındır. Ən azından ona görə ki, dövləti və onun suverenliyini təhdid altına alan təşkilatın üzvləri ideoloji baxımdan yeknəsəq deyil.

İŞİD-in tərkibinə gəlincə, burada İraq hökumətinin yürütdüyü siyasətdən narazı digər sünni qrupların – “Nəqşibəndi”, “İnqilabçı Qəbilə Əsgərləri Birliyi” , “Mücahidlər ordusu” qruplaşmalarının və sabiq prezident Səddam Hüseyn zamanında hakim partiya olan, rejimin süqutundan sonra isə qadağan edilən BƏƏS-in (Ərəb Sosialist Partiyası) hərbçilərinin yer aldığını görmək olar.

İŞİD-ə qarşı cihad fitvaları

İŞİD-in aktivləşməsi, təşkilatın ölkədəki şiə müsəlmanları təhdid altına almasından sonra ölkənin tanınmış müctəhidlərindən olan ayətullahül-Üzma Seyyid Əli Hüseyni Sistani və iranlı ayətullah Nasir Məkarim Şirazi İraqdakı şiə müsəlmanlara İŞİD- ə qarşı cihad fitvası verdilər. Məhz bu fitvadan sonra İŞİD-ə qarşı şiə müsəlmanlardan ibarət “Milyoniyyə” (milyonluq) könüllü ordusu toplanmağa başladı.

Könüllü ordusunun isə İŞİD qarşısında aciz olan nizami ordunun yerini dolduracağı inandırıcı deyil. Ayətullahların ölkənin bütövlüyünü və şiə müsəlmanları qorumaq üçün verdiyi fitva əslində ölkənin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Ən azından ona görə ki, Yaxın Şərqdə ən böyük cinayətlər, təəssüf ki, İslam və Allah adı ilə edilir. Digər bir tərəfdən isə, bu, İraqda onsuz da kritik olan məzhəblərarası (şiə-sünni) münasibətlərin alovlanmasına rəvac verəcək.

İraq – kürd muxtariyyəti münasibətləri

İŞİD-in İraqda yenidən gündəmə gəlməsi ilə ilk olaraq Bağdad və Ərbil (kürd muxtariyyətinin paytaxtı) münasibətlərində olan gərginlik öz pik həddinə çatdı.

Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani verdiyi açıqlamalarda baş verən hadisələrdə məhz Baş nazir Nuri Əl Malikinin günahkar olduğunu bildirərək onu istefaya çağırdı. Bərzani bununla yanaşı, artıq yeni dövrün başlandığını və kürd muxtariyyətinin müstəqilliyə hazır olduğunu bildirdi.

Kürd muxtariyyətinin Səddamın süqutundan sonra ən təhlükəsiz bölgə olması və iqtisadi baxımdan mərkəzi hökumətdən demək olar ki, asılı olmaması Bərzaninin sözlərinin ciddi əhəmiyyət kəsb etdiyini düşünməyə əsas verir. Digər bir tərəfdən isə, Ərbilin İraqdan asılılığının ortadan qaldırılması üçün öz pul vahidi “Kuro” adlanan əskinazların çapına hazırlaşması da ciddi məqamlardan biridir.
Baş verənlərin fonunda mərkəzi hökumətdən fərqli olaraq kürd administrasiyasının İŞİD-ə qarşı ciddi mövqe nümayiş etdirməsi Ərbilin Bağdaddan daha möhkəm iradəyə malik olduğunun göstəricisidir və çətin ki, Ərbil qazandığı üstünlüyü əldən versin.

Bu gün Yaxın Şərqdə – Suriya və İraqda baş verən hadisələri izlədikdə tam əminliklə söyləmək olar ki, bu dövlətlər real görünən dəyişikliklərin aparıcı qüvvəsi deyil, tərkib hissəsi olmaqla üz-üzədir.

İraqın ehtimal edilən parçalanması isə sadəcə İraq üçün deyil, eyni zamanda qonşu dövlətlər, o cümlədən Küveyt üçün də real təhlükədir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO