İran Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafında heç bir məhdudiyyət görmürİran Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafında heç bir məhdudiyyət görmür

İran Azərbaycanla bütün sahələrdə, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsində əlaqələri inkişaf etdirməkdə heç bir məhdudiyyət görmür. Bu sözləri İran Prezidentinin birinci müavini İshaq Cahangiri Tehranda səfərdə olan Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşündə deyib.

Trend-in İran Prezidenti Administrasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə İ.Cahangiri qeyd edib ki, Azərbaycan və İran arasında çoxlu tarixi, mədəni bağlılıqlar mövcuddur və bu müştərək bağlılıqlar iki dost və qardaş ölkə arasında əlaqələrin genişlənməsinə yol açır.

O bildirib ki, İran öz xarici siyasətində qonşu ölkələrlə əlaqələrin inkişafına önəm verir: “Qonşu ölkələr arasında Azərbaycanın isə bizim üçün özünəməxsus yeri var”.

İ.Cahangiri iki dost və qardaş ölkə arasında mövcud ticarət əlaqələrinin səviyyəsinin qənaətbəxş olmadığını vurğulayıb və bildirib ki, ticarət əlaqələrinin artırılması üçün əsaslı addımlar atılmalıdır.

Vitse-prezident Azərbaycan Prezidenti İlham Əliyevin İrana son səfərini iki ölkənin əlaqələrində yeni başlanğıc kimi dəyərləndirib və deyib ki, iki ölkənin dövlət başçılarının müzakirələri İran və Azərbaycan arasında əlaqələrin inkişafı üçün əlverişli şərait yaradıb və hər iki ölkənin məsul şəxsləri münasibətlərin inkişafı üçün bundan səmərəli istifadə etməlidir.

Görüşdə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ə.Abbasov, öz növbəsində, İranda keçirdiyi görüşlərin səmərəli və konstruktiv olduğunu vurğulayıb: “Görüşlərdə iki ölkə arasında iqtisadi sahədə əlaqələrin inkişafı üzrə danışıqlar aparıldı”.

O xatırladıb ki, yaxın vaxtlarda Azərbaycan-İran birgə iqtisadi komissiyasının iclası Bakıda keçiriləcək: “Ümid edirik ki, bu iclasdan sonra iki ölkə arasında ticarət əlaqələri daha da inkişaf edəcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO