Hüseyn Cavidin Ev-muzeyinə qiymətli kitablar daxil olub

AMEA Hüseyn Cavidin Ev-muzeyinə Hüseyn Cavidin böyük qardaşı və ilk ana dili müəllimi olan Şeyx Məhəmməd Rasizadəyə məxsus 45-dən çox nadir nüsxə kitab daxil olub.

Muzeydən Trend-ə verilən məlumata görə, kitabların içində ən qiymətli hesab edilənlərdən biri H.Cavidin 1916-ci ildə qələmə aldığı “Şeyda” əsərinin 1925-ci ildə “Bakı fəhləsi” mətbəəsində çapdan çıxmış təkrar nəşridir. 62 səhifədən ibarət, əski əlifba ilə çap edilmiş bu əsər muzeyin qiymətli eksponatları sırasına daxil edilib.

Bundan başqa, kitabların arasında Salman Mümtazın H.Cavidə hədiyyə etdiyi Seyid Əhməd Hafiz İsfahaninin “Tərcibənd” toplusu da var. Kitabın giriş səhifəsində S.Mümtaz öz əl yazısı ilə “Zərif, həssas şairimiz Hüseyn Cavid bəy cənablarına töhfeyi-həqiranəmdir. Tiflis, 3 şəvval, 1331.” yazıb.

“Quran”ın təfsiri, şəriət məsələləri, tibbi biliklərə aid və ən müxtəlif mövzularda olan kitabların bir çoxu, əsasən, XIX-XX əsrlərdə İranda fars və ərəb dillərində çap edilib, həmin dövrdə mədrəsə təhsilində istifadə olunub. H.Cavid özü də bu zəngin ailə kitabxanasının istifadəçilərindən biri olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO