Sakinlərin dincəlmək məqsədilə “piknik” edə bilməsi üçün Bakının müəyyən ərazilərindən istifadə etmək olar. Bunu Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangır Qocayev deyib.
Onun sözlərinə görə, əvvəllər Bakıda insanların “piknik” edə bilməsi üçün bir neçə yer olub.
“Əvvəllər Bakının Bakıxanov qəsəbəsində bir mağara var idi. Oraya qabaqlar “Stepan Razin dağı” deyirdilər. Əvvəllər insanlar oraya, həm də hazırkı “Delfin” hotelinin yerləşdiyi əraziyə gedərdilər. İndi bu yerlərin hamısı ayrı məqsədlər üçün istifadə edilir”, – Qocayev bildirib.
O bildirib ki, əvvəllər dəniz sahilləri ilə yanaşı, insanlar aeroporta gedən yollarda, zeytun sovxozlarının ərazilərində özləri üçün süfrələr aça bilirdilər. Ancaq nizamsız məskunlaşma ucbatından həmin yerlər sıradan çıxıb.
Qocayev hesab edir ki, indi həmin yerləri yenidən yaratmaq elə də asan məsələ deyil. Çünki həmin yerlərdəki insanlar köçürülməli və bu yerlərdə yenidən meşəlik salınmalıdır.
Komitənin şöbə müdirinin sözlərinə görə, belə “piknik” sahələrinin yaradılması üçün Bulvar, Şəhidlər xiyabanı ərazisindən, ya da şəhər daxilindəki bağlardan istifadə etmək olmaz. Bundan ötrü müəyyən qədər şəhərətrafı ərazi lazımdır. Şəhərətrafı ərazilərdə isə demək olar ki, boş yer yoxdur.
“Məncə qurudakı mədən ərazilərində hasilat aşağı düşdükdən və həmin ərazilərdə yaşıllıq salındıqdan sonra oradan bu məqsəd üçün istifadə etmək olar. Ancaq hesab edirəm ki, bu da yaxın gələcəkdə çətin məsələdir”, – Qocayev deyib.
“AzExCo” şirkətinin baş direktoru, memar Rasim Babakişiyev Trend-ə deyib ki, belə ərazilərin olması çox yaxşı olardı. Belə ərazilər olsaydı, insanlar, xüsusilə, aztəminatlı ailələr həmin yerlərə gedərək orada birlikdə dincələ, özləri üçün kabab çəkə, süfrə aça bilərlər.
Lakin memar hesab edir ki, hazırkı dövrdə Azərbaycanda insanlar belə sahələrdən istifadə etməyə hazır deyillər. Çünki belə yerlərdə süfrə açarkən yerə tökülmüş zibilləri də mütləq yığmaq lazımdır.
“Bir müddət əvvəl insanların Gəncədə Göygöl ətrafındakı ərazidən istifadə etməsinə şərait yaratmışdılar. Ancaq 1-2 həftədən sonra oranı bağladılar. Çünki insanlar zibilləri yerə töküb gedirdilər. Ona görə də belə ərazilərdə olarkən əhali mütləq təmizliyə riayət etməli, yeri zibilləməməlidir”, – memar deyib.
O bildirib ki, belə “piknik” sahələri yaradılarsa, orada xüsusi xidmətçilər işləyə və ərazinin təmizliyi ilə məşğul ola bilərlər.