Bu gün Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubleyinə həsr olunmuş “Heydər Əliyev və həmkarlar ittifaqları” adlı dəyirmi masa keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin büstünün qarşısına gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan AHİK sədrinin müavini Aqil Dadaşov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərdən, o cümlədən həmkarlar ittifaqlarına diqqət və qayğısından söhbət açıb. O qeyd edib ki, MDB-də həmkarlar ittifaqları haqqında qanun ilk dəfə Azərbaycanda Heydər Əliyevin təşəbbüsü ilə qəbul olundu. “Heydər Əliyev həmkarlar ittifaqlarının bütün ümidlərini gerçəkləşdirdi”.
Dadaşov qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həmkarlar ittifaqlarına münasibət dəyişdi və həmkarlar ittifaqları inkişaf yoluna qədəm qoydu.
Daha sonra tədbirdə çıxış edən “Azərbaycan” qəzetinin Baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov qeyd edib ki, tədbirin əsas məqsədi ümumilli lider Heydər Əliyevin xatirəsini anmaq və onun Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətləri yada salmaqdır.
Sadıqov Heydər Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi xidmətlərdən danışıb. O qeyd edib ki, Heydər Əliyev ilk dəfə Azərbaycanda hakimiyyətə gələndə Azərbaycan çətin durumda idi, iqtisadiyyatı demək olar ki, çökmüşdü. Lakin Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün sahələrdə yeniliklər başladı, iqtisadiyyat dirçəldi, insanların rifahı xeyli yüksəldi.
Sadıqov qeyd edib ki, sovetlər birliyi dağıldıqdan sonra da Azərbaycan xalqının imdadına Heydər Əliyev çatdı. Həmin dönəmdə ölkədə vəziyyət çox ağır idi, insanların bu gündən sabaha ümidi yox idi.
Lakin Heydər Əliyevin uğurlu siyasəti nəticəsndə Azərbaycan bu ağır durumdan çıxdı, ölkədə vəziyyət sabitləşdi, iqtisadiyyat dirçəlməyə başladı, ölkənin beynəlxalq əlaqələri yarandı.
Sadıqov bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dayanıqlı iqtisadiyyatı olan stabil bir ölkəyə çevrilib, bir çox beynəlxalq təşkilatların üzvü olub, investisiya yatırılan ölkədən investisiya yatıran ölkəyə çevrilib.
Tədirdə çıxış edən digər iştirakçılar da ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdyi xidmətlərdən, uzaqgörən siyasətindən, neft strategiyasından söhbət açıblar.