Hacıqabul rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev aprelin 15-də Rəncbər-Qubalı Baloğlan-“Pir-Hüseyn” Xanəgahı avtomobil yolunun açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev yeni yolun, eləcə də hazırda genişləndirilən və perspektivdə genişləndirilməsi nəzərdə tutulan respublika əhəmiyyətli yolların, həmçinin Hacıqabul-Paşalı-Tağılı avtomobil yolunun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxdı.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, yeni magistralın istismara verilməsi yerli əhali ilə yanaşı, “Pir-Hüseyn” Xanəgahı Tarix-Memarlıq Qoruğuna gələn qonaqların rahatlığını tam təmin edəcəkdir. Əvvəllər sakinlər bu ərazidə torpaq və çınqıl yoldan istifadə etmişlər. Yolun inşasına “Azəryolservis” ASC tərəfindən bir ay əvvəl başlanılmış və işlərin keyfiyyətlə, eyni zamanda, qısa müddətdə görülməsi üçün bütün qüvvələr səfərbər olunmuşdur. Nəticədə rayonun mühüm yaşayış məntəqələrini birləşdirən rahat bir yol ərsəyə gəlmişdir.
Qeyd edildi ki, ümumi uzunluğu 18 kilometr, eni 6 metr olan yol dördüncü dərəcəlidir. Yeni yolun salınması zamanı bütün zəruri yol nişanları qoyulmuş, dayanacaqlar inşa edilmişdir. Yolun Bakı-Tbilisi əsas magistralından Rəncbər kəndinədək olan hissəsi 6,5 kilometr, Rəncbər kəndindən Qubalı Baloğlan kəndinə olan hissəsi 5,5 kilometr, Qubalı Baloğlan kəndindən “Pir-Hüseyn” Xanəgahı Tarix-Memarlıq Qoruğuna olan hissəsi isə 6 kilometrdir. Yeni yol Rəncbər-Qubalı Baloğlan kəndlərinin 6500-dən çox sakininə xidmət edəcəkdir.
Prezident İlham Əliyevə respublika əhəmiyyətli digər yollarda aparılan işlər, həmçinin genişləndirilən və perspektivdə genişləndirilməsi nəzərdə tutulan yollar barədə də məlumat verildi.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Prezidentə Hacıqabul-Paşalı-Tağılı avtomobil yolu barədə məlumat verdi. Bildirildi ki, dördüncü dərəcəli bu yolun ümumi uzunluğu 37 kilometrdir. Burada əsaslı təmir işlərinə ötən ilin avqustunda başlanılmışdır. Yolun 10 kilometri artıq istismara hazırdır. Azərbaycan Prezidentinin 2012-ci il dekabrın 5-də imzaladığı Sərəncamla yolun inşasına 5 milyon manat vəsait ayrılmışdır. Yolboyu müxtəlif diametrli 28 suötürücüsü qoyulmuşdur. Bu ilin avqustunda istifadəyə veriləcək və 7 yaşayış məntəqəsini birləşdirəcək yoldan 6 min sakin istifadə edəcəkdir.
Sonra Prezident İlham Əliyev Rəncbər və Qubalı Baloğlan kəndlərinin sakinləri ilə görüşdü.
Kənd sakini Qənimə İsrafilova göstərdiyi diqqət və qayğıya görə kəndlərin əhalisi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.