Hərbi Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, əvvəlcə mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin Hərbi Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyublar.

Tədbirdə Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan Ümummilli Liderimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, demokratik hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev xüsusi vurğulayıb ki, şərəfli və mənalı ömür yolunun 34 ilini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr etmiş Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanıb. Azərbaycan xalqının ən parlaq simalarından biri olan qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı millətimizin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin təcəssümüdür. Tarixin ən sərt və çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanmış xalqımız, həm də müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb.

X.Vəliyev bildirib ki, ulu öndər Heydər Əliyevin dahiliyi, zəngin idarəçilik təcrübəsi, klassik və çağdaş mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu fenomenal şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdəndir. Ümummilli lider, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

O, diqqətə çatdırıb ki, müstəqil Azərbaycanın mühüm dövlət təsisatlarından biri olan milli prokurorluq orqanları bugünkü vəziyyətdə mövcudluğa və formalaşmasına görə, ilk növbədə, ulu öndər Heydər Əliyev şəxsiyyətinə borcludur. Azərbaycan Respublikasının Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub. Prokurorluğun kollektivi üçün müstəsna əhəmiyyət kəsb edən haldır ki, Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir.

Çıxışının sonunda Xanlar Vəliyev qeyd edib ki, Hərbi Prokurorluğun kollektivi ulu öndərimiz Heydər Əliyev siyasi kursunun davam etdirilməsində, dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunmasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərdə yaxından iştirak etməklə, uğurlu siyasəti daim dəstəkləyəcək.

Mərasim ulu öndərin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO