Görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri “nin təqdimatı olub

Aprelin 30-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, ədəbiyyatşünas alim, Əməkdar Elm Xadimi Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri”nin (5 cilddə) təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, görkəmli ədibin ailə üzvləri, tanınmış elm və mədəniyyət xadimləri iştirak etmişlər.

Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq Mir Cəlal Paşayevi istedadlı yazıçı, böyük müəllim, xeyirxah insan kimi xarakterizə etmiş və ədibin seçilmiş əsərlərinin nəşrini yüksək qiymətləndirmişdir.

Bildirilmişdir ki, “Adiloğlu” nəşriyyatı tərəfindən nəfis şəkildə çapdan buraxılmış beşcildliyin tərtibçiləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və filologiya elmləri doktoru, professor Təhsin Mütəllimov, redaktoru Şəmsəddin Axundov, rəssamı isə Nüsrət Süleymanoğludur.

Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin ömür yolundan və bənzərsiz yaradıcılıq axtarışlarından geniş söhbət açmışdır.

Görkəmli ədibin “Seçilmiş əsərləri”nin hazırlanması üçün əmək sərf edən hər kəsə, xüsusilə də bu kitabların tərtibçilərindən biri olan professor Nərgiz Paşayevaya minnətdarlığını bildirən nazir vurğulamışdır ki, bu, olduqca təqdirəlayiq bir işdir.

Beşcildliyə görkəmli ədibimizin kiçik janrlarda yazılmış əsərləri daxil edilmişdir. Cildlərdəki əsərlərin hər biri ilk dəfə olaraq xronoloji ardıcıllıqla verilmişdir. Hekayələrin və oçerklərin əksəriyyəti vaxtilə əvvəlcə qəzet və jurnallarda dərc edilmiş, sonralar kitab halında çap olunmuşdur. Təbii ki, bu zaman müəllif tərəfindən onların bəzisində az, bəzisində isə çox dəyişikliklər, redaktə xarakterli düzəlişlər aparılmışdır. Hətta bu əsərlər daha sonralar başqa kitablarda təkrar çap edilərkən bəzən müəyyən dərəcədə fərqli olmuşdur. Bəzi əsərlərin adları da dəyişdirilmişdir. Beşcildliyə daxil edilən bütün əsərlərin son variantı əsas götürülmüşdür.

Hekayə janrı Mir Cəlal yaradıcılığında əsas yer tutduğundan dörd cilddə onun hekayələri ardıcıllıqla verilmişdir. Son cilddə isə ədibin yaradıcılığında epizodik xarakter daşıyan janrlar – oçerklər, şeirlər, tərcümələr, xatirələr və felyetonlar yer almışdır. Bütün bunlar görkəmli yazıçının əsərlərinin nəzərdə tutulmuş akademik nəşri üçün də kifayət qədər əsaslı zəmin olacaqdır.

Nazir vurğulamışdır ki, Mir Cəlal Paşayevin 100 illiyinin beş il bundan əvvəl UNESCO səviyyəsində qeyd edilməsi, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürü olmuşdur.

Sonra tədbir iştirakçıları Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən videomateriala baxmışlar.

Təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar çıxış edərək Mir Cəlal Paşayevi görkəmli ədəbiyyatşünas alim, yazıçı və pedaqoq kimi xarakterizə etmişdir. Bildirmişdir ki, Azərbaycan ədəbiyyatşünaslıq elminə böyük töhfələr vermiş Mir Cəlal Paşayev, həm də pedaqoji sahədə fədakarlıqla çalışmış, yüzlərlə tələbə yetişdirmişdir. Bu gün onlar milli ədəbiyyatşünaslıq elmimizin tanınmış simalarıdır.

Vurğulanmışdır ki, Mir Cəlal Paşayev bütün bunlarla yanaşı, həm də yeni Azərbaycan roman janrının yaradıcılarından biri olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə hələ gənclik illərindən Mir Cəlal ailəsi ilə bağlı olduğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, ali təhsilimizin beşiyi sayılan Bakı Dövlət Universitetinin sevimli müəllimi və nüfuzlu professoru kimi xatirələrdə daim yaşayacaq Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olmuşdur. O, həmişə övladları ilə fəxr edirdi. Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.

Qeyd edilmişdir ki, Mir Cəlal Paşayevin işıqlı xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatşünasların əbədi mövzusu olacaqdır.

Tədbirdə akademiklər Abel Məhərrəmov, Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvləri Nizami Cəfərov, Tofiq Hacıyev, professorlar Xalid Əlimirzəyev, Təhsin Mütəllimov, Qəzənfər Paşayev, Nizaməddin Şəmsizadə, Şirindil Alışanlı çıxış edərək Mir Cəlal Paşayevin zəngin ədəbi irsindən və pedaqoji fəaliyyətindən, eləcə də yüksək insani keyfiyyətlərindən danışmış, onunla bağlı xatirələrini bölüşmüşlər.

Qeyd edilmişdir ki, yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn, elə həmin ildə də ilk tədqiqat əsərini yazan Mir Cəlal Paşayevin hekayələri, povest və romanları klassik bədii nümunələr kimi ədəbiyyat tariximizdə layiqli yerini tutaraq, müəllifinə əbədiyaşarlıq qazandırmışdır. Görkəmli ədib Mir Cəlal Paşayev milli ədəbiyyatımızda Mirzə Cəlildən və Əbdürrəhim bəy Haqverdiyevdən sonra Azərbaycan hekayə janrında yaranmış boşluğu öz lakonik hekayələri ilə doldurmuşdur.

Qeyd edilmişdir ki, Mir Cəlal Paşayev kiçik hekayə janrının böyük ustadı olmuşdur. O, yumorla, dolayı yolla siyasi mətləblərin üstünə pərdə çəkməyi ustalıqla bacarmışdır. Hekayələrində Azərbaycan gülüş mədəniyyəti sahəsində ədəbi məktəb yaratmışdır. Mir Cəlal Paşayevin hekayələrinin adlarının cəlbedici olması, təsvirlərin təbiiliyi və canlılığı xüsusi qeyd edilmişdir.

Bildirilmişdir ki, görkəmli alimin yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir. O, Şərq ədəbiyyatını dərindən bildiyi üçün Füzuli yaradıcılığını böyük ustalıqla tədqiq etmişdir.

Diqqətə çatdırılmışdır ki, Mir Cəlal Paşayev həm də əsl müəllim ömrü yaşamışdır. Görkəmli alim-pedaqoqun mühazirələri rəvan və canlı olduğuna görə yadda tez qalırdı. Mir Cəlal Paşayev tələbələrini öz övladları qədər sevirdi. Həmin dövrdə onun qədər elmi kadrlar yetişdirən ikinci bir alim olmamışdır.

Bildirilmişdir ki, Mir Cəlal Paşayev istər əsərlərində, istər ailədə, istərsə də cəmiyyətdə sadə, təvazökar və xeyirxah bir insan olmuşdur. Qəlbi nur mənbəyi olan Mir Cəlal Paşayevin bu insani keyfiyyətlərində bir müdriklik vardı. Çünki onun sadəliyi də, xeyirxahlığı da təbiətindən gəlirdi.

Çıxışlarda Mir Cəlal Paşayevin 5 cilddə təqdim edilən “Seçilmiş əsərləri” yüksək qiymətləndirilmişdir. Vurğulanmışdır ki, dörd illik böyük zəhmətin nəticəsi olan bu əsərlər gənclərin marağına səbəb olacaq və tədqiqatçılar tərəfindən yenidən öyrəniləcəkdir. Bu beşcildlik həm də yaxın gələcəkdə ədibin əsərlərinin 12 cilddə hazırlanması nəzərdə tutulmuş akademik nəşri üçün də dəyərli mənbə olacaqdır.

Vurğulanmışdır ki, Əməkdar Elm Xadimi Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslıq elmi tarixində elə bir cığır açmışdır ki, bu, çağdaş təfəkkürümüzün də əsas sütunu olaraq qalacaqdır.

Kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə və tədbirin iştirakçılarına təşəkkür edən MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva bildirmişdir ki, hər bir xalqın mədəniyyəti onun yazılı ədəbiyyatında özünü göstərir. Mükəmməl yazılı ədəbiyyatı olmayan xalqın mükəmməl mədəniyyəti və tarixi də yoxdur. Yazılı ədəbiyyatı olmayan xalqların dili də rəsmən qəbul edilmir. Bu baxımdan ədəbiyyatın, sözün qüdrəti əvəzedilməzdir.
Professor Nərgiz Paşayeva vurğulamışdır ki, Mirzə Cəlil ədəbi məktəbinin davamçısı, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mir Cəlal Paşayevin zəngin ədəbi irsi böyük həqiqətlərin sonsuz səmimiyyətlə bədii təcəssümünə əsaslanır. O, təməli Mirzə Fətəli Axundzadə tərəfindən qoyulmuş realist Azərbaycan ədəbiyyatının çox görkəmli, istedadlı və sevilən nümayəndələrindən biridir.

MDU-nun Bakı filialının rektoru diqqətə çatdırmışdır ki, təxminən əlli illik bədii yaradıcılığı dövründə Mir Cəlal öz oxucuları ilə həmişə səmimi və obyektiv söhbət aparmış, həyat materiallarını hər cür “kosmetik əməliyyatlardan” uzaq, bütün həqiqətləri, gözəllik və faciələri, sevincli və kədərli tərəfləri ilə canlandırmağı bacarmışdır. Buna görə də Mir Cəlalın sovet dövründə yazılmış əsərləri bu gün də maraq və məhəbbətlə qarşılanır, köhnəlmir və yəqin ki, heç vaxt da köhnəlməyəcəkdir. Onların hər biri yazıldığı zamanın ictimai-siyasi və mənəvi-psixoloji səciyyəviliklərini dəqiqliklə, müfəssəlliklə təcəssüm etdirdiyindən öz tarixinin bədii abidəsi, yadigarı kimi əbədiyaşardır.

Həyatın hikmətini anlamaq və dünyanı dərk etmək üçün çoxlu kitab oxumağın vacibliyini söyləyən Nərgiz Paşayeva demişdir ki, bu beş cilddəki əsərlər də oxuculara çox mətləblərdən xəbər verəcəkdir. Uzun illərdən sonra bu əsərlərin ardıcıllıqla, vahid toplu halında işıq üzü görməsi əslində ədəbi hadisədir. Bu, təkcə Mir Cəlal müəllimin adı ilə bağlı deyil. Bu, həyata doğru gözlə baxmaq istəyən hər bir insan üçün gərəkli mənbədir.

Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafındakı əvəzsiz xidmətlərindən söz açan MDU-nun Bakı filialının rektoru qeyd etmişdir ki, o, cəfakeş bir alim kimi böyük zəhmət hesabına dəyərli elmi əsərlər yazmışdır. Böyük alimin fundamental tədqiqatlarının nəticəsi olan əsərlər bu gün də öz aktuallığını qoruyub saxlayır və dəyərli mənbə kimi gənc tədqiqatçıların köməyinə çatır.

Professor Nərgiz Paşayeva vurğulamışdır ki, əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, Ulu Tanrının mərhəməti sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləmişdir. O, 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil almış və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə daxil olmuşdur. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir.

Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmiş və millətinin övladlarına Azərbaycanın ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsətmişdir. Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.

Nərgiz Paşayeva qeyd etmişdir ki, Mir Cəlal kimi yazıçılar zamanı arxada qoyurlar, onu qabaqlayırlar. Çünki onlar heç bir ölçüyə sığmır, əqidələri naminə hər bir çətinliyə sinə gərirlər. Bu cəhətdən belə qələm adamlarının yaratdığı ədəbiyyat əsl həyat kitabına çevrilir.

Professor Nərgiz Paşayeva qeyd etmişdir ki, Mir Cəlal Şərq ədəbiyyatını nə qədər dərindən bilirdisə, Qərb mədəniyyətinə, incəsənətinə də bir o qədər bələd idi. Ona görə də yazdıqları ilə könülləri fəth edirdi. Onun həyat tərzində, davranışında, insanlara münasibətində ümumbəşərilik özünü göstərirdi. Mir Cəlal Paşayevin yazdığı əsərlər sayəsində qazandığı sevgi əbədidir, əlçatmazdır və heç bir fəxri adla, titulla ölçüyə gəlməz.

Mir Cəlal Paşayevin Mirzə Cəlili bir ədib kimi daha çox sevdiyini söyləyən Nərgiz Paşayeva vurğulamışdır ki, bunun səbəbini illər ötdükdən sonra anladım. Başa düşdüm ki, o, Mirzə Cəlili cəsarətinə, hünərinə, sözün düzünü dediyinə və yazdığına görə sevirmiş.

MDU-nun Bakı filialının rektoru diqqətə çatdırmışdır ki, hər bir xalqın bədii ədəbiyyatı onun taleyini və tarixini tam dəqiqliyi və müfəssəlliyi ilə özündə təcəssüm etdirən bədii abidələrdən ibarətdir. Bütün varlığı ilə xalqına bağlı olan Mir Cəlalın da yaradıcılığında xalqımızın təxminən yarıməsrlik tarixinin müxtəlif mərhələlərindəki ictimai-iqtisadi və mənəvi-psixoloji vəziyyəti, taleyi zəngin həyati faktlar, vüsətli bədii təxəyyül hesabına məharətlə təcəssüm etdirilmişdir.

Sonda Nərgiz Paşayeva kitabın həmtəsisçisi, müəllimi professor Təhsin Mütəllimova təşəkkür etmişdir. Vurğulamışdır ki, onun köməyi olmadan belə sanballı nəşrin hazırlanaraq oxuculara çatdırılması mümkünsüz olardı.

Təqdimat mərasimində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxananın direktoru Kərim Tahirov Mir Cəlal Paşayevin bolqar dilində çap edilmiş “Söyüd kölgəsi” hekayəsinin nüsxəsini Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə və professor Nərgiz Paşayevaya təqdim etmişdir.

Vurğulanmışdır ki, Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri”nin beşcildliyi artıq türkdilli ölkələrin mərkəzi kitabxanalarına göndərilmişdir.

Sonda tədbir iştirakçıları “Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayev” mövzusunda kitab sərgisi ilə tanış olmuşlar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO