Gənclər və İdman Nazirliyi beynəlxalq forumda iştirak etmək istəyənlərə qarşı məhdudiyyətlərin qoyulması məsələsinə aydınlıq gətirdi

Oktyabrın 28-30-da Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumda 115 ölkənin iştirakı bu günə qədər hökumət tərəfindən təsdiqlənib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İştirakçılar 4 kateqoriya üzrə bölünüb. I kateqoriyaya 200 nəfər gənclər siyasəti üzrə məsul nazir və digər yüksək vəzifəli dövlət nümayəndəsi, II kategoriyaya hökumətlər tərəfindən namizədliyi irəli sürülmüş 200 nəfər qeyri-hökumət təşkilatlarının nümayəndəsi, III kateqoriyaya ərizələr əsasında seçilən 200 nəfər gənc, gənclər təşkilatlarının nümayəndəsi və gənclər siyasəti üzrə ekspert, IV kategoriyaya isə 100 nəfər ekspert daxildir.

Avropa Şurası, YUNESKO, BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin gənclər siyasəti üzrə elçisi və Azərbaycan hökuməti tərəfindən təşkil olunacaq tədbirdə öz iştirakını təsdiqləyən rəsmilər sırasında BMT Əhali Fondunun icraçı direktoru Osotimehin Babatunde, BMT İctimai Məlumat Departamentinin rəhbəri Maher Nasser, BMT İnkişaf Proqramının xoşməramlı səfiri Marta Vieyra da Silva, 5 il ardıcıl qadın futbolçular arasında FIFA-nın “İlin oyunçusu” mükafatına layiq görülən dünya şöhrətli oyunçu və digərlərinin adları yer alır.

Dünyanın bir çox ölkələrində böyük marağa səbəb olan Forumla bağlı öz fikirlərini bölüşən gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, dünya ölkələrinin bu foruma yüksək marağı təqdirə layiq haldır.

İ.Babayev bildirib ki, tədbirə ev sahibliyi edən ölkə kimi Azərbaycan üçün bu forumun yüksək səviyyədə keçirilməsi ən ümdə məsələdir: “İştirakçıların sayı ilə əlaqədar onu qeyd etmək istəyirəm ki, hər bir beynəlxalq tədbirdə olduğu kimi, bizim Forumun da əsas təşkilatçısı olan Birləşmiş Millətlər Təşkilatı tərəfindən ölkələr üçün kvotalar – say məhdudiyyəti müəyyən edilib və bu kvotalar bütün ölkələr üçün eynidir. Təəssüflər olsun ki, bəzi KİV-lərdə “Ebola” xəstəliyi olan ölkələrdən iştirakçılara qarşı xüsusi məhdudiyyətlərin qoyulduğu barədə yanlış məlumatlar yayılıb. Biz dinindən, milliyyətindən, irqi mənsubiyyətindən asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vemirik və bütün ölkələrdən qeydiyyatdan keçmiş iştirakçıları qəbul etməyə hazırıq. Problem ondadır ki, bəzi ölkələr ayrılmış kvotadan daha çox namizədlər irəli sürüblər və biz tədbirin şərtlərinə riayət edərək bunun mümkün olmadığını həmin ölkələrin nəzərinə çatdırmışıq”.

Qeyd edək ki, Foruma 41 ölkədən nazirlər, 12 ölkədən gənclər siyasətinə məsul ən yüksək qurumların rəhbərləri (nazir statusunda), 20 ölkədən nazir müavinləri, 42 ölkədən isə şöbə müdirləri qatılacaq. Oktyabrda baş tutacaq Forumda ümumilikdə 700 nəfərin iştirakı gözlənilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO