Gəncədə dövlət sifarişi ilə çoxmərtəbəli yaşayış binaları tikilir

Gəncə şəhərində əhalinin artım sayı nəzərə alınaraq dövlət sifarişi ilə çoxmərtəbəli yaşayış binaları tikilir.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, bu binalar şəhərin Yeni Gəncə yaşayış massivində və Şah İsmayıl Xətai prospekti ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində inşa edilir.

Yeni Gəncə yaşayış kompleksində tikilən 14 çoxmərtəbəli yaşayış binasının tikintisinə fevral ayının sonlarında başlanılıb. Tikilən binalar üçün ümumi ərazinin sahəsi 3,3 hektardır. Burada inşa edilən binalar 9 mərtəbəli olacaq. 920 ailə üçün nəzərdə tutulan binada evlər əsasən 1, 2 və 3 otaqlı olacaq. Qeyd edək ki, hazırda şəhərin Şah İsmayıl Xətai prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində də çoxmərtəbəli binalar tikilir.

“Oranın ərazisi buradan iki dəfə böyük – 5 hektardır. 20-yə yaxın binanın tikilməsi planlaşdırılır. Orada mərtəbələrin sayı 9 yox 12 olacaq. Bu yaşayış binalarından fərqli olaraq orada tikilən binalara mərkəzdə yerləşdiyi üçün binaların alt hissəsində əhalinin ticarətlə bağlı ehtiyacların ödənilməsi üçün birinci ikinci mərtəbələr ticarət obyektləri olacaq”,- Gəncə şəhərinin baş memarı Əli Rüstəmli bildirib.

Layihə rəhbəri Sakit Həsənlinin sözlərinə görə, Yeni Gəncə yaşayış kompleksində tikiləcək binalardan 8-nin bünövrəsi qazılıb və ilkin işlərə başlanılıb. Eyni zamanda üç çoxmərtəbəli binanın özülü qazılır, digər 3 binanın isə bünövrəsinə başlanılacaq.

“Ərazidə abadlıq işləri görüləndən sonra burada avtomobil dayanacaqları, uşaqların oynaması üçün meydançalar düzəldiləcək. Hər bir binada liftlər quraşdırılacaq, hər bir mənzil ayrıca istiliklə təmin olunacaq, otaqlar tam təmir olunub istifadəyə veriləcək”,- layihə rəhbəri Sakit Həsənli deyib.

Binaların inşasında 200 işçi çalışır və 20 ağır texnikadan istifadə olunur. Beton işləri sentyabr ayında başa çatacaq. Ümumilikdə isə 9 mərtəbəli 14 binanın tikintisi bu ilin sonuna yekunlaşacaq.

Yeni Gəncə yaşayış kompleksində bir ədəd yanğınsöndürən və içməli su anbarları da tikiləcək. Bundan başqa burada yaşayan əhalini fasiləsiz işıqla təmin etmək üçün 1600 kilovatlıq transformator da tikiləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO