Fikrət Məmmədov: Öz müqəddəratını təyinetmə prinsipindən separatizmə haqq qazandırmaq üçün istifadə oluna bilməz

Öz müqəddəratını təyinetmə prinsipindən separatizmə haqq qazandırmaq üçün istifadə oluna bilməz. Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov belə hesab edir.

Trend-in məlumatına görə, F.Məmmədov bu gün Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 27-ci sessiyasında çıxışında deyib: “Bu gün dünyada öz müqəddəratını təyin etməyə çalışan millətlər və xalqlar var. Avropada regionlara özlərinin ən mühüm problemlərini həll etməyə imkan verən xüsusi statusun verilməsi nümunələri var. BMT Nizamnaməsinə görə, öz müqəddəratını təyinetmə prinsipi xalqların dövlətin ərazi bütövlüyü çərçivəsində öz ərazilərinin idarə edilməsində iştirakını təmin edir. Bu prinsipdən separatizmə bəraət qazandırmaq üçün istifadə oluna bilməz”.

Nazirin sözlərinə görə, Azərbaycan artıq 20 ildən çoxdur ki, separatizmdən əziyyət çəkir: “Ermənistan Azərbaycan ərazilərinin 20 faizindən çoxunu işğal edib, bir milyon azərbaycanlı məcburi qaçqın və köçkünə çevrilib. Ermənistanın münaqişənin həlli ilə bağlı pozucu siyasəti dinc nizamlanmaya problemlər yaratmağa yönəlib. Bunların hamısı beynəlxalq ictimaiyyətə Ermənistan barəsində ciddi sanksiyalar tətbiq etməyə əsas verir”.

F.Məmmədovun fikrincə, separatizmin və silahlı münaqişələrin baş qaldırmasına, özbaşınalıq və cəzasızlıq hissi yaradan “ikili standartlar”dan da imtina etmək vacibdir: “Azərbaycan birmənalı olaraq Ukraynada və digər qonşu ölkələrdə münaqişələrin siyasi dialoq və beynəlxalq prinsiplər əsasında nziamlanmasını dəstəkləyir. Beynəlxalq hüquqa, həmçinin dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmət kimi əsas normalara uyğun gəlmirsə, silahlı münaqişələri separatçı hərəkətlər və ya siyasi böhranlar vasitəsilə nizamlamaq olmaz. Dövlətlər arasında dostcasına qarşılıqlı münasibətlər və əməkdaşlığa dair normalara ciddi riayət edilməsi və tərəflərin qəbul etdikləri öhdəliklərin vicdanla yerinə yetirilməsi beynəlxalq sülh və təhlükəsizlik üçün son dərəcə əhəmiyyətlidir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO